Ermənilərin bu arqumenti yanlışdır - Erkin Qədirli
Bizi izləyin

Nida Təhlil

Ermənilərin bu arqumenti yanlışdır - Erkin Qədirli

Bu gün, 30 avqust, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu gündür.

1991-ci ilin avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti bununla bağlı 179-XII saylı qərar qəbul edib. Təəssüf ki, biz heç zaman bu günü dövlət səviyyəsində qutlamamışıq, müstəqilliyimizi 18 oktyabrdan saymışıq. 18 oktyabr da tariximizdə əziz bir gündür, sözüm onda deyil. Bununla belə 30 avqustu görməzdən gəlmək, ona önəm verməmək heç doğru deyildir.

Publika.az xəbər verir ki, bunu millət vəkili Erkin Qədirli yazıb.

O, qeyd edib ki, 30 avqust 1991-ci il tarixinin ermənilərlə hüquqi mübahisələrimizdə də önəmi vardır: "Bildiyiniz kimi, ermənilər hər yerdə iki arqumentdən birini işlədiblər: 1) Dağlıq Qarabaq heç zaman Azərbaycanın tərkibində olmayıb; 2) Azərbaycan SSRİ-nin tərkibindən çıxana qədər, Dağlıq Qarabağ Azərbaycandan çıxıb. Birinci arqument açıq-aşkar yanlışdır. Hətta SSRİ Ali Sovetinin Rəyasət Heyəti 10 yanvar 1990-cı il tarixli qərarında bunu bildirməli olub. Həmin qərarda Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Ermənistan Ali Sovetinin 1 dekabr 1989-cu il tarixli qərarı SSRİ Konstitusiyasının (maddə 78) birbaşa pozulması hesab edilib. Odur ki, hüquqi baxımdan Dağlıq Qarabağın heç zaman Azərbaycanın tərkibində olmadığı arqumenti kökündən yanlışdır. Birinci arqumenti ermənilər demək olar ki, çoxdandır işlətmirlər. İkinci arqument də yanlışdır, amma ermənilər onu hələ də işlədirlər, bəhanə kimi də bizim öz yanaşmamızı gətirirlər. Biz dövlət müstəqilliyimizi 18 oktyabr 1991-ci il tarixindən saydığımıza görə, ermənilər Dağlıq Qarabağın ona qədər Azərbaycandan çıxdığını deyirlər. Maraqlıdır ki, özlərinin arqumentlərində olan yanlışı görmürlər (görmək istəmirlər)".

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ erməniləri "müstəqilliklərini" 2 sentyabr 1991-ci ildə elan ediblər. Xronoloji olaraq bu, əlbəttə, 18 oktyabrdan öncə olub: "Amma bizim 30 avqust tarixli müstəqillik bəyannaməmiz var. Daha maraqlısı - ermənilər "DQ müstəqilliyi" haqqında bəyannamələrində bizim 30 avqust bəyannaməmizə, onun adını çəkməsələr də, istinad ediblər. Orada belə sözlər var - "Azərbaycanın 1918-1920 illərdə olmuş dövlət müstəqilliyini bərpa etdiyini qeyd edərək". Bunu bizim 30 avqust 1991-ci il tarixli bəyannaməmizdən götürüblər. Yəni, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyinə görə, DQ erməniləri də özlərinin Azərbaycandan müstəqilliklərini elan ediblər. Bununla da dolayısıyla yenidən birinci arqumentə qayıdıblar. Bunun da yanlış olduğu aydın olandan sonra, "Azərbaycan SSRİ-dən çıxanda (18 oktyabr), DQ onun tərkibindən artıq çıxmışdı (2 sentyabr)" söhbətini açıblar. Bir sözlə, hüquq müstəvisində çox zəifdirlər (tutarlı arqumentləri yoxdur)".

Dövlət Müstəqilliyimizin Bərpası Günümüz qutlu olsun!”, - millət vəkili bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm