Makron ciddi ölkə rəhbəri kimi davranmır - Politoloq
Bizi izləyin

Nida Təhlil

Makron ciddi ölkə rəhbəri kimi davranmır - Politoloq

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, hüquq əsasında həll olunmasını təklif edib. Lakin onun münaqişənin qeyd-şərtsiz dayandırılması ilə bağlı səsləndirdiyi çağırışları əsassızdır. Bu bəyanat özü çoxlu suallar doğurur, hansı hüquqi əsaslardan danışır? Fransanın həmsədr olduğu beynəlxalq təşkilat 27 ildir qəbul olunan hüquqi sənədləri reallaşdıra bilmir. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamədə təkidlə qeyd olunub ki, Ermənistan öz işğalçı siyasətini dayandırsın.

Bu sözləri Publika.az-a açıqlamasında BDU-nun Geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, dosent Fərhad Hüseynov deyib. O bildirib ki, bu hüquqi sənəd 27 ildir həyata keçirilə bilmir:

“Makron indi çalışır ki, hüquqi əsaslara söykənsin. Əslində son bəyanatları onu göstərir ki, Makronun nə isə etməyə heç niyyəti yoxdur, açıq-aşkar düşmənçilik siyasəti aparır. Ciddi ölkə rəhbəri kimi davranmır, faktiki olaraq özü-özünə qarşı çıxır. 93-cü ildə Fransa 4 qətnaməyə səs verib, Ermənistanı işğalçı qüvvə adlandırıb, müharibəni dayandırmağa çağırıb. Amma 27 ildir bu məsələdə heç bir iş görməyib. Makronun məqsədi erməni seçicilərin və erməni diasporunun səsini qazanmaqdır. İkincisi, yüksək beynəlxalq qurumun 27 il əzrində gücü yoxdur ki, bu hüquqi əsasları həyata keçirsin? Ermənistanın Azərbaycana qarşı apardığı təxribatlar nəticəsində Azərbaycan öz hüquqları uğrunda hərbi əməliyyatlara başlamağa məcbur oldu. Tovuz hadisələrini, diversiya qruplarının keçirilməsini unutmamalıyıq. Erməni tərəfi bizi müharibəyə vadar edir”.

Ekspert əlavə edib ki, Makron İkinci Dünya müharibəsində onlarla azərbaycanlının fransalıları qorumaq üçün öz canlarından keçdiyini unutmamalıdır:

“Nəcib insanın fərqləndirici xüsusiyyəti minnətdarlıqdır. Fransalılar unutmamalıdır ki, İkinci Dünya müharibəsində onlarla azərbaycanlı onları qorumaq üçün öz canlarından keçib. Əhmədiyyə Cəbrayılovu xatırlayaq, o, göstərdiyi şücaət və qərhəmanlığı sayəsində Fransanın general və marşallarından öndə gedirdi. Heç olmasa bu müharibədə həlak olan azərbaycanlı igidlərin əziz xatirəsinə görə yersiz bəyanatlar verməsin”.

Fərhad Hüseynovun sözlərinə görə, Azərbaycan Ordusunun qazandığı uğurlar sözsüz ki, Prezidentimizin düzgün siyasəti və torpaqlarımızın azad olunması uğrunda göstərdiyi qətiyyətinin nəticəsidir:

“İlham Əliyev Fransa prezidentinə izah etdi ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub, biz 27 ildir səbr edirik. Prezident düzgün vurğuladı ki, bütün təxribatı ermənilər başlatdı və məsuliyyət ermənilərdədir. Ermənistan hüquqa əsaslanaraq məsələni həll etmək istəyirdisə, işğalçı qüvvələri torpaqlarımızdan çıxarardı, danışıqları beynəlxalq sənədlərdə əksini tapmış müddəalara əsasən aparardı. İndi aydın olur ki, Fransanın bu münaqişəni həll etməyə marağı olmayıb.

Fransanın Beynəlxalq Münasibətlər və Strategiya İnstitutunun rəhbəri Didye Biyon Fransada gedən müzakirələrdə qeyd edib ki, Azərbaycanın addımları beynəlxalq hüquqa uyğundur, Azərbaycan öz ərazi bütövlüyü uğrunda işğalçı qüvvələrə qarşı mübarizə aparır. Makron onu da bilməlidir ki, ölkəsinin ziyalıları və alimləri onunla razılaşmır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm