Ağrı Qaradağlı: “İran şiəliyi inanclı insanları öz quluna çevirmək üçün siyasi alətə çevirib” - MÜSAHİBƏ
Bizi izləyin

Nida Təhlil

Ağrı Qaradağlı: “İran şiəliyi inanclı insanları öz quluna çevirmək üçün siyasi alətə çevirib” - MÜSAHİBƏ

İranın şiəlik üzərindən siyasi maraqlarını həyata keçirdiyi faktı Ərbəin mərasimi ərəfəsində yenidən gündəmə gəlib. Bu ölkənin dini dairələri və xüsusi xidmət orqanlarının Ərbəin mərasiminə gedən zəvvarlar üzərində təbliğat aparması kimi məlumatlar “İranın təbliğ etdiyi şiəlik hansı məqsədlərə xidmət edir” və bu kimi digər şübhəli sualları ön plana çıxarır.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) üzvü Ağrı Qaradağlı Publika.az-a müsahibəsində İranın din üzərindən həyata keçirdiyi siyasəti şərh edib.

- Ağrı bəy, əvvəlcə bu gün İranın təbliğ etdiyi şiəliyin nəyə xidmət etdiyi haqda soruşmaq istəyirəm. Bu ölkənin irəli sürdüyü dini prinsiplər tarixi şiəliklə üst-üstə düşürmü?



- Bunun üçün ilk öncə şiəliyin tarixinə baxmaq lazımdır. Bəziləri hesab edirlər ki, şiəlik Məhəmməd Peyğəmbərdən (s) sonra başlayıb. Yəni Peyğəmbər özündən sonra Həzrət Əlinin müsəlmanların xəlifəsi olduğunu deyib, lakin onun vəfatından sonra digərləri Həzrət Əlinin xəlifə olmasına imkan verməyib. Beləliklə, ikitirəlik yaranıb. Şiəliyin tarixi oradan götürülür. Mənim araşdırmalarıma görə, şiəliyin tarixi Şah İsmayıl dövründən başlayıb. Bu mənim fikrimdir və tarixi müzakirə mövzusudur, lakin bir məsələ dəqiqdir ki, İranın bu gün təbliğ etdiyi şiəlik qızılbaşların vaxtındakı şiəlikdən tamamilə fərqlənir və prinsip etibarilə panfarsizmə xidmət edir. İranın təbliğ etdiyi şiəliyin əsası son 30-40 il ərzində qoyulub və İran İslam İnqilabından sonra tətbiq edilməyə başlanıb. İranın ortaya atdığı şiəlik region ölkələri üzərində dini təsir yaratmaq, xüsusilə türk dövlətlərinə qarşı istifadə etmək məqsədinə xidmət edir.

- Lakin İran özünü bütün şiələrin əsas mərkəzi kimi aparır, bu ölkənin dini rəhbəri də şiələrin lideri olaraq çıxış etməyə cəhd edir.

- Bəli, İranın dini lideri iddia edir ki, o, İmam Zamanın yerdəki nümayəndəsidir. Bildiyimiz kimi, şiəliyə görə 12-ci imam olan İmam Zaman qeybə çəkilib və bir gün zühur edəcək. İranın təbliğatına görə, o, zühur edənə qədər əvəzində nümayəndələri çıxış edir və bu nümayəndələrin sözü Allahın sözü hesab olunmalıdır. İranın dini lideri də özünü Allahın Yerdəki canişini kimi təqdim edir. Burada məqsəd regionda dini inanclılar üzərində alternativsiz təsir gücünü əldə etmək və İranın maraqlarının, yəni panfarsizmin hədəflərinin həyata keçirilməsini təmin etməkdir. Hərçənd, bu, İranın öz əhalisinə problemlər yaratmaqla yanaşı, regionun sabitliyi üçün də ciddi təhdiddir.
İranda İslam inqilabı baş verəndən sonra bu ölkənin teoloji rejimi şiəçilik kartından istifadə edərək, Yaxın Şərq və qonşu ölkələr üzərində təsir gücü əldə etməyə başladı. Suriyada hakimiyyətdə olanlar İranın dini təsirindədir, Livanda isə Hizbullah qruplaşması bu ölkənin dini rəhbərliyinin əmrləri ilə hərəkət edir. Bu siyasətin nümunəsi kimi Azərbaycanda Nardaranı göstərə bilərik. Bu kiçik qəsəbədə İran sistemi qurulmuşdu, insanlar İranın dini rəhbərlərinin fətvaları ilə oturub-dururdular. Sonradan dövlət bu problemi aradan qaldırdı, lakin silahlı qruplaşma yaradanlar həbs olunanda İranın dövlət televiziyası da daxil olmaqla bütün telekanalları Azərbaycan dövlətinin əleyhinə kampaniyaya başladı. Onlar həbs olunanların kadrlarını göstərərək, “Azərbaycanda namaz qılanlar, məscidə gedənlər həbsə atılır” təbliğatını aparırdılar. Burada məqsəd Azərbaycan dövlətini İrandakı türklərin gözündən salmaq idi. Bu, əslində İranın illərdən bəri apardığı siyasətdir. Qarabağ müharibəsində Ermənistana silah, Azərbaycana kartof-soğan verən bir ölkə dindən, müsəlmanlıqdan necə danışa bilər?! Əgər bu gün İranın irəli sürdüyü şiəlik həqiqi İslama söykənirsə, nə üçün Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin məscidlərdə donuz saxlamağına heç bir reaksiya verilmir?! Hərçənd, Azərbaycanda silahlı qruplaşmaların həbsini “məscidə gedənlər həbs olunur” kimi təqdim edirlər. Deməli, İranın irəli sürdüyü şiəliyin əsl şiə inancına aidiyyəti yoxdur, əslində bu şiəlik türklərə qarşı düşmənçiliyə hesablanıb.

- Hər il Ərbəin mərasiminə qatılmaq üçün regionun müxtəlif ölkələrindən, o cümlədən, Azərbaycandan minlərlə insan Kərbəlaya gedir. Məlumatlar var ki, İran Kərbəlaya gedən zəvvarlar üzərində öz məqsədlərinə xidmət edən dini təbliğat aparır və onlar arasından özünə işləyən şəxslər seçir. Bu, inanclı insanların, o cümlədən dinin siyasi məqsədlərə alət edilməsi demək deyilmi?

- İran hər zaman müxtəlif yollarla region ölkələrindən özünə casus yığmağa çalışır. Bu işdə fərqli vasitələrlə yanaşı, şiəlikdən əsas amil kimi istifadə edir. Xüsusilə Kərbəlaya gedənlər, Ərbəin mərasiminə qatılanların üzərində daha çox oynayır. Zəvvarları yalan vədlərlə öz ətrafına toplayır.
Bəzilərini şantaj, bəzilərini pulla, bəzilərini ailəsinə kömək göstərməklə ələ alır. Misal üçün, birinin ailəsində xəstə varsa, onu Tehrana apararaq müalicə edir. Bu insanları sonra Tehrandan Məşhədə, Quma gətirir, onlar üzərində dini təbliğat apararaq, beyinlərini yuyurlar. Ən sonda da İrana xidmət etmək üçün öz ölkələrinə göndərirlər. Bu, bütün region ölkələri üçün ciddi təhlükədir, xüsusilə Azərbaycan üçün. Çünki İran regionda türkləri özünə ən böyük təhlükə kimi görür. Hətta bu gün İran Türkiyədəki ələvilər üzərində də iş aparır, onlar arasında özünə işləyən adamlar seçir.

- İranın Azərbaycanla bağlı təbliğatı hansı istiqamətdə qurulub?

- İranın təbliğatı əsasən türkləri aşağılamağa, panfarsizmi yüksəltməyə xidmət edir. Məsələn, İranın Azərbaycan dilində fəaliyyət göstərən Səhər telekanalı hər gün Azərbaycan dövlətinə qarşı hücumlar edir, Azərbaycan xalqını təhqir edir. Bu telekanal bütün təbliğatını elə qurub ki, guya Azərbaycanda insanlar aclıq, səfalət içində yaşayır. Dəfələrlə telekanalın türkləri oğru, qatil kimi təqdim etdiyini özüm eşitmişəm. Hesab edirəm ki, buna dövlət səviyyəsində reaksiya verilməlidir. Bunlara göz yummaq olmaz. İran Azərbaycanda dini siyasət yürüdə bilməz.

İranın başlıca məqsədi şiəlikdən istifadə edərək, bölgədəki inanclı insanları öz sisteminə inandırmaqdır. Bu işi əsasən panfarsçı qruplar həyata keçirirlər. Bu qrupların özləri şiəliyə inanmırlar, amma özlərini inanmış kimi göstərək, region ölkələrindəki inanclı kəsimi öz sistemlərinin quluna çevirməyə cəhd edirlər. İranın bu siyasəti açıq nəzərə çarpır. Ərbəin mərasimi bu siyasətin açarlarından biridir. Nəinki region ölkələrində, hətta Nyu-Yorkda belə Aşura mərasimləri təşkil edirlər.

- Belə çıxır ki, İranın millətçi dini qrupları özlərinin inanmadığı şiəliyi bu məzhəbə aid olan insanları tora salmaq üçün istifadə edir?

- İran təkcə region ölkələrində yox, bütün dünyada özünü şiələrin hamisi kimi göstərməyə çalışır. Elə göstərirlər ki, şiələrin rəhbəri Xameneidir, hər kəs ona itaət etməlidir, bütün fətvalarını yerini yetirməlidir. İnanclı insanların inancından istifadə edir, bəzilərinin zəif iradələrini fürsət bilir və insanları öz ətrafına toplamağa çalışır. Onların beyinlərini yuyur, öz sistemlərinin quluna çevirirlər. Bu məsələdə millət ayıq olmalıdır. Azərbaycan ciddi araşdırma aparmalı, sosial şəbəkələrdə, mediada maarifləndirmə işini həyata keçirməlidir. Bu həyata keçirilməsə, insanlar arasından İranın təsirinə düşənlərin sayı getdikcə çoxalacaq. Bu ciddi təhlükədir. Çünki İran istədiyi vaxt öz sisteminin quluna çevirdiyi insanlardan silahlı qruplaşmalar yarada və dövlətə qarşı çıxara bilər.

- Nardaran hadisələri zamanı Azərbaycanda belə bir silahlı qruplaşma yaradılmasına cəhd edilmişdi. Mümkündürmü ki, İran zəvvarlar arasından topladığı xüsusi adamlarla Azərbaycanda yeni “Hizbullah” yaxud, bunun hər-hansı modelini yaratsın?

- İnanıram ki, Azərbaycan xalqı heç vaxt buna yol verməz. Livanda, Suriyada bunu həyata keçirə bilərlər, lakin Azərbaycanda çətin məsələdir. Xalq buna icazə verməz. Lakin bu, belə təhlükənin, belə məqsədlərin olmadığı demək deyil. Bu istəklər həmişə mövcuddur, ona görə də ayıq olmaq lazımdır. Ümid edirəm ki, Azərbaycanın inanclı insanları, cümlədən regionun digər ölkələrinin xalqı bundan sonra İran sisteminin siyasi oyunlarına alət olmayacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm