Nida Təhlil
“Bu cür düşünülməmiş addımlar erməni dəyirmanına su tökməyə bərabərdir” - ŞƏRH
“Hər kəsə bəllidir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökündə dayanan əsas səbəb kimi işğalçı ölkə sözügedən hadisəni təhrif etməyə, onu fərqli şəkildə istiqamətləndirməyə, beynəlxalq ictimaiyyətin diqqətini torpaqlarımızın davam edən qanunsuz işğalı və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır. Avropa İnsan Hüquqları Məhkəməsinin qaldırdığı iddiada bu ölkəmizin əsas tələbi yerinə yetirmədiyi bildirilir. Düşünürəm ki, Ermənistan ölkəmizin əleyhinə qarayaxma kampaniyasına İnsan Hüquqları üzrə Avropa Məhkəməsini də alət etmək niyyətinə düşüb. Ermənilərin bu qurumu siyasiləşdirmək, təbliğat kampaniyasına cəlb etmək cəhdləri rədd olunmalıdır və qətiyyətlə pislənməlidir”.
Bunu Publika.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə Avropa İnsan Hüquqları Məhkəməsinin Ramil Səfərovla bağlı “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarına münasibət bildirərkən deyib.
O qeyd edib ki, iddianın əsas tələbləri Azərbaycan və Macarıstanın məsuliyyət daşıması, əfv və digər tələblər, o cümlədən təzminatdır. Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir:
“Bu gün regionumuzun millətlər və fərdlər səviyyəsində üzləşdiyi çətinliklərin əsasında məhz Ermənistanın millətçi rəhbərlərinin Azərbaycan xalqına qarşı nifrət üzərində köklənmiş düşmən siyasəti dayanır. Avropa Məhkəməsi əslində Ermənistanın iddiasının əsas tələbini təmin etməyib. Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda da vurğulanır ki, Ermənistan həqiqətən insan hüquqları və azadlıqlarına bəyan etdiyi qədər əhəmiyyət yetirir və Avropa Məhkəməsinə hörmət edirsə, o zaman bu ölkə 30 ildən bəri davam edən Azərbaycan torpaqlarının işğalına, bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna dərhal son qoymalıdır. Avropa Məhkəməsinin hələ 2015-ci ildə çıxardığı və Azərbaycan torpaqlarının işğalına görə Ermənistanın məsuliyyətini təsbit etdiyi Çıqarov işi üzrə qərarının icrası təmin olunmayanadək, Yerevanın ölkəmizdən Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur. Təzminata gəlincə, Ermənistan tərəfi Çıqarov işi üzrə qərarla bağlı təzminatı ödəməyənə qədər Azərbaycan hökuməti tərəfindən də təzminat ödənməyəcək”.
Hüquq müdafiəçisi bildirib ki, Macarıstanda baş verən hadisəyə və Ramil Səfərovun ölkəmizə ekstradisiyasına görə Azərbaycan dövləti məsuliyyət daşıya bilməz:
“Avropa Məhkəməsi qarşısında proses zamanı bəyan edildiyi kimi, Azərbaycan hökuməti 2004-cü ildə baş vermiş məlum əməli qəbul etmir və ona hər hansı şəkildə bəraət qazandırmağa çalışmır. Ramil Səfərov bu əməli fərd kimi törədib, Azərbaycan dövlətini rəsmən təmsil etməyib. Buna görə də ölkəmizin üzərinə hər hansı məsuliyyət qoyula bilməz. Bu işə vaxtilə Macarıstan məhkəməsi tərəfindən baxılıb və məhkum edilmiş şəxs də əməlinə görə uzun müddət cəzasını çəkib. Azərbaycan hökumətinə erməni təbliğatının ünvanlandığı bütün digər qarayaxma iddialarının da heç bir əsası yoxdur”.
Çingiz Qənizadə əlavə edib ki, Azərbaycandakı müxalifyönlü şəxslər və onların xaricdəki havadarları bu məsələ ilə bağlı xüsusi ajiotaj yaradaraq ermənipərəst mövqe dəstəkləyirlər:
"Bu cür fikirlər və düşünülməmiş addımlar əslində erməni dəyirmanına su tökməyə bərabərdir. Ermənilər müxalifyönlü siyasi liderlərin də çıxışlarına istinad olaraq Azərbaycan tərəfinin haqsız olması ilə bağlı fikir formalaşdıracaqlar. Eyni zamanda həm xaricdə yaşayanlar, həm də onların ölkəmizdəki havadarları olan “5-ci kolon”a aid şəxslər hər vasitə ilə Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Ermənistan işğalçı ölkədir və bizim dinc vətəndaşlarımızı güllələyiblər, torpaqlarımızı işğal ediblər, hazırda müharibə şəraitindəyik. Belə bir acı faktların içərisində yenə də dövlətə qarşı çıxmaqla sanki xaricdəki maliyyə dəstəyi verən havadarlarının tapşırıqlarını yerinə yetirirlər, eyni zamanda Azərbaycan dövlətinə və xalqına qarşı çıxırlar. Biz bunu qətiyyətlə pisləyirik. Müxalif olmaq və siyasi hakimiyyətin nöqsanlarını demək olar, amma milli məsələdə, dövlət, müstəqillik və ölkənin işğal məsələsində başqa dövlətlər tərəfindən fərqli qütbdə olmaq, ölkə əleyhinə çıxış etmək xəyanətdir”.
Akqabay Mıradov
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA