“5-ci kolon” yenə təxribatından əl çəkmədi - Musa Quliyev
Bizi izləyin

Nida Təhlil

“5-ci kolon” yenə təxribatından əl çəkmədi - Musa Quliyev

“Dünənki aksiya əslində Ordumuza, Ali Baş Komandana dəstək aksiyası idi. Gənclər yüksək vətənpərvərlik nümayiş etdirdilər. Həm də şəhidlərimizi yad etmək nümayişi idi. Bu mənada xalqın birliyini, ən çətin anda birləşməsini və dövlətin yanında olmasını dəstəkləyirəm, alqışlayıram. Amma sonda təəssüf ki, təxribatçı qüvvələr öz sözünü dedi və “5-ci kolon” yenə təxribatından əl çəkmədi. Milli Məclisin binasına qanunsuz şəkildə müdaxilə oldu, orada təxribatçı şüarlar səsləndirildi və pozuculuq əməllərinə yol verildi. Bunlar bizi təəssüfləndirir. Belə hallar yolverilməzdir”.

Bunu Publika.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, COVID-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qoşulması virusun daha geniş yayılması və insanların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaradır:

“Pandemiya dövründə bu cür emosional hərəkətlərə yol vermək olmaz. İstənilən tədbir razılaşdırılmalı, epidemiya şəraitinə uyğunlaşdırılmalı və sanksiyalaşdırılmalıdır. Unuduruq ki, bizim erməni qədər də qəddar və gözəgörünməz məkrli koronavirus adlı düşmənimiz var. Artıq o düşmən bizim içərimizdədir. Ona görə də vətəndaşlarımızı emosiyalarını, xoş məramlarını daha qanuni şəkildə ifadə etməyə dəvət edirəm. Xüsusilə də vətəndaşların kütləvi şəkildə həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayılma sürətini daha da artırır. İnsanlar diqqətli olmalı və qaydalara əməl etməlidir. Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də Ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfə vermiş olacaqlar”.

Deputat qeyd edib ki, Ordumuz, dövlətimiz güclüdür və Ali Baş Komandanın bütün tapşırıqlarına, çağırışlarına əməl etməklə hər an Ordumuza dəstək verməliyik: “Pərakəndə şəkildə hərə bir çağırışa uymamalıdır. Xüsusilə də Azərbaycandan kənarda yerləşən və bizə düşmən mövqe tutan internet televiziyaları, sosial şəbəkələrdə bəzi blogerlərin çağırışları Azərbaycan xalqının əleyhinə işləyən, ona düşmənçilik edən və əslində erməniyə dəstək verən çağırışlardır. Bunlara qətiyyən yol vermək olmaz. Düşünürəm ki, döyüşlərin aktiv dövrə keçdiyini nəzərə alaraq müvafiq qurumlarımız bu səsləri kəsməlidir. Çünki ola bilsin ki, bu insanlar təxribatçı niyyətlərini davam etdirəcəklər. Bizim sadəlövh, bəzən də emosional gənclərimiz bu tora düşə bilər.

Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Vətəndaşlarımızın da emosiyalarını anlayıram, vətənpərvərlik ruhlarına eşq olsun deyirəm. Amma bütün bunların hamısı dövlətin nəzarəti altında keçirilməlidir. Biz artıq 90-cı illərin Azərbaycanında yaşamırıq. Güclü dövlətimiz və idarəetmə sistemimiz var. Nəyi nə zaman etməyi də Ali Baş Komandan çox yaxşı bilir. Təxribatçılar, onlara dəstək verən və onları yönləndirən qüvvələr hüquq-mühafizə orqanları tərəfindən aşkar ediləcək. Xalqın xoşniyyətli nümayişini özlərinin bədxah niyyətlərinə yönəldən insanlar öz layiqli cavablarını alacaqlar. Bu, əslində Orduya qarşı da xəyanətdir və hərbi əməliyyatlarımıza arxadan zərbə vurmaq deməkdir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm