Tofiq Yaqublu kimlər üçün təhlükəli idi?
Bizi izləyin

Nida Təhlil

Tofiq Yaqublu kimlər üçün təhlükəli idi?

Tofiq Yaqublu Müsavatda da, Milli Şurada da rəhbərliyə əsas alternativ olacaq şəxs(idi)dir.

Keçən il Müsavatın qurultayında başqanlığa namizəd olmuşdu. Onun başqanlığını Müsavatın üzvü, amma daha çox Milli Şuraya yaxınlığı ilə seçilən Ramis Yunus irəli sürmüşdü. Və maraqlı idi ki, bu təklif R.Yunusun ABŞ-da Milli Şuranın sədri Cəmil Həsənli və 2014-cü il qurultayında İsa Qəmbərin dəstəklədiyi Arif Hacılıya rəqib olan, qurultaydan sonra yeni başqanı qəbul etmədiyi üçün Müsavatdan çıxarılan, daha sonra partiyadakı tərəfdarları ilə birlikdə ADR-i yaradan Qubad İbadoğlu ilə görüşdən sonra irəli sürmüşdü.

Burada Q.İbadoğlunun Müsavatı Arif Hacılının inhisarından çıxarılması marağı var idisə, AXCP sədri Əli Kərimlinin planı Tofiq Yaqublunun başqanlığı ilə Müsavatı öz “qanadları altına” almaq idi. Başqan T.Yaqublu olacaqdısa, partiyanın yenidən Milli Şuraya üzvlüyünün yolu açılacaq, Ramis Yunus da üzvü olduğu Müsavatın təmsil olunduğu şuranın xaricdəki əsas təmsilçisi-kuratoru olacaqdı.

Yaqublunun Əli Kərimliyə simpatiya bəsləməsi və AXCP sədrinin birinci müavini, partiyada sədrin postuna potensial namizəd hesab olunan Seymur Həzinin onun kürəkəni olması da Müsavatın ələ keçirilməsi planında həlledici amillərdən idi.

Qurultayda qutudan Arif Hacılı çıxdı, dərhal sonra Cəmil Həsənli Tofiq Yaqublunun Milli Şuranın rəhbəri olması təklifini irəli sürdü.

Müsavat üzvünün Milli Şuraya sədr olması birdən çox qazanc əldə etmək istəyi kimi görünürdü:

- Arif Hacılının Müsavatın başqanı, Müsavat üzvünün isə Milli Şuranın sədri olması partiyada başqanın imicini zədələyə və Yaqublunun başqanlığa gedən yolunu təmizləyə bilərdi;

- Müsavat partiyası öz üzvünün sədr olduğu Milli Şuraya yaxınlaşmaq xətti seçməyə məcbur olardı;

- Partiyada Tofiq Yaqublunun tərəfdarları, həm də Hacılının əleyhdarları istefa verərək, Milli Şuraya keçərdi;

Bu, “Müsavatın ələ keçirilməsi” planına uyğun idi, lakin açıq qalan suallar var.

1. Cəmil Həsənlinin təklifi niyə qəbul olunmadı?
2. Cəmil Həsənli bu təklifi Əli Kərimli ilə razılaşdırmışdımı?

Cavablar müəmmalıdır, hərçənd, Yaqublunun Milli Şuraya sədr olması Tofiq Yaqublu-Seymur Həzi tandeminin Əli Kərimlinin siyasi postuna risk yaradacağı da aydın idi.

Burada “Cəmil Həsənli Tofiq Yaqublunu sədr etmək təklifi ilə Əli Kərimliyə qarşı oynayıb?” şübhəsi də yaranır.

Və maraqlıdır ki, C.Həsənlinin sədrlik təklifindən sonra AXCP-yə yaxın media və internet resurslarında Tofiq Yaqublunu daha çox görməyə, ən sərt cavablara şərait yaradan sualların məhz ona ünvanlanmasını müşahidə etməyə başladıq.

Bu, 2015-ci ildə baş verən Nardaran hadisələri zamanı və sonrasında Fuad Qəhrəmanlının konstitusiya quruluşuna təhlükə yaradacaq dini motivli çıxışlar etməsini, yaxud belə çıxışların ona həvalə olunmasını, ardınca həbs edilməsini xatırladır.

Həmin ilin əvvəlində F.Qəhrəmanlının AXCP-də Əli Kərimlinin postuna əsas namizəd olduğu, hətta partiya daxilində tərəfdarlarını təşkilatlandırdığına dair xəbərlər yayılırdı. Bunu partiyadan çıxarılan funksionerlər detallı şəkildə açıqlamışdılar. Nardaran hadisələri zamanı və sonrasında isə kontitusiya quruluşunu devirməyə çalışan dini kəsimin müdafiəsi işini AXCP-də F.Qəhrəmanlı aparırdı. Hadisələrin inkişafı Əli Kərimlinin həbsə aparacağını bilə-bilə bu missiyanı Qəhrəmanlıya həvalə etdiyi və əsas rəqibini bu yolla sıradan çıxardığı versiyasını gücləndirir.

Milli Şuraya sədr olması təklifindən sonra T.Yaqublunun da ön plana çıxarılması keçmiş təcrübə fonunda diqqət çəkir və sual yaranır: Yaqublu Hacılı-Kərimli- Həsənli oyununun qurbanıdırmı?

Nə deyə bilərik, Allah qapısını açsın...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm