Paşinyanın naziri də biabır oldu: CNN-də erməni işğalının İFŞASI
Bizi izləyin

Nida Təhlil

Paşinyanın naziri də biabır oldu: CNN-də erməni işğalının İFŞASI

“Dağlıq Qarabağ rəsmi olaraq Azərbaycanın bir hissəsidir”. CNN-nin məşhur aparıcı Kristin Amanpur Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla müsahibəsinə bu təqdimatla başladı və erməni nazirin ümidlə getdiyi Vaşinqton səfərini alt-üst etdi.

Oktyabrın 23-də Mnatsakanyanın imdad diləmək üçün növbəti ünvanı okeanın o tayı – ABŞ idi. Cəbhədə ağır zərbələr alan işğalçı ölkə Azərbaycan Ordusunun qarşısını almaq üçün diplomatik cəbhədə qapı-qapı dilənməkdədir. İndiyə qədər döydüyü qapılardan heç bir kömək ala bilməyən Ermənistan son olaraq Vaşinqtona üz tutdu, əldə etdiyi adi bəyanatdan başqa bir şey olmadı. Azərbaycan bütün dünyaya işğal faktı ilə barışmadığını cəbhədə nümayiş etdirir və ölkələr də anlayır ki, Bakının ədalətli mövqeyinin qarşısında duruş gətirmək mümkün olmayacaq.

Və beynəlxalq ictimaiyyət erməni yalanlarını daha həzm edə bilmir. Mnatsakanyanın CNN-nin efirində düşdüyü acınacaqlı vəziyyət bunun növbəti sübutudur.

Məşhur aparıcı Amanpur müsahibəyə başlamamışdan öncə izləyicilərə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu elan edir, bununla erməni nazirin yalanlarına inanmayacaqlarını göstərir. Və müsahibənin başlanması ilə Amanpurun da erməni yalanlarının ifşası başlanır...

Mnatsakanyan klassik yalanlara əl atır, 90 min “qaçqın”ın olduğunu iddia edir, Ermənistanın etdiyi bütün vandalizmi Azərbaycanın adına yazmağa çalışır.

Amanpur ümumiyyətlə onu dinləmir, çıxışını tez-tez yarımçıq kəsir və fakt kimi beynəlxalq sənədi göstərir.

BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan 4 qətnaməsinin olduğunu, 2008-ci ilin martın 14-də BMT Baş Assambleyasının geniş iclasında qəbul olunan “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməni xatırladır.

9 bənddən ibarət bu qətnamə BMT Baş Assambleyasının Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyini bir daha ifadə edir. Sənəddə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək ifadə olunur, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılması, məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılması tələb olunur.

Mnatsakanyan bu fakt qarşısında özünü itirir və mövzunu dəyişməyə çalışır.

Mənzərə tanışdır, erməni baş nazir Nikol Paşinyan bir müddət əvvəl BBC-nin “Hard Talk” verlişində eyni vəziyyətə düşmüşdü, çünki işğalçı ölkənin rəhbərliyi işğal faktına artıq heç nə ilə haqq qazandıra bilmir.

Paşinyanın naziri də özü kimi sualdan yayınır. Hiss olunur ki, Amanpur yalanlardan yorulub və növbəti faktla Mnatsakanyanı daha da küncə sıxışdırır.

Nikol Paşinyanın işğal faktını özündə ehtiva edən “Qarabağ Ermənistandır” açıqlamasını yada salır və bunun səbəbini soruşur.

“Bu açıqlama, Ermənistanın Qarabağı özünə birləşdirmək istəməsi kimi qəbul edilə bilərmi?”.

Mnatsakanyan yenə ən yaxşı bacardığı yolu seçir: sualdan yayınır. İddia edir ki, Paşinyan bu bəyanatla “Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyində Ermənistanın rolunu” ifadə edib.

Nə Amanpur, nə də CNN-nin çoxmilyonlu izləyiciləri Zöhrabın Nikolun absurd iddiasını təmizə çıxarmaq üçün çabalamasına inanmır.

Müsahibədə işğalçı Ermənistanı ifşa edən bir məqam xüsusilə diqqət çəkir.

Mnatsakanyan Ermənistanın mülki əhaliyə qarşı törətdiyi vandalizm hücumlarını Azərbaycanın əməli kimi göstərməyə çalışır, “yazıq xalq” obrazına bürünərək, “mülki ermənilərə hücum edildiyini” iddia edir.

O, absurd iddialarını dilə gətirəndə CNN-nin efirində foto göstərilir: Ermənistanın Gəncəyə ballistik raketlərlə hücumu nəticəsində dağılan evlərin və mülki obyektlərin görüntüləri.

Bu, Ermənistanın yalanlarının ifşa edildiyi və diplomatik acizliyinin ortaya çıxdığı ikinci hadisədir.

Birinci dəfə Paşinyan biabır oldu, indi də Mnatsakanyan. İşğalçı ölkə bütün cəbhələrdə məğlub olur...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm