Nida.az
Anar Axundzadə: "Heydər Əliyev gəldi, yurdunu ucalıqlara qaldırdı"
Bu günlərdə ümummilli lider Heydər Əliyevin vəfatının 11 ili tamam olur. Ötən 11 il ərzində daim Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilən Heydər Əliyev bu gün də anılır, dahi şəxsiyyətin adı hər bir azərbaycanlı tərəfindən qürurla qeyd edilir. Ümummilli lider bir çox müsbət keyfiyyətləri ilə yanaşı, əksər insanların siyasi səhnəyə gəlməsi, onların təcrübəli kadr kimi formalaşmasındakı xidmətləri ilə də yadda qalıb. Belə şəxslərdən biri də sabiq millət vəkili Anar Axundzadədir. Anar Axundzadə ilə söhbətimizdə ümummilli liderlə bağlı olan xatirələri, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan xidmətləri barədə danışdıq:
- Anar müəllim, sizin siyasi fəaliyyətinizin böyük bir hissəsi Heydər Əliyevlə bərabər olub. Maraqlıdır, ümummilli liderlə ilk görüşünüz nə vaxt və hansı situasiyada baş verib?
- Ilk növbədə onu qeyd edim ki, ümummilli liderimizin cahanşümul fəaliyyəti, öz ölkəsi və xalqı üçün gördüyü böyük işlər, bir müsahibə, məqalə və bir kitabla ifadə oluna bilməz. Tale, qismət elə gətirdi ki, ölkəmizin taleyüklü anlarında o böyük insan vətəninə qayıtdı. Mən o dövrdə, yəni 1990-cı ildə Naxçıvan Dövlət Universitetinə yeni qəbul olmuşdum. Bugünki kimi yadımdadır, 22 iyul idi. İldırım sürəti ilə xəbər yayıldı ki, xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvana gəlir. İnsanların gözündə sevinc yaşları və ümid işığı var idi. Hər kəs bir-birini təbrik edir və “qurtulduq” deyə sevinclərini gizlədə bilmirdilər. Mənim 18 yaşım var idi və sanki hər tərəfdən od tutub yanan Azərbaycanımızı bir tərəfdən erməni quldurlarının, digər tərəfdən də ermənipərəst Azərbaycan rəhbərlərinin caynağından qurtarmağa bir xilaskar gəlmişdi. Bəli, xalq yanılmamışdı. Lakin insanların bu arzusunun həyata keçməsi üçün hələ qarşıda daha 3 il var idi. Heydər Əliyevin Naxçıvana gəlişi xalqın böyük coşqusu ilə qarşılandı. Naxçıvan Muxtar Respublikasının hər yerindən insanlar axın-axın gəlirdi. İnsanlar 50 -70 kilometr uzaq rayon və kəndlərdən at ilə, hətta piyada “Əliyev” deyə-deyə o qədər məsafəni qət edərək Naxçıvan şəhərinə-öz Xilaskar Rəhbərinin ziyarətinə axışırdılar. O tarixi günləri hansısa bir müsahibəyə sıxışdırmaq mümkün deyil. O üzdən yalnız, bir söz deyə bilərəm. Heydər Əliyev gəldi, yurdunu ucalıqlara qaldırdı.
- Heydər Əliyev sizin xatirələrinizdə necə qalıb?
- Özümü çox xoşbəxt hesab edirəm ki, Heydər Əliyev
kimi dahi insanla az-çox xatirələrim var. Bir kiçik epizod danışım.
Digər xatirələri inşallah ya kitab şəklində, ya da daha geniş
auditoriyada paylaşarıq. 1992-ci ilin oktyabr ayında Naxçıvan
Dövlət Universitetinin 25 illiyi keçirilirdi. Yubiley tədbirinə
Türkiyədən, İran İslam Respublikasından, Bakıdan mötəbər qonaqlar
qatılmışdı. Öndə Heydər Əliyev cənabları əyləşmişdi. Elə bir
mötəbər məclisdə tələbələr adından mən danışacaqdım. Məndən öncə o
zaman Azərbaycan təhsil nazirinin müavini çıxış etdi və bildirdi
ki, mən Gəncədə, Şəkidə oldum. Bütün Azərbaycan od tutub yanır,
niyə bu Azərbaycan bu gündədir? Onun çıxışından sonra mənə söz
verildi. Mən ilk növbədə qonaqları və Heydər Əliyevi salamladım.
Təbrik çıxışımı etdim və kürsüdən üzümü təhsil nazirinin müavininə
tutub dedim ki, “Azərbaycan ona görə bu gündədir ki, ölkəmizi bu
vəziyyətdən çıxara biləcək şəxs Bakıda öz yerində oturmayıb, o
burda bizim aramızdadır”. Yekun olaraq isə bu şeiri dedim:
Səsimiz titrədir ərzi, ULU Türkün səsidir
O səs aləmdə yayılmış uca Türkün səsidir
Ölməyi əmr edən Ölməz ATATÜRKÜN səsidir
Əliyevdir Atamız, bilməli hər insanımız,
Heydər Babasız yaşaya bilməz Azərbaycanımız !
Salon çox hərarətlə mənim çıxışımı alqışladı. Əslində o alqış mənə yox, dahi insanın adına idi. Ümumiyyətlə, Heydər Əliyev tək mənim yox, bütün xalqın yaddaşında Müstəqil Azərbaycanımızın memarı, xilaskarı olaraq yaşayır.
- Heydər Əliyevdən topladığınız təcrübə sonrakı siyasi həyatda sizə hansı mənada kömək oldu?
-Mən böyük məmnuniyyətlə o dövrü günbəgün paylaşardım. Çox təəssüf ki, bu bir müsahibə olduğu üçün yalnız bəzi məqamları bölüşmək mümkündür. Çünki, Heydər Əliyev kimi dahinin təkcə Naxçıvan dövrü onlarla müsahibəyə sığışmaz. Bəli, elə həmin gündən naxçıvanlılar Heydər Əliyevin yaşadığı ünvana axın-axın ziyarətə gedirdilər. Hər kəs öz məhəbbətin bildirir və xalqı düşdüyü bəladan qurtarmağın tək yolunu onun zəkasında, iradəsində, təcrübəsində görürdülər. 90-cı ilin parlament seçkilərində Heydər Əliyev yekdilliklə həm Azərbaycan Ali Sovetinə, həm də Naxçıvan MR Ali Sovetinə deputat seçildi. Azərbaycanın o zamankı rəhbərlərinin ciddi cəhdlə maneçiliyinə baxmayaraq xalqın iradəsi qalib gəldi. Bu gün qürur mənbəyimiz olan 3 rəngli bayrağımız məhz 1990-cı ilin noyabr ayında Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda qaldırıldı. Azərbaycan öz müstəqilliyinin bərpasının ilk addımlarını o böyük insanın böyük siyasəti nəticəsində məhz Naxçıvandan hiss etməyə başladı. Kommunist Partiyasının ləğv olunması, dövlət orqanlarından sovet sosialist sözünün götürülməsi Ali Sovetin Ali Məclis adlandırılması və digər tarixi qərarlar Heydər Əliyev qətiyyəti sayəsində mümkün oldu. 1991-ci ildə sentyabr ayının 1-də Naxçıvan Muxtar Respublikası sakinləri meydanda gedən ümumrespublika mitinqində Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməyini tələb etdilər və sentyabr ayının 3-də xalqın təkidli tələbi və xahişini nəzərə alıb Heydər Əliyev Muxtar Respublikaya rəhbərlik etməyə razılıq verdi. Heydər Əliyev adı Heydər Əliyev nüfuzu hələ o dövrdə Naxçıvanı dünyaya tanıtmağa başladı. Heydər Əliyev həmçinin “Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir” deyərək qonşu İran -Türkiyə rəhbərləri ilə görüşdə Azərbaycanın problemlərini önə çəkirdi. Təbii istər Ayaz Mütəllibov, istərsə də AXC-Müsavat cütlüyünün hakimiyyətləri Heydər Əliyev təcrübəsindən istifadə etmək əvəzinə ona qısqanclıqla yanaşmaları Azərbaycan adlı məmləkətimizi tamamilə yox olmaq təhlükəsi ilə üz üzə qoydu. Lakin Azərbaycanımızın ziyalıları zamanında Naxçıvana üz tutub Heydər Əliyevdən bu milləti xilas etmək üçün onun ətrafında milyonlarla insanı birləşdirən partiya yaratmasını rica etdilər. Mən şərəf duyuram ki, məhz Yeni Azərbaycan Partiyasının yaranması üçün imzatoplama kampaniyasının iştirakından tutmuş onun təsis konfransı və ilk Siyasi Şuranın iclasında iştirak etmişəm. Həmin iclasda mənim adım YAP-ın Təftiş Komisiyyasına üzv məhz Heydər Əliyevin tapşırığı ilə yazılıb. Bütün bunları nəzərə alaraq qeyd edərdim ki, nəinki mənim Azərbaycan iqtidarinda təmsil olunan hər kəsin bir siyasi akademiyasi var ki, bu da Heydər Əliyev təcrübəsidir.
- Sevindirici haldır ki, Heydər Əliyev kursu uğurla davam etdirilir.
- Əlbəttə , bu gün Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir. Həm daxili, həm də xarici siyasətdə biz bunun təzahürlərini görürük. Azərbaycanın siyasi, iqtisadi və bütün sahələrdə artan uğurları, regionun lider dövlətinə çevrilməsi, dünya səviyyəli möhtəşəm tədbirlərə ev sahibliyi etməsi, ən nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyü, əhalinin rifah halının günü-gündən yaxşılaşması, nəinki paytaxt Bakının, ən ucqar rayonların belə gözəlləşməsi, gənclərə dövlət səviyyəsində göstərilən qayğı əminliklə deməyə əsas verir ki, ölkəmizin tərəqqisi hələ qabaqdadır. Hesab edirəm ki, Azərbaycan durduqca Ulu Öndərimiz xalqımızın qəlbində daima yaşayacaq.
Vasif Həsənli
-
Hadisə19:08
Masazırda evdə uçqun oldu: 1 ölü, 2 yaralı var
-
Elm və təhsil19:00
Qalmaqallı direktor vəzifəyə geri qayıdır? - Agentlikdən AÇIQLAMA
-
Nəqliyyat18:30
16 yolda tıxac var - SİYAHI
-
Nida Xəbər 17:19
Paşinyan “O olmasın, bu olsun”u dinlədi - VİDEO
-
Sosial17:04
Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edildi
-
Sosial16:00
Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial15:36
Azərbaycanda bu internet provayderləri ləğv edilir
-
MDB14:18
Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu