Nida Təhlil
9 il öncəki RAZILAŞMA POZULDU: Bakıdan İrəvana sonuncu QARABAĞ ŞANSI
Ötən həftə Ermənistan 2009-cu ildə Sürixdə Türkiyə ilə imzalanan protokolları ləğv etdi. İrəvan bu addımla Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla sərhədləri bağlayan və protokolların reallaşması üçün “İşğal altındakı Azərbaycan torpaqlarını azad et” şərtini irəli sürən Türkiyədən öz aləmində “qisas alır”. Hərçənd, protokolların ləğvi Ermənistan üçün sonuncu “saman çöpü”nün də sıradan çıxması deməkdir. Çünki işğalçı siyasətinə görə bölgədə blokada vəziyyətinə düşmüş Ermənistan İranı “nəfəslik” olaraq görür. Tehranın apardığı siyasət İrəvanın şanslarının böyük olduğu haqda təsəvvür yarada bilər.
Publika.az bildirir ki, indiki situasiyada bu təsəvvür minimuma enir:
1. Rəsmi Bakı Tehranla təmasları sıxlaşdıraraq,
işğalçı ölkənin mümkün çıxışını uğurla qapadır.
2. ABŞ və İsraillə psixoloji müharibə aparan İran
üçün hazırda Azərbaycan vazkeçilməz faktordur. Bu günlərdə
Tehrandan Bakıya “hərbi əməkdaşlıq” təklifinin gəlməsi də təsadüfi
deyildi. İran bununla həm bölgədəki silah bazarında İsrailin payına
sahib çıxmaq, həm də gələcək toqquşmada Azərbaycanı ən pis halda
neytrallaşdırmaq istəyir. Halbuki, Bakı İrana qarşı heç vaxt
platforma olmayacağını dəfələrlə sübut edib. Buna rəğmən, cənub
qonşumuz narahatdır. Bu baxımdan, İranın Azərbaycana rəğmən
Ermənistanın “dərdinə dərman olacağı” ehtimalı azalır.
İrandan sonra Türkiyə Ermənistanın xilası üçün kiçik bir ehtimal
idi və Sarkisyan bu ehtimalı öz əli ilə masadan qaldırdı. Mümkündür
ki, Ermənistan prezidenti bu addımı seçkiöncəsi xal qazanmaq
məqsədilə atdı, lakin bütün hallarda işğalçı ölkənin mühasirəsi
daha da sıxlaşdı.
Protokolların İrəvan tərəfindən ləğv edilməsi Türkiyənin
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində daha
real addımlar atması imkanını genişləndirir. Çünki Sürix
protokolları daha çox Ermənistanı Rusiya orbitindən çıxarmaq üçün
Qərbin Türkiyə üzərindən atdığı addım idi. Platforma rolunu üzərinə
götürən Ankara bu prosesdən Azərbaycan torpaqlarının azad edilməsi
üçün istifadə etməyə çalışırdı, lakin protokollar Türkiyənin
Ermənistana qarşı daha sərt addımlar atmasını da məhdudlaşdırırdı.
Sarkisyanın protokolları ləğv etməsi situasiyanı dəyişdirdi. Digər
tərəfdən, Türkiyə 2009-cu ildən fərqli olaraq, bu gün Qərblə birgə
hərəkət etmir və Ankranın regionda böyük güc olmaq strategiyası
onun proseslərə daha aktiv müdaxiləsini şərtləndirir. Beləliklə, 9
il öncə qurulan plan kağız üzərindən də silindi və regionda
daşların yerini dəyişdirdi. İndi Türiyənin Azərbaycanla birgə
Qarabağın azad olunması istiqamətində daha aktiv addımlar atması
gözləniləndir.
Ermənistan mediasının Sarkisyanın addımını “protokollar ləğv
olundu, blokada sıxlaşdı, Qarabağda toqquşma daha yaxındır” deyə
şərh etməsi də təsadüfi deyildi.
Çünki Sürix protokollarının ləğvi belə demək mümkünsə, Türkiyənin
“Ermənistanın xilası” üçün götürdüyü öhdəlikləri də aradan
qaldırdı.
Erməni siyasi şərhçi Naira Ayrumyan yazır ki, “Türkiyə Ermənistanla
bağlı siyasətinə yenidən baxacaq”.
Əslində proseslərin inkişaf nöqtəsi
budur: Türkiyə Ermənistanla bağlı siyasətinə
yenidən baxır. Burada Ankara və Bakının Ermənistanla bağlı yeni
planının olması ehtimalı da istisna deyil.
Və bu plan iki hissədən ibarət ola bilər:
BİRİNCİ HİSSƏ: İşğal altındakı
Azərbaycan torpaqlarının azad edilməsi qarşılığında Ermənistanı
regional layihələrə qoşmaq. Baş verənlər Bakı və Ankaranın planın
ilk hissəsinin dövriyyəyə saldığı ehtimalını gücləndirir.
a) Bakı ötən ay Milli Məclisin deputatı Rasim
Musabyovun “arminfo” saytına müsahibəsi ilə Qarabağ münaqişəsinin
ən yaxşı variantla həllini Ermənistan ictimaiyyətinə çatdırdı. Bu,
Azərbaycanın uğurlu gedişi idi və böyük ehtimalla böyük planın bir
hissəsidir. (Oxu: Musabəyovun erməni mediasına sensasiyalı Qarabağ
MÜSAHİBƏSİNİN 5 SİRRİ - Bakının yeni PLANI). Və
görünən budur ki, Bakı bununla münaqişənin sülh yolu ilə həlli üçün
İrəvana son şans verdi.
b) Daha sonra Azərbaycanın xarici işlər naziri
Elmar Məmmədyarov aprel seçkilərindən sonra prezidentlərin
görüşünün mümkünlüyü haqda danışaraq, optimist olduğunu gizlətmədi.
Bu, seçkidən sonra münaqişənin həlli ilə bağlı ciddi addımların
atıla biləcəyindən xəbər verir.
c) Diqqətçəkən məqamlardan biri isə martın 2-də
Gürcüstanın baş naziri Qeorqi Kvirikaşvilinin İrəvana səfər etməsi
və Ermənistanın regional layihələrdə iştirakının mümkünlüyü
haqqında danışması oldu. Bölgədə Türkiyə-Azərbaycan-Gürcüstanın
formatının olduğu məlumdur. O da məlumdur ki, Tbilisinin hazırda
ayaq üstə dayana bilməsinin əsas səbəbkarı heç də NATO, yaxud
Avropa yox, məhz Bakı və Ankaradır. Bu baxımdan, Kvirikaşvilinin
İrəvana səfər etməsi və “Ermənistanın regional layihələrdə
iştirakı” haqqında bəyanatı Bakı və Ankara ilə razılaşdırılmış,
daha doğrusu, Azərbaycan və Türkiyənin istəyinə uyğun atılmış addım
ola bilər. Bununla, İrəvana çıxış yolu göstərilir.
Hesab etmək olar ki, Azərbaycan və Türkiyə prosesə start verib və
hələ ki, işğalçı ölkəyə çıxış yolları təqdim edilir. Əgər
Ermənistan çıxış yolundan istifadə edəcəksə:
- İlk növbədə işğalçı ölkə düşdüyü ağır vəziyyətdən çıxacaq;
- İşğal olunmuş ərazilər güllə atılmadan azad olunacaq;
- Türkiyə Ermənistanı öz orbitinə çəkərək, Cənubi Qafqazda,
ümumilikdə bölgədə yeni güc simasını möhkəmləndirəcək.
Hələlik planın birinci hissəsi dövriyyədədir və böyük ehtimalla
diplomatik cəhdlər nəticəsiz olarsa, ikinci hissəyə keçiləcək.
İKİNCİ HİSSƏ: burada söhbət təbii ki, güc
variantından gedir. Böyük ehtimalla seçkidən sonra tərəflər
arasında təmaslar davam edəcək və Bakı İrəvana son şansı verəcək.
Əks təqdirdə, diplomatlar yox, silahlar danışmalı olacaq...
Və burada sual yaranır: bütün bu prosesdə Rusiya
haradadır?
Rusiyada martın 18-də keçiriləcək prezident seçkilərindən sonra
ABŞ-ın Moskvaya qarşı yeni və daha ağır sanksiyalarının işə
düşəcəyi gözlənilir. Bunun baş verməsi, Rusiyanın içinə qapanması
və regionda daha zəif çıxış etməsi ilə nəticələnə bilər. Mümkündür
ki, Türkiyə və Azərbaycan yaranmış situasiyadan çıxış edərək,
dövriyyəyə yeni plan daxil ediblər. Ərdoğanın Qarabağ məsələsini
iki dəfə qaldırmasına rəğmən, Putinin səssiz qalması da Ankaranın
Rusiyadan kənar hərəkət etmək qərarına gəldiyi ehtimalını önə
çıxarır. Proseslərin inkişafı seçkidən sonra regionda yeni
addımların atılacağından xəbər verir. Təbii ki, Rusiyanın da
oyundan kənarda qalmaq istəməyəcəyi məlumdur, lakin Qarabağ
ətrafında yeni proseslərin baş verəcəyi şübhəsizdir.
Asif Nərimanlı
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...