
“Prinsipcə, Yazıçılar Birliyi qurultay keçirməyə hazırdır”. Martın 14-də “media forum” saytına açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu belə deyib.
Ədalət Əsgəroğlu qeyd edib ki, texniki problemlər olmasa, mayın
ortalarında qurultay keçirilə bilər: “Bütün hallarda bu il ərzində
Yazıçılar Birliyinin qurultayı baş tutacaq. Qurultaya yer ayırması
üçün Mədəniyyət və Turizm Nazirliyinə müraciət edəcəyik.
Müraciətimizdə üç yer göstərəcəyik. Yəqin o yerlərdən biri bizə
veriləcək.
Yazıçılar Birliyinin nizamnaməsinə görə, beş ildən bir qurultay
keçirilməlidir. Sonuncu qurultayımız 2004-cü ilin mayında
keçirilib. Ləngimənin səbəbləri var. Bilirsiniz ki, il yarım
Yazıçılar Birliyinin binası təmirdə olub. Altı ay da texniki
problemlərin həllinə gedib. Qurultayın gecikməsinin səbəbi yalnız
budur”.
“Yazıçılar Birliyinin sədri Anar növbəti qurultayda sədrliyə
namizədliyini irəli sürəcəkmi” sualını Ədalət Əsgəroğlu belə
cavablandırıb: “Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsi sədr
seçilməsinə müddət məhdudiyyəti qoymur. Ola bilər ki, Anar müəllim
öz namizədliyini yenidən irəli sürsün. Yəni bu onun haqqıdır. Onun
seçilib-seçilməməsi isə Yazıçılar Birliyinin üzvlərindən
asılıdır”.
Xalq yazıçısı Anar 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin
sədridir.
Publika.Az