Hikmət Babaoğlu: "Bu yara soyumayıb, qaysaq bağlamayıb"
Bizi izləyin

Nida Təhlil

Hikmət Babaoğlu: "Bu yara soyumayıb, qaysaq bağlamayıb"

“Xocalı soyqırımının anım günü Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib”.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

26 fevral Xocalı soyqırımını anma günü münasibətilə “Ana harayı” abidəsi qarşısında keçirilən anım yürüşü haqqında danışan millət vəkili bildirib ki, Xocalı soyqırımı ilə bağlı təşkil olunan yürüş əslində bütün dünyaya bir mesaj verir:

“Azərbaycan xalqı bu faciəni unutmadı, unutmayacaq və unutdurmayacaqdır. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandanmız başda olmaqla, on minlərlə Azərbaycan vətəndaşının Xocalı soyqırımı abidəsini ziyarət etməsi bir daha ondan xəbər verir ki, biz Xocalıya qayıtmayana qədər, Xocalıya ədaləti bərpa etməyənə qədər, işğal olunmuş torpaqlarımızı , Xocalı şəhərini işğaldan azad etməyənə qədər bu yürüş davam edəcəkdir. Hazırda bu istiqamətdə Azərbaycan dövləti çoxşaxəli fəaliyyət göstərir. Diplomatik kanallarla, qeyri-hökumət təşkilatları və Heydər Əliyev Fondu vasitəsilə çox böyük işlər görülür ki, Xocalı soyqırımı dünya tərəfindən tanınsın. Nəticə olaraq, bu gün artıq 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Bir neçə beynəlxalq təşkilat, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalını soyqırım kimi tanıyıb. Bütün bunlar istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həll olunmasında, istərsə də Xocalı soyqırımının dünyaya çatdırılmasında atılan mühüm addımlardır. Bu gün hər bir Azərbaycan vətəndaşı 27 il bundan əvvəl olmuş bu hadisəni 27 il əvvəlki eyni emosiya ilə yaşayır. Bu yara soyumayıb, bu yara qaysaq bağlamayıb. Ona görə ki, bu bizim ümummilli yaramızdır. Eyni zamanda, buna paralel olaraq Xocalıya ədalətin bərpa olunması üçün bu cinayəti törədənlərlə bağlı hüquqi prosedurun başladılması üçün Azərbaycan çox böyük işlər görüb. Bilirsiniz ki, cinayətdə əli olan, soyqırımı törədənlərədən 39 nəfərin adı müəyyənləşdirilərək, ilkin istintaq materialları yekunlaşdırılaraq İnterpola təqdim edilib. Doğrudur, bu gün müxtəlif səbəblərdən, dünyada olan ikili standartlar siyasəti ucbatından biz hələ həmin cinayətkarların cəzalandırılmasına nail ola bilməmişik. Amma Azərbaycan xalqının nümayiş etdirdiyi yüksək iradə, əzm və bu hadisəni unutmaması bizdə ümid yaradır ki, nəhayət dünyanın qulağı bu hadisəni eşidəcəkdir, dünya bunu görəcək və qiymət verəcəkdir. Azərbaycan xalqının, Azərbaycan Ali Baş Komandanının məqsədi ondan ibarətdir ki, biz məhz torpaqlarımızı azad edək və Xocalını bir şəhər kimi yenidən bərpa edək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm