İrəvanın puç olan istəyi: KTMT Ermənistanın müraciətini niyə cavabsız qoydu? - AÇIQLAMA
Bizi izləyin

Nida Təhlil

İrəvanın puç olan istəyi: KTMT Ermənistanın müraciətini niyə cavabsız qoydu? - AÇIQLAMA

“Təcavüzkar Ermənistanın dövlət sərhədimizin Tovuz rayonu istiqamətində xaincəsinə hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbə endirildi, çoxlu sayda hərbi texnikası məhv edildi, canlı qüvvəsi gəbərdildi. Əsgər və yüksək rütbəli bir neçə zabitimiz qəhrəmancasına şəhid olsa da, qanları yerdə qalmadı, qisasları alındı”.

Bu sözləri Publika.az-a açıqlamasında deputat Musa Qasımlı deyib.

Onun sözlərinə görə, bu hadisələr ölkəmizdə xalq-Prezident, xalq-ordu birliyini yenidən təsdiq etdi və Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun qarşısında aciz və cılızdır:

“Heç kəsə sirr deyil ki, Ermənistanla dövlət sərhədində hər hansı bir əməliyyatın başlanması və keçirilməsi dövlətimizin maraqlarına uyğun deyil. Azərbaycanın başlıca məqsədi işğal altında olan ərazilərimizi yağı düşməndən azad etməkdir. Belə olduqda soruşulur: Ermənistan bu təxribatı nə üçün törətdi? Məlumdur ki, Ermənistan rəhbərləri və cəmiyyəti Prezident İlham Əliyevin liderliyində Azərbaycan Respublikasının nüfuzunun getdikcə artmasını, beynəlxalq təşəbbüslərinin bəyənilməsini həzm edə bilmir. Ona görə də Nikol Paşinyan təxribat törədərək erməni cəmiyyətinin diqqətini özündən yayındırmaq niyyəti güdürdü. Lakin həmin istəyinə çata bilmədi. Bu döyüşlərdən sonra vəziyyəti daha da ağırlaşdı. Qarabağ cəbhəsində Azərbaycan qarşısında tab gətirə bilməyəcəyini bilən Ermənistan təxribat törədib haray-həşir qopartmaq və üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) buraya cəlb etmək niyyəti güdürdü. Ancaq Ermənistan anlamadı ki, həmin təşkilata daxil olan dövlətlərin ölkəmizlə sıx dostluq münasibətləri mövcuddur. Ermənistan bu təşkilatda üzv olsa da, Rusiyanın ayaqlarının altını qazdığı, Belarusa az qala düşmən ölkə kimi baxdığı, digər ölkələri isə qısqandığı üçün etdiyi müraciətinə heç “milçək vızıltısı” qədər də diqqət yetirilmədi. Bu məsələdə də İrəvanın istəyi gözündə qaldı”.

Deputat qeyd edib ki, Tovuz və Qazax rayonları istiqamətindəki ərazilərimizdən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Böyük İpək Yolu, Bakı-Tbilisi-Qars dəmiryolu xətti keçdiyi üçün yüksəkliklər təcavüzkar ölkə tərəfindən işğal ediləcəyi təqdirdə təhlükə altına düşərdi:

“Azərbaycan Ordusu Ermənistanın bu istəyini də ürəyində qoydu. Bərbad halda olan idarəçiliyindən narazılıqları azalda, dərinləşən sosial-iqtisadi böhrandan, koronavirus pandemiyası burulğanından çıxa bilmədiyi üçün Paşinyan təxribat törədərək Azərbaycanın timsalında ümumi düşmən obrazı yaradıb ictimai rəyi daxili problemlərdən və özünün qurduğu diktaturadan yayındırmağa yönəltmək məqsədi güdürdü. Azərbaycan Ordusu Ermənistanın bu arzusunu da puça çıxardı. Ordumuzun qələbəsi vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinə də xəbərdarlıq oldu. Onlar açıq şəkildə gördülər ki, mandatlarını yerinə yetirməsələr və təcavüzkarın yerində oturdulması üçün təsirli addımlar atmasalar tamam başqa reallıqlarla üzbəüz qala bilərlər”.

M.Qasımlı vurğulayıb ki, Tovuz döyüşləri Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasəti millətimizin qətiyyətlə müdafiə etdiyini göstərdi: “Əli silah tutan vətənpərvər insanlar bu gün özünü Vətənin əsgəri hesab edir və düşmənin Vətənimizə qarşı uzanan təkcə qanlı əllərini deyil, qollarını da kökündən kəsib atmağa hazırdır”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm