Nida Təhlil
Hədəf qardaşlıqdır: Türkiyədə Azərbaycana qarşı məkrli kampaniya
Avropa Ravvinlər Konfransının 3-6 noyabr tarixində Bakıda keçirilməsi planlaşdırılan toplantısı fonunda Azərbaycana qarşı banallaşmış iddialar/ittihamlar yenidən dövriyyəyə buraxılıb: “Azərbaycan İslam birliyinə zərbə vurur”, “İsrailə xidmət edir”, “Qəzzada mübaribə gedir, Azərbaycan İsraili dəstəkləyir” və s. və i.a.
Eyni iddialar eyni mərkəzlər tərəfindən eyni məqsədlə zaman-zaman ortaya atılır. Təəccüblü deyil. O da təəccüblü deyil ki, eyni iddiaların əks olunduğu anti-Azərbaycan kampaniyası həm də məhz qardaş Türkiyədə davam etdirilir, çünki daha öncə də müxtəlif motivlər üzərindən bu baş verib. Təəccüblü olan Türkiyədə müəyyən mərkəzlər tərəfindən idarə olunan və Azərbaycanın milli maraqlarına zərbə vurmaq məqsədilə aparılan çirkli təbliğatın hər dəfə təkrarlanması, buna heç bir müdaxilənin edilməməsidir. Bu fakt Azərbaycan ictimaiyyətində dərin təəssüf doğurur. Çünki qardaşlıq hüququ xəyanəti qorumamlıdır. Türkiyədə Azərbaycana, həm də bir millətin iki dövləti arasındakı qardaşlığa qarşı edilən xəyanətlərin qorunduğu, “ayaq tutub yeriməsinə” şəraitin yaradıldığı təəssüratı yaranır. Azərbaycana qarşı yalan dolu iddialardan ibarət kampaniyanın təkrarlanmasının başqa adı yoxdur.
- “Azərbaycan Fələstinə yox, İsrailə dəstək verir” yalanı;
- “Azərbaycan Qəzzaya hücum edən İsrail təyyarələrini yanacaqla təmin edir” yalanı;
- “Azərbaycan 7 oktyabrda İsrailə dəstək məqsədilə bayraqları yarıya qədər endirdi” yalanı;
- Türkiyə mediasında SOCAR-a qarşı anti-təbliğat və ofisinə edilən hücum cəhdi;
Davamlı şəkildə həyata keçirilən bu kampaniya hər şeydən öncə Azərbaycan-Türkiyə qardaşlığını zədələməyə hesablanıb. Buna rəğmən, Türkiyədə prosesə müdaxilə edilməməsi Azərbaycanda haqlı olaraq, birmənalı qarşılanmır. Axı qardaşlıq hüququ bu demək deyil.
Qardaşlıq hüququ o da demək deyil ki, iki dövlətdən biri öz müstəqil daxili və xarici siyasətini həyata keçirə, yaxud əməkdaşlıq istiqamətini müəyyənləşdirə bilməz. Azərbaycan və Türkiyə dərin köklərə əsaslanan qardaş ölkədir, bu qardaşlığı heç bir qüvvə poza bilməyib, poza bilməyəcək də. Amma və lakin, həm Türkiyənin, həm Azərbaycanın bir-birinin milli maraqlarını nəzərə alaraq, müstəqil şəkildə siyasət aparmaq, qərar vermək hüququna var. Türkiyə bunu edəndə Azərbaycanda hörmətlə, anlayışla qarşılandığı halda, adekvat münasibət görməməyimiz haqlı narazılıq yaradır. Avropa Ravvinlər Konfransının Bakıda keçirilməsi məsələsində də bu yanaşma müşahidə edilir. Halbuki, Bakının bu konfransa ev sahibliyi etməsi həm mənəvi, həm coğrafi baxımdan başadüşüləndir və bunun iddia edildiyi kimi, nə İslam həmrəyliyinə ziyanı var, nə də məqsəd “İsrailə dəstək” deyil.
Birincisi, tolerantlığı ilə qlobal nümunəyə çevrilən Azərbaycan həm də yəhudi əsilli vətəndaşlarımızın vətənidir: onların dini rəhbərlərinin paytaxtımızda toplanmasından təbii heç nə ola bilməz;
İkincisi, Bakı dinlərarası dialoq platformasıdır;
Üçüncüsü, Azərbaycanın beynəlxalq konfranslara ev sahibliyi etmək təcrübəsi və belə tədbirlərdə ən vacib element olan güclü təhlükəsizlik sistemi mövcuddur;
Dördüncüsü, konfransın Bakıda keçirilməsində coğrafi amil də rol oynayır, çünki həm Avropadan, nə İsraildən iştirakçılar var və qonaqlar optimal məkan kimi Azərbaycan paytaxtına üstünlük verir;
Bunu ittiham mövzusuna çevirmək fələstinliləri müdadfiə etmək yox, məhz Azərbaycana zərbə vurmaq məqsədi daşıyır. Bunun Türkiyədə baş verməsi isə qardaşlıq hüququna xəyanət etməkdir.
Türkiyədə Azərbaycana qarşı dəfələrlə irəli sürülən Fələstin ittihamlarından artıq çürümüş qoxusu gəlir:
- Azərbaycan Fələstinin müstəqilliyinin 33 il öncə - 1992-ci ildə tanıyıb;
- Qəzza məsələsində beynəlxalq hüququn tələb etdiyi ikili dövlət prinsipini dəstəkləyir;
- Qəzza sülh konfransında Prezident İlham Əliyevin şəxsən iştirakı və Azəbaycanın bölgənin həm siyasi, həm təhlükəsizlik, həm də infrastruktur olaraq gələcək inşasında yer alması bu məsələyə münasibətinin ən bariz nümunəsidir;
Azərbaycan Fələstinin müstəqilliyini tanıyan və Qəzza məsələsində beynəlxalq hüququn tələbini müdafiə edən nadir ölkədir ki, İsraillə də yaxşı münasibətlərə malikdir. Bu diplomatik üstünlüyümüz qardaş Türkiyənin Yaxın Şərq siyasəti üçün də yeni imkanlar açır: Bakının Qəzza da daxil olmaqla bütövlükdə Yaxın Şərqin gələcək inşasında - siyasi, təhlükəsizlik və infrastrukturunun qurulmasında iştirak etməsi Ankaranın bölgədəki maraqlarını qorumaqda əlini gücləndirir; Suriyada toqquşan İsrail və Türkiyənin Bakıda dialoq qurması, Azərbaycanın qardaş və dost ölkə arasındakı vasitəçiliyi bunun real nümunələrindəndir.
Lakin Azərbaycanın Fələstin məsələsində 30 ildən artıqdır dəyişməyən qəti mövqeyi və Türkiyənin də maraqlarının qorunmasına verdiyi mühüm töhfələrə rəğmən, “Fələstin, Qəzza, İsrail” iddiaları üzərindən yalan kampaniya ilə üzləşməsi absurd göründüyü kimi, buna heç bir müdaxilənin edilməməsi də art niyyətin olduğu fikrini gücləndirir. Eyni zamanda, Türkiyənin özünün ravvinlərin konfransı məsələsi də daxil olmaqla İsraillə münasibətlərinə dair gerçəkləri də ön plana çıxarır.
Azərbaycanın ittiham olunduğu Türkiyədə İsrailə gerçək münasibət necədir?
1. Bu gün ravvinlərin Bakı toplantısına görə Azərbaycanın ittiham olunduğu Türkiyədə eyni motivli konfrans daha öncə - 2021-ci ildə keçirilib. İlk toplantısını məhz Türkiyədə gerçəkləşdirən İslam Ölkələri Ravvinlər İttifaqının üzvləri Prezident Rəcəb Tayyip Ərdoğan tərəfindən də qəbul edilmişdi.
Məsələ həqiqətən “İsrailə dəstəkdirsə”, Azərbaycanı ittiham edənlər o zaman buna niyə susurdu?!
2. Kəskin siyasi ritorikaya rəğmən, Türkiyə və İsrail arasında ticarət əlaqələri hər zaman yüksək səviyyədə olub. 2024-cü ilin statistikası bunu bir daha ispat edir.
Birləşmiş Millətlər Təşkilatının Əmtəə Ticarət Statistikası Məlumat Bazasına əsasən, 2024-cü ildə İsrail Türkiyənin 5-ci ən böyük ticarət tərəfdaşı olub. Rəsmi məlumata görə, İsrail Türkiyəyə 600 milyon dollarlıq ixracat həyata keçirib və 2,8 milyard dollarlıq məhsul alıb.
O zaman Qəzzada müharibə getmirdimi, qan axmırdımı? Bəs, Azərbaycanı İsraillə iqtisadi əməkdaşlıqda ittiham edənlər bu statistika qarşısında niyə susqunluq nümayiş etdirirdi?
3. Açıq mənbələrdə yayılan məlumatlar Qəzza müharibəsinə rəğmən Türkiyənin böyük şirkətlərinin İsraillə ticarəti davam etdirdiyi faktını ön plana çıxarır. Və bu şirkətlərin, xüsusilə İsrailə materiallar daşıyanların bir çoxunun ya rəhbəri, ya ortağı Türkiyədə hakimiyyət təmsilçiləridir.
- İsrailə materiallar daşıyan “Manta Dənizçilik” şirkətinin rəhbəri Mərt Çətinkayanın Burak Ərdoğanla ortaq olduğu məlumatları var;
- “Oras Dənizçilik”in sahibi Salih Zeki Çakır Binəli Yıldırımın oğlu Ərkan Yıldırım və AKP millət vəkili Vəhbi Koç ilə ortaqdır;
- “Hatay Roro” gəmisinin sahibi, AKP millət vəkili namizədi və keçmiş il başqanı İbrahim Gülərdir;
- “Osmanoğulları Qaz Beton” şirkətinin sahibi, Malatya Yaşılyurt bələdiyyə başqanı, AKP-çi Məhmət Çınardır;
- İsrailə kabel tədarük edən “Pamukkale Kablo” nun sahibi Mustafa Semerci BBP qurucusudur və hakim koalisiyada yer alır;
- “Zorlu Holdinq”, “MNG Holdinq”, “Limak Holdinq”, “Sabancı Holdinq”, “Arkas Holdinq”: hər biri İsrailə böyük biznes əlaqəsinə malikdir.
- “Kolin Holdinq” İsrailin hərbi təyyarələrinə yanacaq daşıyan tankerlərin baxılmasını və təmirini həyata keçirir;
Sual yaranır: İsrailin Qəzzada apardığı müharibəyə gerçək mənada dəstək verənlər kimlərdir? Bu faktlar fonunda Türkiyədə hələ də Azərbaycana qarşı yalan iddiaların səsləndirilməsinə və buna heç bir müdaxilə edilməməsinə nə ad vermək olar? Qərəzmi, sifarişmi? Hər ikisi aydın görünür.
Azərbaycan üçün qardaş Türkiyənin İsrail də daxil olmaqla istənilən ölkə ilə siyasi və ticarət əlaqələri müstəqil siyasətidir, hətta Ermənistana münasibətdə belə anlayış nümayiş etdirmişik, amma heç nə unudulmayıb: Qarabağın işğalı dövründə Türkiyənin susqunluğu və ermənilərə qucaq açması da, torpaqlarımızda işğal davam edəndə Ermənistanın xilasına hesablanmış məkrli planlar da.
Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı etnik təmizləmə aparılarkən, Türkiyə dövləti susmağı, görməməzliyi seçmişdi, əvəzində ermənilər qardaş ölkədə rahat şəkildə yaşayır və işləyir, hətta qəzet belə çıxararaq, Azərbaycana qarşı anti-təbliğat apara bilirdi. “Agos” qəzeti qardaş ölkədə Qarabağın işğalını dəstəkləyən əsas tribuna rolunu oynayıb. Bu qəzetin erməni əsilli redaktoru Hrant Dinkə görə İstanbul küçələrini inildədən “hamımız erməniyik” şüarları da xatirələrdə ağrılı iz buraxıb. 2008-ci ildə məlun “Sürix protokolları”, Xocalı soyqırımında iştirakını etiraf etmiş Serj Sarkisyanla “futbol diplomatiyası”, Azərbaycan bayraqlarının ayaqlar altına atılması da yaddan çıxmayıb. Bütün bunlar olanda nə üçün “Türkiyə Azərbaycanı Ermənistana satdı”, “Azərbaycanın maraqlarına zərbə vuruldu” deyilmirdi?!
Azərbaycan hər şeyə rəğmən, Türkiyə ilə qardaşlıq bağlarını möhkəmləndirmək istiqamətində işləyir, həm dövlət, həm xalq olaraq. Və milli maraqlarımıza zərbə olan bütün addımları da hər zaman qardaşlıq hüququna görə böyütməyib, istənilən problemi mediada təbliğat hücumu ilə yox, masada müzakirə ilə həll etmək siyasətini əsas götürüb. Lakin eyni münasibəti Türkiyədən də gözləyirik. Azərbaycana qarşı aparılan əsassız kampaniyalara “dur” deyilməlidir, çünki bu cür yalanlar qardaşlığımıza, birliyimizə, dirilimiyizə zərbə vurur.
Asif Nərimanlı
-
Magazin201:41Məşhur aktyorun model sevgilisi mini ətəkdə - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Duygularınız yüksələ bilər
-
Magazin128 Oktyabr 23:12Şəbnəm Tovuzlu cərimələndi
-
İdman28 Oktyabr 22:36Səmada stadion: Səudiyyə Ərəbistanı dünyanı belə heyrətləndirəcək - VİDEO
-
Magazin128 Oktyabr 22:00Nəcibənin xınasıdır… - VİDEO
-
Cənubi Qafqaz28 Oktyabr 21:36Masisin müxalifətçi meri BELƏ HƏBS EDİLİB
-
İdman28 Oktyabr 21:24Messi bu idmançılara heyran olub - ADLAR
-
MDB28 Oktyabr 20:00Dollar və avro yenidən BAHALAŞDI


































.jpg)




