Sefilyandan Paşinyana xəbərdarlıq: “Real itkiləri açıqla, yoxsa...” – İrəvanda II QİYAM HAZIRLIĞI
Bizi izləyin

Nida Təhlil

Sefilyandan Paşinyana xəbərdarlıq: “Real itkiləri açıqla, yoxsa...” – İrəvanda II QİYAM HAZIRLIĞI

Ermənistanda “Sasna srer” partiyasının sədri Jirayr Sefilyan Paşinyan hakimiyyətinin Tovuz döyüşləri ilə bağlı həqiqətləri gizlətdiyini açıqlayıb.

Publika.az
xəbər verir ki, Sefilyan Feysbuk səhifəsində Ermənistanın hərbi rəhbərliyinə bununla bağlı suallar ünvanlayıb:

1. Tavuş döyüşləri ilə bağlı niyə əsrarəngiz sükut var? Məxfiliyin məqsədi nədir, insanlar niyə qeyri-müəyyənlikdə saxlanılır? Azərbaycan nə baş verdiyini bilir, siz niyə xalqımızdan gizlədirsiniz?

2. Toqquşma hansı şəraitdə baş verib?

3. Hansı uğuru qazanmışıq?

4. Strateji yüksəkliyi biz əldə etmişik, yoxsa Azərbaycan oradadır?

Bu sualların cavabı sonra bəlli olacaq. Lakin xalqın həqiqəti Ermənistanın hərbi rəhbərliyinin dilindən eşitməsi daha doğru və ədaləti olar. Əks halda “aprel müharibəsi”ndə olduğu kimi real faktları xalqımıza təqdim edəcəyik”.

“Aprel müharibəsi”ndə Azərbaycan Ordusu işğal altındakı ərazilərin 2000 hektarını azad etdi. Ermənistanın keçmiş hakimiyyəti əvvəlcə məğlubiyyəti ictimaiyyətdən gizlətməyə çalışsa da, sonradan etiraf etmək məcburiyyətində qaldı.

Həmin vaxt yarımhərbi qruplaşma olan “Sasna srer” Ermənistanın itkiləri və məğlubiyyəti haqqında ictimaiyyətə məlumat vermiş, buna etiraz olaraq, İrəvanda polis alayının binasını girov götürmüşdü. Qiyamçıların əsas tələbi Serj Sarkisyanın istefa verməsi və həbsdə olan Jirayr Sefilyanın azad olunması idi. Günlər sonra qiyam yatırıldı, lakin “aprel müharibəsi”ndəki məğlubiyyət 2018-ci ildə Serj Sarkisyanın devrilməsində əsas amillərdən biri oldu.

İndi Sefilyanın suallar ünvanlaması və “xalqın həqiqəti Ermənistanın hərbi rəhbərliyinin dilindən eşitməsi daha doğru və ədaləti olar. Əks halda “aprel müharibəsi”ndə olduğu kimi real faktları xalqımıza təqdim edəcəyik” sözləri o deməkdir ki:

a) Tovuz döyüşlərində erməni hərbi birləşmələrinin yüzlərlə canlı qüvvə və hərbi texnikasının məhv edildiyi erməni ictimaiyyətindən gizlədilsə də, müəyyən siyasi çevrələr baş verənlərdən xəbərdardır;

b) Döyüşlərdə Azərbaycan hərbi mövqelərini gücləndirib, Sefilyan Ermənistanın hərbi rəhbərliyindən bununla bağlı həqiqəti ictimaiyyətə açıqlamağı tələb edir;

c) Hakimiyyət Tovuz döyüşlərində Ermənistanın məğlubiyyətini və real itkilərini ictimaiyyətə açıqlamasa, bunu “Sasna srer” edəcək, o zaman, “aprel müharibəsi”ndən sonrakı vəziyyət – etirazların başlanması - yaranacaq;

Nikol Paşinyanın siyasi repressiyalara başlamasından sonra erməni müxalifəti (Çiçəklənən Ermənistan, İşıqlı Ermənistan, Vətən, Daşnaksütyun və Respublika partiyaları) ona qarşı vahid mövqedə birləşmək istiqamətində fəaliyyət göstərir. Hazırda hakim “Mənim addımım” blokunu zəifləmiş Erməni milli konqresi və məhdud elektorata sahib “Sasna srer” dəstəkləyir. Sefilyanın onu həbsdən azad edən Paşinyanın yanından uzaqlaşması hakim partiyanın daha da zəifləməsinə səbəb ola bilər. Yaxın dövrdə Ermənistanda “aprel müharibəsi”ndən sonrakı situasiyanın yetişəcəyi gözləniləndir, xüsusilə Paşinyan hakimiyyətinin döyüşlərlə bağlı yaratdığı “qələbə eyforiyasının” dağılması bunu tezləşdirir...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm