Media rəhbərlərindən saçı qırxılmış gəlin məsələsinə SƏRT ETİRAZ: Ailə institutumuz...
Bizi izləyin

Nida Təhlil

Media rəhbərlərindən saçı qırxılmış gəlin məsələsinə SƏRT ETİRAZ: Ailə institutumuz...

Bir neçə gündür, ölkə gündəmini zəbt edən xəyanətə görə əri tərəfindən saçları qırxılan və işgəncələrə məruz qalan gənc qadının başına gələnlər və onun timsalında fiziki təcavüzlə qarşılaşan qadınların taleyi sıradan vətəndaşlar kimi ziyalıları, fikir adamlarını da narahat etməkdədir.

Təəssüflər olsun ki, bu cür hadisələri törədənlərə qarşı lazımi tədbirlərin görülməsi müxtəlif səbəblərdən gecikir, proses uzanır və belə hadisələrin bənzəri, daha dəhşətliləri baş verir.

Elə bu gün daha bir qadının həyat yoldaşı tərəfindən işgəncələrə məruz qaldığının, saçlarının kəsildiyinin şahidi olduq. Əvvəlkindən fərqli olaraq, bu qadının öz valideynləri belə ondan imtina ediblər. Vəziyyət getdikcə daha dəhşətli hal alır.

Belə olan təqdirdə, cəmiyyət olaraq üzərimizə düşən vəzifələr nələrdir? Məsələyə hansı aspektdən yanaşlımalıdır?

Publika.az bu sualların cavabını ölkənin aparıcı media orqanlarının rəhbərlərindən öyrənməyə çalışdı.

"Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı qeyd edir ki, milli-mənəvi dəyərlər, ailə institutu media, sosial şəbəkə və serialların sayəsində dağılmaqdadır:

“Azərbaycanda ən toxunulmaz və kənardan müdaxilə olunmaz bir dəyər vardısa, o da ailə institutu idi. Azərbaycan müstəqillik əldə edəndən sonra bir çox xarici mərkəzlər, Azərbaycanın daxilində öz niyyətlərini həyata keçirmək istəyənlər, Avropa ideyası ətrafında əsrlərdən qalmış adət-ənənələrin dəyişdirilməsi adı altında Azərbaycanda ailə institutuna təsir göstərməyə başladılar. Həm təbliğati baxımdan, həm də qeyri hökumət təşkilatlarının aldıqları xarici qrantların siyahısına baxsanız, orada ailə institutu ilə bağlı nə qədər tapşırıqların alındığını görə bilərsiniz. Təbii ki, Azərbaycan da dünyanın bir hissəsidir və dünyaya açıq dövlətdir. Ancaq Azərbaycanda ailə institutuna müdaxilələr son dövrlərdə daha çox aktuallıq qazandı. O ki qaldı, bu məsələyə, ailə institutu möhkəm ailə təməlləri üzərində qurulur. Burada sevgi, bağlılıqla yanaşı, uzun illərdən bəri formalaşan ailə həyatı qurmaq üçün seçim kriteriyaları vardı ki, burada ağsaqqallar da iştirak edirdi. Cəmiyyət yenilənəndən, sosial şəbəkələr şəxsi həyatlara birbaşa müdaxilə edəndən sonra hər şey başqalaşdı. Seriallar, xüsusilə, xarici ölkələrin məhsulları olan seriallar, media birbaşa da olmasa, dolayı yolla təsirləri var.

Sosial şəbəkələrdə xəyanət etdiyi iddiası ilə işgəncələrə məruz qalan qadının görüntülərini mən də gördüm. Əlbəttə, təəssüf doğuran bir məsələdir. Bunu gizlətmək də olmur, olmaz. Çünki əsrlər boyu formalaşan ailə institutuna gələn hər bir xırda təhlükə bizi narahat edir, etməlidir. SSRİ dövründə də bu tip hadisələrə rast gəlinirdi. Ancaq Sovet İttifaqı qapalı dövlət idi. Atanın oğlunu qətlə yetirməsi, oğulun anasını öldürməsi, ər-arvad xəyanəti və bundan doğan qətl hadisələri əvvəllər də vardı. İndikindən fərqləri onda idi ki, mediada, ictimaiyyətdə bu qədər geniş yayılmırdı.

Belə hadisələrin qarşısını almaq üçün, ilk növbədə, cəmiyyətin özü kamil olmalıdır. Dəyərlərini qoruyub saxlamalıdır. Qoruya bilmiriksə, xarici qüvvələrin ölkəmizdəki təbliğatı, dünyanın bizə gətirdiyi kənar təsirlərin fonunda bu tip hadisələrlə tez-tez qarşılaşacağıq”.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirir ki, belə şəxsi məsələlərin ictimailəşdiriməsi yolverilməzdir:

“Təbii ki, şəxsi məsələdir. Ailə məsələsidir və buna görə də kifayət qədər incə məqamdır. Cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunması, insanların mənəviyyatının yaxşılaşması üçün belə halların ictimailəşməsi əks effekt verir. Belə hallar ola bilər. Ancaq hər halda bir kişi kimi qadınının saçlarını qırxıb, onu videoya çəkib ictimailəşdirməyin də tərəfdarı deyiləm. Təhqiramiz və aşağılayıcı bir hərəkətdir. Qadın da öz qadınlığını anlamalı, dərk etməlidir. Ehtiyyatlı və diqqətli davranmalıdır.

Hər iki tərəf sağlam ailə dəyərlərinə hörmətlə yanaşmalıdır. Belə hallar yolverilməzdir. Sosial şəbəkələrdə həmin şəxslərin valideynlərinin də çıxışlarını izlədim. Fərqli, tamamilə bir-birinə zidd fikirlər var idi. Bunun da incəliyinə qədər araşdırılması aidiyyatı qurumların öhdəliyindədir. Biz yalnız fərd, vətəndaş olaraq mövqe nümayiş etdirə bilirik.

Ümumilikdə kriminal, cinayət xarakterli hadisələrin, mənəviyyata toxunan detalların, əxlaqa zidd məsələlərin ictimailəşdirilməsi, hesab edirəm ki, yolverilməzdir”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov qeyd edir ki, əgər biz qəbilə icması yox, müasir, sivil cəmiyyət olmaq istəyiriksə, hər şeyə qanun çərçivəsində yanaşmağı öyrənməliyik:

“Ər-arvad xəyanəti qanun pozuntusu deyil, buna görə də heç bir halda hər iki tərəf cəzalandırıla bilməz. Bu, ancaq mənəvi-əxlaqi normaların pozulmasıdır. Xəyanət eləmiş arvad, yaxud ər qanundankənar vəziyyətə düşmür. O, yenə də Azərbaycan Respublikasının vətəndaşıdır və bütün hüquqları qanunla qorunur. Sadəcə, həyat yoldaşının qarşısında götürdüyü mənəvi öhdəlikləri pozduğuna görə, boşamaq olar. Döymək, biabır etmək, başını qırxmaq, yaxud öldürmək isə həmin insanlara qarşı ciddi qanun pozuntusudur.

Kişiləri xəyanət etmiş arvadlarını döyməyə, hətta öldürməyə təhrik, yaxud, təşviq etmək isə həmin əməlin özü kimi cinayət məsuliyyəti doğurmalıdır. Hüquq, qanun bunu deyir və biz, dediyim kimi, qəbilə yox, sivil toplum olmaq istəyiriksə, hüququn aliliyinə inanıb, qəbul etməliyik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm