Ermənistana hansısa dövlətin silah satması beynəlxalq hüquqa ziddir - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Ermənistana hansısa dövlətin silah satması beynəlxalq hüquqa ziddir - ŞƏRH

“BMT Təhlükəsizlik Şurasının qətnaməsi beynəlxalq birliyin adından qəbul edilən qətnamədir. 4 qətnamə beynəlxalq birliyin adından qəbul edilib. Mən o qətnamələrin stenoqramlarına baxmışam, 15 dövlətin hamısı onların lehinə səs verib. Yəni, orada bitərəf, əleyhinə olan dövlət də yoxdur. Əgər Ermənistan rəhbərliyi beynəlxalq birliyin iradə ifadəsinə belə yanaşırsa və bu gün öz erməni xalqını aldadırsa, üstəgəl, 15 yaşına çatmamış uşaqları və qadınları hərbi əməliyyatlara cəlb edirsə, bunlar özü əxlaq normalarına ziddir”.

Bu sözləri Publika.az-a Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev deyib.

Onun sözlərinə görə, qadınların hərbi əməliyyatlara cəlb edilməsi beynəlxalq bəyannamə ilə qadağandır: “Bununla bağlı bəyannamə qəbul edilib. Üstəgəl, erməni əsillilərə müraciət edib, onlara maliyyə vəd edib, muzdlu formasında bura gətirirsə, Ermənistan rəhbərliyinin heç bir əxlaq normasına əməl etməsi mümkün deyil. Əxlaq norması da beynəlxalq hüququ tənzimetmədə mühüm rol oynayan normalardan biridir. Ancaq bu normalara əməl etməyən dövlət və onun hərbi-siyasi rejimi əxlaq normalarına da qətiyyən əməl edə bilməz”.

“Beynəlxalq hüquqda belə bir termin mövcuddur: cinayətkar dövlət, dövlətin beynəlxalq cinayəti. Yəni, dövlət də beynəlxalq cinayət edir. Kimin əli ilə? Bax, orada oturan hərbi-siyasi rəhbərliyin əli ilə. Ona görə də bu gün Ermənistanda hərbi-siyasi rejim tək xalqı yox, dövləti də beynəlxq hüquqi məsuliyyətə sürükləyir. Erməni xalqı fikirləşməlidir ki, bu dövlətin axırı hara gedir? Dövlətin özü və hərbi-siyasi rejimi bütün beynəlxalq cinayətləri törədib. Bunların məsuliyyəti olacaq. Bu, çox ciddi məsələdir. Erməni xalqı indidən bu məsələni bilməlidir”, - deyə professor əlavə edib.

Ə.Əliyev qeyd edib ki, Ermənistana sanksiya tətbiq olunmalı idi, amma bu vaxta qədər sanksiyalar tətbiq olunmayıb: “Sanksiyaların növü çoxdur. Birinci, ən böyük sanksiya ona hərbi müdaxilə olmalı idi. Ən böyük sanksiya budur. Ancaq ondan qabaq iqtisadi, siyasi sanksiya olmalıdır. Siyasi sanksiya odur ki, onunla heç kim beynəlxalq müqaviləyə getmir. Deyir, mən səninlə müqavilə imzalamıram. Amma onu beynəlxalq təşkilatlara qəbul ediblər. İkinci, iqtisadi sanksiyadır, ona silah satmırlar. Nəinki silah, heç nə. Bu gün Ermənistana hansısa dövlətin silah satması beynəlxalq hüquqa ziddir. 2013-cü ildə BMT-nin silah ticarəti haqqında müqaviləsi mövcuddur. Orada yazıblar ki, hansı dövlətə silah satmaq olmaz. Müharibə cinayəti, təcavüz edən, BMT-nin qətnamələrinə riayət etməyən dövlətə silah satmaq olmaz. Ancaq Azərbaycanın haqqı var. Çünki Azərbaycan 51-ci maddə ilə özünü müdafiə edir, öz ərazisində anti-terror əməliyyatı həyata keçirir. Ermənistan bu sanksiyalara əməl etməsə, nəhayət, dördüncü hərbi güclər nə etməlidirlər? Hərbi güclər Azərbaycanı gücləndirməlidirlər, onu silahla təmin etməlidirlər, öz qoşunlarını da Azərbaycana verməlidirlər ki, getsin öz ərazilərini işğaldan azad etsin. Bu, beynəlxalq birliyin vəzifəsidir”.

Beynəlxalq birliyin vəzifəsini yerinə yetirmədiyini nəzərə çatdıran professor bildirib ki, biz torpaqları alandan sonra onun özünə qarşı da müəyyən məsələlər qaldıracağıq: “BMT Təhlükəsizlik Şurasının qətnaməsində yazılıb ki, qaçqınlarımızı şərəflə qaytarmalıdırlar. Kim şərəflə qaytaracaq? Biz indi onu sorğu edəcəyik. Kim qaytarmalıdır, gəlsin, meydana çıxsın. Bizim qaçqınımızın əvvəlki vəziyyətini bərpa etsin, evini versin və şərəflə qayıtmaq hüququnu təmin etsin. Bunu etməlidir. İndi biz müharibəni qurtaraq, bütün torpaqlarımızı azad edək, bizim işimiz beynəlxalq təşkilatlardan tələb etməkdir ki, bizə dəyən ziyanı ödə. Ödəməsə, ona qarşı sanksiya tətbiq edəcəklər, verməyəcək, onu kapitulyasiya edəcəklər. Ermənistan gələr, məsuliyyətini boynuna götürər”.

Ə.Əliyev hesab edir ki, Ermənistan öz büdcəsindən hər il Azərbaycanın büdcəsinə pul ayırmalıdır: “Ermənistan bilir ki, bunların hamısını edəcək. Ona görə istəyir ki, öz cinayətkar əməllərini ört-basdır etsin. İkincisi, istəyir ki, bu münaqişənin sferasını genişləndirsin, özü aradan çıxsın. Ancaq Azərbaycan buna getmir, səbir nümayiş etdirir. Baxmayaraq ki, bizim kollektiv özünümüdafiə hüququmuz var, deyə bilərik gəlin, bizə kömək edin. Bizim əlimizdə BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Gürcüstana, Türkiyəyə, Fransaya, Almaniyaya, hamısına müraciət edə bilərik. Amma Azərbaycanın özünün yaxşı ordusu var, üstünlük verir ki, münaqişəni özü həll etsin. Ozü həll edəndən sonra Ermənistan necə dağıdıb, nə edib, bizim işimiz beynəlxalq təşkilatlarda o kompensasiyanı almaq olacaq. Ermənistanı elə günə qoyacağıq ki, beynəlxalq hüququn köməyi ilə heç nəfəs ala bilməsin”.

Şamo Emin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm