Üç mühüm addım: Azərbaycan sənayesində yeni dövr başlanır
Bizi izləyin

Nida Təhlil

Üç mühüm addım: Azərbaycan sənayesində yeni dövr başlanır

44 günlük müharibəni zəfərlə başa vurulması və torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycanda bir çox sahələrdə olduğu kimi, iqtisadiyyatda da vacib addımlar atılır. Xüsusilə, ölkə iqtisadiyyatının idxaldan asılılığının aradan qaldırılması, ixrac imkanlarının genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi prioritet istiqamətlərdir.

Prezident İlham Əliyevin yanvarın 18-də Sumqayıt Kimya Sənaye Parkında təməlini qoyduğu “Azərsulfat” MMC və “Glassica” QSC-nin zavodları bu baxımdan olduqca əhəmiyyətlidir. Bu zavodların təməlinin atılmasında məqsəd sənayeləşmənin, eləcə də qeyri-neft sənayesinin inkişafıdır.

Sulfat turşusu istehsalının perspektivləri

“Azərsulfat” MMC-nin “sulfat turşusu istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ dollarıdır. Zavodda ildə 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri yaradılacaq.

Bu zavodun işə düşməsi bir neçə kontekstdə əhəmiyyətlidir:

- Yeni iş yerlərinin yaradılması: Zavodda ilkin olaraq 30-dan çox iş yeri yaradılacaq, lakin istehsal gücü artdıqca bu sayı artırılacaq;
- İdxaldan asılılığın aradan qaldırılması: Təkcə son 3 ildə Azərbaycana hər il 5-10 min ton sulfat turşusu idxal edilir, zavodun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz ediləcək;
- İxrac imkanının genişləndirilməsi: Növbəti mərhələlərdə məhsulların Gürcüstana və Rusiyaya ixracı planlaşdırılır ki, bu da idxaldan asılı olduğumuz sahədə ixracatçıya çevrilməyimiz deməkdir;


Sulfat turşusu zavodunun istehsala başlaması təkcə bu imkanlarla yekunlaşmır. Bu addım sənayeləşmənin genişləndirilməsi perspektivlərini də genişləndirir. Çünki sulfat turşusu sənayenin müxtəlif sahələrində istehsal edilir. Misal üçün, bu turşudan mineral gübrələrin hazırlanmasında da, akumlyatorların istehsalında da istifadə edilir. Bununla yanaşı, kimyəvi məhsulların istehsalında, kənd təsərrüfatında, neft hasilatında və s. geniş istifadə edilən maddələrdəndir. Bu baxımdan,
sulfat turşusunun istehsalını ölkədə sənaye istehsalının genişləndirilməsində yeni mərhələ hesab edə bilərik.

Şüşə tara məhsullarının (butulka) istehsalı

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Glassica” Qapalı Səhmdar Cəmiyyətidir. Cəmiyyət burada şüşə tara məhsullarının (butulka) istehsalı zavodunu inşa edəcək. Müəssisənin məhsulları əsasən qida sektorunda qablaşdırmada istifadə olunacaq. İnvestisiya dəyəri 12 milyon ABŞ dolları olan müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.

Daxili təlabatı nəzərə alanda şüşə tara məhsullarının əhəmiyyəti anlaşılır. Belə ki, Azərbaycanda daxili bazarın rəngli butulkaya olan tələbatı təqribən 45-50 milyon ədəd arasında dəyişir. Zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının istehsalı nəzərdə tutulur. Beləliklə, daxili bazarın tələbatı tam ödənilir, nəticədə ixrac perspektivi yaranır.

Vərəqə şüşə istehsalı

Dövlət başçısının təməlini qoyduğu müəssisələrdən biri də vərəqə şüşə istehsalı zavodududur. “Azərfloat” QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. Ümumi investisiya dəyəri 100 milyon avro olan zavodda ildə 80 min ton müxtəlif çeşiddə vərəqə şüşə istehsal ediləcək. Müəssisənin layihələndirilməsi və qabaqcıl texnologiyalarla təchiz olunması Almaniyanın dünyada şüşəəritmə texnologiyaları sahəsində 135 illik təcrübəyə malik “HORN Glass Industries AG” şirkəti tərəfindən təmin edilib. Müəssisədə İtaliya, Finlandiya və Çin texnologiyalarından da istifadə olunur.

Beləliklə, inşaatda və digər sahələrdə istifadə olunan vərəqə şüşə bu zavodda istehsa olunacaq. Hazırda ölkədə vərəqə şüşələrə olan tələbat tamamilə idxal məhsulları hesabına təmin edilir. Vərəqə şüşə şəffaf və ya rəngli, eyni zamanda, kiçik və böyük ölçülərdə istehsal olunur. Dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi - yüksək keyfiyyətli rəngli və rəngsiz (şəffaf), optik baxımdan təmiz şüşə tamamilə termoformalaşdırma texnologiyası ilə istehsal edilir. Artıq Azərbaycanda da bu sahədə ən müasir texnologiya tətbiq olunur.

Vərəqə şüşə istehsalına başlanılması həm idxala son qoyacaq, həm ixrac imkanlarını artıracaq, həm də işğaldan azad edilmiş ərazilərin bərpasında bu materiala olan təlabat ödəniləcək.

İşğaldan azad olunmuş ərazilərin bərpası üçün kifayət qədər böyük vəsait tələb edir. Bu prosesdə idxaldan asılı olan sahələrin yerli istehsal hesabına təmin edilməsi strateji addımlardandır.

Prezident İlham Əliyevin Vətən müharibəsindən sonra – 2021-ci ilin başlanğıcında ilk səfərlərinin marşrutu da bu kontekstdə diqqət çəkir. Dövlət başçısı ilk səfərini Şuşaya etdi, ikinci səfərini Sumqayıta.

Bu, işğaldan azad edilmiş ərazilərin tez bir zamanda bərpa ediləcəyi və bərpa prosesində lazım olan bir çox məhsulun daxili istehsal hesabına təmin ediləcəyi deməkdir.

Zavodların təməlini qoyan Prezident İlham Əliyev dövlət televiziyasına müsahibəsində belə deyib: “Biz bu müəssisələri yaratmaqla həm bu günün məsələlərini həll edirik, həm də gələcək məsələləri. Nə üçün Azərbaycanda bizə lazım olan bütün istehsalat sahələri yaradılmasın? Sadəcə olaraq, həm xarici, həm də yerli investorların ölkəmizin gələcəyinə inamı olmalıdır, bu da həmişə olub, bu gün də var. Gözəl investisiya iqlimi olmalıdır. Dünya Bankının “Doing Business” hesabatında biz 10 ən islahatçı ölkə sırasındayıq və dünya miqyasında 28-ci yerdəyik. Sabitlik olmalıdır, xalq-iqtidar birliyi olmalıdır, əmin-amanlıq olmalıdır, təhlükəsizlik olmalıdır və buna da biz nail olmuşuq. Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb. Ona görə mən tam əminəm ki, bugünkü Azərbaycana investisiyalar, ilk növbədə, qeyri-neft sektoruna daha böyük həcmdə gələcəkdir. Çünki əgər əvvəlki illərdə - müharibə hələ həll olunmamış bir vəziyyətdə biz bu investisiyaları cəlb edə bilmişiksə, bu gün bunları cəlb etmək daha asan olacaq”.

Dövlət başçısının bu sözləri də atılacaq addımları və bu addımların məqsədinin nə olduğunu aydınlaşdırır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm