Bakı-Amsterdam xəttində dinamika: Azərbaycanın Avropada güclənən rolu
Bizi izləyin

Nida Təhlil

Bakı-Amsterdam xəttində dinamika: Azərbaycanın Avropada güclənən rolu

Bakı-Amsterdam xəttində dinamika: Azərbaycanın Avropada güclənən rolu

Prezident İlham Əliyevin Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul etməsi Azərbaycan–Niderland münasibətlərinin inkişafı, eləcə də Bakı ilə Avropa İttifaqı (Aİ) arasında siyasi dialoqun perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində, regional sabitliyin təmin olunmasında və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Görüş bu məsələlərin müzakirəsi baxımından da əhəmiyyətlidir. Niderland Avropa İttifaqının mühüm üzvlərindən biridir. Bakı-Amsterdam xəttində münasibətlər Azərbaycanı Avropa məkanındakı mövqelərini gücləndirə faktordur.

Bakı-Amsterdam xəttində müsbət dinamika

Bakıdakı görüş Azərbaycan və Niderland liderlərinin ötən il Kopenhagendə apardığı müzakirələrin davamı hesab oluna bilər. Bu o deməkdir ki, iki ölkə arasında yüksək səviyyəli təmaslar siyasi və iqtisadi istiqamətlər üzrə əməkdaşlığın inkişafı istiqamətində davam edir.

Görüşdə Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin təmin olunmasında Prezident İlham Əliyevin rolunun yüksək qiymətləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin əldə olunması və regionda davamlı təhlükəsizlik mühitinin formalaşdırılması beynəlxalq gündəliyin əsas məsələlərindəndir.
Azərbaycanın regional sülh təşəbbüslərində irəli sürdüyü mövqe və postmünaqişə dövründə formalaşan yeni reallıqlar Avropa dövlətlərinin Cənubi Qafqaza yanaşmasına da təsir göstərir. Niderland tərəfinin Azərbaycan liderinin bu prosesdəki roluna müsbət münasibəti Bakının regional diplomatiyada artan əhəmiyyətinin Avropada nəzərə alındığını göstərir. Burada əsas məqam Azərbaycanın yalnız regionda baş verən proseslərin iştirakçısı deyil, həm də gələcək təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm rol oynayan dövlət kimi çıxış etməsidir.

Azərbaycan etibarlı humanitar və logistik tərəfdaş kimi

Azərbaycanın beynəlxalq əhəmiyyətini artıran amillərdən biri də mürəkkəb geosiyasi şəraitdə təhlükəsiz nəqliyyat və humanitar əlaqələr üçün imkanlar yaratmasıdır. Yaxın Şərqdə yaranmış böhran zamanı Niderland vətəndaşlarının, o cümlədən bu ölkənin Tehrandakı səfirliyinin əməkdaşlarının Azərbaycan ərazisi vasitəsilə təhlükəsiz təxliyə olunması bu baxımdan diqqətəlayiq nümunədir.

Belə əməliyyatlar Azərbaycanın coğrafi mövqeyinin yalnız iqtisadi üstünlük olmadığını, eyni zamanda böhran şəraitində praktiki əhəmiyyət daşıdığını göstərir. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən ölkəmiz beynəlxalq nəqliyyat marşrutları ilə yanaşı, humanitar məqsədlər üçün də mühüm tranzit imkanlarına malikdir. Xüsusilə regionda hərbi-siyasi gərginliyin artdığı dövrlərdə təhlükəsiz marşrutların mövcudluğu dövlətlər üçün strateji əhəmiyyət kəsb edir.
Azərbaycanın müxtəlif ölkələrin vətəndaşlarının təxliyəsində iştirak etməsi onun beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını və böhranların idarə olunmasında rolunu nümayiş etdirir. Bu amil Niderlandla münasibətlərə də əlavə praktiki məzmun qazandırır. Çünki dövlətlərarası əlaqələrin möhkəmliyi yalnız siyasi bəyanatlarla deyil, zərurət yarandıqda tərəflərin bir-birinə etibarlı tərəfdaş kimi yanaşa bilməsi ilə də ölçülür.

İqtisadi əməkdaşlıq və qeyri-neft sektorunun perspektivləri

Azərbaycan–Niderland münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Niderlandın qabaqcıl texnologiyaları, kənd təsərrüfatı sahəsində təcrübəsi, logistika imkanları və innovativ idarəetmə modelləri Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi baxımından maraq doğurur. Niderland şirkətlərinin Azərbaycanda fəaliyyəti və yeni əməkdaşlıq imkanlarının araşdırılması qeyri-neft sektorunun inkişafına töhfə verə bilər. Xüsusilə müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi, məhsuldarlığın artırılması, su ehtiyatlarından səmərəli istifadə, ərzaq istehsalında innovasiyaların genişləndirilməsi və aqrar məhsulların ixrac imkanlarının artırılması perspektivli istiqamətlərdir.

Azərbaycanın kənd təsərrüfatı potensialı ilə Niderlandın bu sahədəki texnoloji təcrübəsinin uzlaşdırılması qarşılıqlı faydalı əməkdaşlıq modeli yarada bilər. Bu, xüsusilə ərzaq təhlükəsizliyinin və dayanıqlı istehsalın dünya miqyasında aktuallaşdığı bir dövrdə əhəmiyyətlidir.

Digər mühüm istiqamət nəqliyyat-logistika sektorudur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, yükdaşımaların səmərəliliyinin artırılması və beynəlxalq nəqliyyat marşrutlarının inkişafı Azərbaycanın tranzit ölkə kimi mövqeyini möhkəmləndirir.
Niderlandın liman idarəçiliyi, logistika və beynəlxalq ticarət sahəsindəki təcrübəsi bu istiqamətdə əməkdaşlıq üçün əlavə imkanlar aça bilər. Belə əməkdaşlıq Azərbaycanın iqtisadiyyatının yalnız enerji sektorundan asılılığının azaldılmasına, yeni investisiyaların cəlb edilməsinə və yerli istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edə bilər. Bununla yanaşı, iqtisadi tərəfdaşlığın genişlənməsi üçün əlverişli biznes mühiti, hüquqi müəyyənlik və konkret investisiya layihələri üzrə davamlı dialoq mühüm şərtlərdir.

Azərbaycanın Avropanın nəqliyyat təhlükəsizliyində rolu

Azərbaycanın geosiyasi əhəmiyyətini artıran əsas istiqamətlərdən biri Orta Dəhliz layihəsidir. Çin və Mərkəzi Asiyadan Xəzər dənizi, Azərbaycan və Cənubi Qafqaz vasitəsilə Türkiyəyə və Avropaya uzanan bu marşrut beynəlxalq ticarət əlaqələrinin şaxələndirilməsi baxımından mühüm potensiala malikdir.

Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər və ənənəvi nəqliyyat marşrutları ətrafında yaranan risklər alternativ yolların əhəmiyyətini artırır. Belə şəraitdə Azərbaycanın liman, dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu Avropa ilə Asiya arasında yükdaşımaların inkişafı üçün əlavə imkanlar yaradır. Niderland kimi beynəlxalq ticarət və logistika sahəsində güclü mövqeyə malik dövlətlərlə əməkdaşlıq bu potensialın reallaşdırılmasına kömək edə bilər. Limanların idarə olunması, rəqəmsal logistika sistemləri, yük axınlarının optimallaşdırılması və müasir infrastruktur həlləri üzrə təcrübə mübadiləsi qarşılıqlı faydalı nəticələr verə bilər.

Orta Dəhlizin əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmır. Bu marşrut Avropa ilə Asiya arasında əlaqələrin davamlılığına, təchizat zəncirlərinin dayanıqlılığına və regional əməkdaşlığın genişlənməsinə də xidmət edir. Azərbaycanın enerji təchizatında oynadığı rol ilə nəqliyyat-logistika imkanlarının birləşməsi ölkəmizi Avropa üçün çoxşaxəli tərəfdaşa çevirir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm