Nida.az
“Hərdən onsuz darıxıram...” – Zahid Orucla qeyri-siyasi söhbət - FOTOLAR
İctimai-siyasi proseslərdə onu həmişə ya hadisələrin mərkəzində, ya da iştirakçı, baş verənlərə biganə qalmayan fəal deputat kimi görürük. Söhbət Milli Məclisin bitərəf təmsilçisi, Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucdan gedir. O, qanunverici orqanın aktiv nümayəndəsi kimi ölkəmizdə və dünyada gedən proseslərə mövqeyini bildirir, fikirlərini ifadə edir. Lakin millət vəkilinin fəaliyyətinin görünməyən tərəfləri, siyasətdən uzaq olan hissəsi də var.
Publika.az Sizi “Siyasətsiz siyasətçi” rubrikasında Zahid Orucun gündəlik fəaliyyətinin görünməyən tərəfləri ilə yaxından tanış edəcək.
“Kiminsə işini görüb, vasitəçilik edib rüşvət almamışam”
- Zahid müəllim, necəsiniz?
- Normal... Bilirsiniz, insanın daxili halı təbiətdən, havadan, baş verən hadisələrdən çox asılıdır. Ona görə də əksər hallarda bu sualı cavablandıranda normal sözümü deyirəm. İngilislər belə araşdırma aparıblar ki, insanlar hər gün dəfələrlə yalan danışırlar. Yəni "necəsən" sualına cavab verəndə düz danışmır, olanı söyləmirlər.
- Bəs siz özünüz necə, yalan danışırsınız?
- İnsanın dünyada mövcudluğu yalnız həqiqətin üzərində qurula bilməz. Həkimlər bəzən insanları yalan metodikası ilə müalicə edirlər. Biz özümüz bəzən ağır xəstə olan yaxınlarımıza yalanlarla ümid veririk. Cəmiyyət də belədir. Mən kiminsə işini görərək, hansısa məsələdə vasitəçilik edib rüşvət almamışam. Marketlərə sahib deyiləm, şadlıq evlərim yoxdur. Yanacaqdoldurma məntəqələrinin gəlirləri üzərində qərarlaşmamışam.
- Gədəbəydə başa vurduğunuz uşaqlıq illərinizi necə xatırlayırsınız?
- Ailəmiz 1950-ci ildə Ermənistanın Basarkeçər rayonunun Yarpızlı kəndindən deportasiya olunub. Doğulub boya-başa çatdığım Əlismayıllı kəndində 13 ailə göyçəli idi. Biz özümüzü göyçəli kimi hiss edirdik. Nənəmdən daim Göyçə, İrəvan mahalı, erməni-azərbaycanlı davası haqda sözlər eşidirdik. Onlar çox böyük çətinliklərlə bura pənah gətirmişdilər.
- O cümlədən sizin ailə üzvləriniz də...
- Bəli, atam, anam da Basarkeçər torpağında dünyaya gəliblər. Lakin Abşeronu yox, oranı – Gədəbəyi seçiblər. Ailəmizdə dörd övlad böyüyüb: üç qardaş, bir bacı. Məndən böyük bacı və qardaşım var. Onlar indi Gədəbəydə yaşayırlar. Ailədə yeganə olaraq mən ali təhsil aldım. Bunun da başlıca səbəbi anam olub. Anam təhsilli olmasa da, hesab kitabını çox yaxşı bilir, oxumağın tərəfdarı idi. Kənd qadını kimi bilirdi ki, oxumaq yaxşı şeydir.
“Mənə şiddətli bir yanaşma olub”
- Bildiyimə görə, ananız sizdən oxumağı ciddi şəkildə tələb edirmiş.
- Bəli, anam oxumağımı tələb edirdi. Özü də çox şiddətli formada. Qohum-əqrəbalarımız və yaxın qonşularımız mənim böyüməyimə və oxumağıma dair çoxlu kənd hadisələrini bilirlər. Mənə şiddətli bir yanaşma olub. Döymək şəklində yox, ciddi nəzarət, uşaqlardan seçmə, yükümün onların çiyninə qoyulması, ərköyünlük.
- Yəni həm ailə üzvlərinizin, həm də qohumlarınızın timsalında.
- Özü də mütləq şəkildə. Amma bütün bunlar məni daim stimullaşdırıb. Orta məktəbdə həmişə panama qoymuşam. Hərdən onsuz darıxıram. Bunu 15 ildəki müsahibələrimdə ilk dəfədir deyirəm. Çox istərdim ki, indi də panama qoyum.
- Bəs niyə qoymursunuz?
- Bilmirəm, bəlkə də, cəmiyyətin baxışı...Axı parlament üzvünün bütün mənalarda azadlığı yoxdur. İctimai nəzarətə özünü uyğunlaşdırma...
- Özü də bu, çox güclüdür.
- Bəli, ictimai basqı həddən artıq tələbkardır. Barak Obama bulkanı başı üzərinə qaldırmasını, sonra udub yeməsini, yaxud başını kserokopya etdirməsini çox rahat edir. Çünki cəmiyyətdə dövlət başçısı – vətəndaş münasibətləri elədir ki, bu, onlar üçün adi statistik hadisədir. Amma bizdə bu, qeyri-adidir. Əminəm ki, bu ən azı bir ay sosial şəbəkələrin dartışma mövzusudur, sonra da başqa sahələrin.
Orta məktəbdə yaxşı oxuyurdum, olimpiadaların iştirakçısı idim. 8 il tərifnamələrlə oxumuşam. Amma 1 və 2-ci siniflərdə məktəbə getmək istəmirdim. Anam bunun qarşısını alana qədər min əziyyətdən keçib. Hər dəfə deyir ki, bax onları etməsəydim, bəlkə də, sən oxumazdın. İlk növbədə Tanrıya, anama və müəllimlərimə borcluyam ki, oxudum. Hüquqşünas olmaq istəsəm də, sonradan qərarımı dəyişdim. Məktəbdəki birincilik texniki universitet həyatına da təsir etdi. Sənədlərimi Politexnik İnstitutunun ən prestijli avtonəqliyyat fakültəsinə verdim. Lakin yaxın qohumlarım mənə başqa tövsiyə verdilər və fizika sahəsinə üz tutdum. Həmin fakültəni birincilərdən biri kimi başa vurdum.
Əslində professor olmaq istəyirdim. İkinci kursa qədər bu arzuyla yaşadım. Ancaq gerçəklik bundan ibarətdir – biz zorən diplomat, siyasətçi olduq. İndi öz-özümə sual verirəm ki, 1988-ci ildən sonra keçirilən elə bir aksiya varmı ki, onda iştirak etməyim? Demək olar, bütün aksiyaların iştirakçısı oldum. Sonra partiyalılıq, siyasi yol və beləliklə, bugünkü Zahid Oruc gəlib çıxdı.
“...ruhum da gəncdir, özüm də”
- Milli Məclisdə sizdən 7-8 yaş kiçik deputat var. Nə üçün həmkarlarınız məhz sizi parlamentin ən cavan üzvü adlandırırlar?
- Anar bəy, açığı, mən özüm də bunun şahidi olmuşam. 2000-ci illərin əvvəllərindən gənc parlamentari kimi qanun quruculuğu, ciddi diskussiyalara daxil olanda prosesdə ağırlığı yalnız dediyiniz yaş dövründə hiss elədim. Parlamentdəki baxışlar sisteminə həm buradakı tərkib təsir etdi, həm də, görünür, bir az fəal oldum. Nə qədər süngü ilə yanaşsalar da, aparıcı diskussiyalar içində yer aldım. Sükut edənlər, susan çoxluq şəklində mövcud olanlar bununla barışmasalar da, sonda qəbul etdilər ki, parlament işi fəallıq tələb edir. Görünür, Zahid Orucun fəaliyyətinə qeyd etdiyiniz yanaşma buna görədir. İnsanın ruh yaşı ilə fiziki-bioloji yaşı həmişə fərqlidir. Adam var 70 yaşındadır, amma ən gənc, cavan insanlarla ünsiyyət qura bilir. Həmin adamı elə 35-30 yaşında təsəvvür etmək olar.
- Bəs siz özünüzü neçə yaşınızda hiss edirsiniz: 43, yoxsa..?
- Sualınızın "yoxsa" hissəsinə daha çox köklənirəm. Təvəllüdümün 70-ci illərə aid olmasına baxmayaraq, həqiqət budur ki, bizim gəncliyimiz 90-cı illərin mübarizə dövrünə düşdü. Həmin dövrdə mitinqlərdə tanış olduğum adamların saçlarının ağardığını görəndə bununla barışa bilmirəm. Qarabağ savaşı hətta səngərdə olmayanların da ömrünə öz damğasını vurub. İndi bəzi insanların çoxu ağarmış saçlara qara rəng vururlar. Çünki gənclik dövrünü mübarizə dövründə itirdilər. Hesab edirəm ki, ruhum da gəncdir, özüm də. Mənə gənc demək olar.
- Zahid Oruc bəzi həmkarlarından fərqli olaraq çox sadə, ünsiyyətcil və mehribandır.
- Bir az obrazlı desək, sadə olmayıb nə edəcəksən? Mürəkkəb olmağın önəmi nədir? Süni obraz, özünü ağır göstərmək həmişə iflasla nəticələnir.
- Hər dəfə fikir verirəm: deputat nişanınızı taxmırsınız.
- Deputat nişanımı heç vaxt taxmadım. Bu, daxili halla bağlı deyil. Sadəcə, niyə görəsə onu taxmadım. Deputat nişanından istifadə edənlərin hər birinə hörmətlə yanaşıram. Bir dəfə tədirdə mötəbər insanlardan biri də dedi ki, hə, tanınmağa ehtiyacın olmadığından, deputat nişanını taxmırsan. Cavab verdim ki, yox. Hətta ilk dövrlərdə də nişan taxmadım. Anar bəy, mənə elə gəlir, parlament üzvünün ən mühüm keyfiyyəti zahiri göstəriciləri, libas parametrləri deyil. Bunların da öz yeri var. Amma birinci yerə qoyulacaq əsas şeylər ideyalar, fəaliyyətdir.
“Kostyumu 8 ay əvvəl almışam”
- Kostyumunuz sadə üslubdadır. Nə vaxt almısınız?
- 8 ay bundan əvvəl.
- Geyiminizi tez-tez dəyişmirsiniz.
- Tez-tez dəyişməsəm də, önəm verirəm. Geyimlərimi hər zaman özüm alıram. Məsləhətlərə qulaq asıram, əgər optimaldırsa, tövsiyələrə əməl edirəm.
- Qol saatınız...
- Adi saatdır, bunu mənə doğum günümdə hədiyyə ediblər.
- Əqrəbləri zamanı düz göstərir, yoxsa..?
- Əqrəbləri həmişə 1-2 dəqiqə irəli çəkməyi sevirəm. Çünki sonra düşünürəm ki, hələ 2 dəqiqə yaşanmayıb, bunlar ömrümüzdən keçməyib. Yaxud harasa gedəndə bu da məni çox tələsdirir.
- Ailənizdən danışaq.
- İki övladım var. Böyük övladım oğlandır, artıq xaricdə təhsilinin ilk dövrünə başlayır. Qızımın isə 14 yaşı var, orta məktəbdə oxuyur. Əsas istəyim onlara valideyn kimi borcumu yerinə yetirmək, ədəb-ərkan verməkdir. Gizlətmirəm, qızımı daha çox istəyirəm. Peyğəmbər Əleyhissəlamdan “övladlarınız arasında fəqr qoymaq lazım gəlsəydi, nə edərdiniz” sualını verdikə o, iki dəfə “bunu etməyin, hər ikisinə bərabərlik işarəsi qoyun” demişdi. Yalnız üçüncü dəfə “əgər fərq qoymaq lazım gəlsəydi, qızları seçərdim” demişdi.
“Xanımımla tələbə yoldaşı olmuşuq”
- Həyat yoldaşınız işləyir?
- Bəli, xanımım işləyir. Biz tələbə yoldaşı olmuşuq. Politexnik İnstitutunda bir qrupda oxumuşuq.
- Nə vaxt ailə qurdunuz?
- Bu, təhsildən sonrakı dövrə düşdü. Mən ailə sahəsində son dərəcə mühafizəkaram. 15 il ərzində jurnalistlərə ailəm haqqında son dərəcə xəsisliklə danışmışam.
- Evə alış-verişi edirsiniz? Nəsə alıb gətirməyi xoşlayırsınız?
- Xaricə gedəndə bunu özüm edirəm. Çünki rəsmi səfərlərdə tədbirlərdən sonra buna imkan olur. Amma evə alış-verişi xanımım edir. Bazar ab-havasını, ordakı ruhu yaşamaq istəyirəm. Çünki özünəməxsus aləmdir. Təəssüf ki, bazar ifadəsini çox aşağılamışıq. Halbuki bazar dünyanın hər yerində var. Bu ticarət mühiti özünəməxsus aləmdir. Bir neçə gün bundan əvvəl Berlində idim. Orda bazar günlərində xalq malları sərgisi keçirilir. Ora gedərək işlənmiş malları, “second hand” məhsulları, ucuz qiymətli məhsulları müşahidə etdim. Hiss etdim ki, ordakı mühit çox fərqlidir. Bazara getməyə üstünlük versəm də, çox hallarda buna imkanım olmur. Həmin səbəbdən də bu yük xanımımın üzərinə düşür.
“Bəzən deyiblər, olar müsahibənin suallarını özünüz yazasınız və cavabı da özünüz verəsiniz?”
- Mobil telefonunuzun markası “Nokia 6500”-dur. Səhv etmirəmsə, 2008-ci ilin istehsalıdır, köhnə model.
- 6 ildən çoxdur bu telefondan istifadə edirəm.
- Telefonunuzu tez-tez dəyişməyi sevmirsiniz?
- Əvvəla, hər bir aksessuarın ekonomik və istifadəyə yararlılıq tərəfi var. Mobil telefonlarımın hər ikisi çox keyfiyyətlidir.
- Telefonunuza gün ərzində nə qədər zəng gəlir, 40-50..?
- O qədər zəng təkcə jurnalistlərdən gəlir.
- Özünüz də jurnalist işləmisiniz. 1999-2000-ci illərdə baş redaktor vəzifəsində çalışmısınız. Jurnalistlərlə bağlı ən maraqlı, məzəli xatirəniz?
- Məzəli hadisələr dəfələrlə olub. Məsələn, “nəqliyyatla gedək” layihəmiz olub, sonda bəlli olub ki, kamera bizi çəkməyib, diktofon yazmayıb. Gəlib müsahibə alıblar, sonra bildik ki, diktofon səsimizi yazmayıb. Bəzən deyiblər, olar müsahibənin suallarını özünüz özünüzə yazasınız və özünüz də cavab verəsiniz? Az qalmışam bəzən onların yerinə sualı özüm özümə verim. Hər zaman jurnalistlərlə səmimi, mehriban olmuşam. Çünki sizin dediyiniz kimi, özüm də jurnalist işləmişəm. Heç vaxt jurnalistləri rüşvətlə və başqa vasitələrlə ələ almaq niyyətində olmamışam. Həm də ona görə ki, bir çox hallarda rüşvət vermək imkanlarım olmayıb.
“Allahdan ən çox kitablar, oxu mühiti və yazmaq istəmişəm”
- Allahdan ən çox nə istəyirsiniz?
- Səmimi deyirəm: Allahdan ən çox kitablar, oxu mühiti və yazmaq istəmişəm. Fiziki halım elə yaxşı olsun ki, bunların hamısını edə bilim.
- Məsələn, sonuncu dəfə oxuduğunuz kitab hansıdır?
- Həssas nöqtəyə toxundunuz. On illər ərzində heç vaxt oxuduğum sonuncu kitab haqqında heç nə deməmişəm. Amma mütaliəni hər zaman davam edirəm.
- Belə isə, sonuncu dəfə nə vaxt mütaliə etmisiniz?
- Bir neçə gün bundan əvvəl, sonuncu dəfə xarici səfərdə olanda. Özümlə bərabər kitab götürmüşdüm. Daha çox idarəçilik, detektiv, təhlükəsizlik, məxfi idarəçilik, dövlət təhlükəsizliyi mövzularında kitabları oxuyuram.
Anar Tağıyev
-
Enerji14:18
Azərbaycandan Avropaya qaz ixracı artıb: Ən çox hansı ölkələrə satırıq?
-
Dünya13:34
Ekstrasensdən qorxunc proqnoz: Ölümcül müharibə başlayacaq
-
ABŞ12:38
ABŞ-ın bu yaşayış məntəqəsində seçkinin nəticələri açıqlandı: Kim qalib gəlib?
-
Dünya12:05
Stoltenberqin sovet kəşfiyyatı ilə bağlı əlaqələri üzə çıxdı: Təxəllüsü "Steklov" olub
-
ABŞ11:22
ABŞ-ın növbəti prezidenti məlum oldu: “Simpsonlar”ın PROQNOZU...
-
Dünya09:54
Çin anons etdi: Yeni “gözəgörünməz” gəlir
-
Sosial09:12
MİDA bu ərazilərdə güzəştli mənzilləri satışa çıxarır
-
Hadisə08:46
Azərbaycanda bir bağça 4-cü dəfə yandı: Nə baş verir? - VİDEO