Qardaş ölkələri birləşdirən çox ciddi iqtisadi bağ yaranıb – Politoloq
Bizi izləyin

Nida Təhlil

Qardaş ölkələri birləşdirən çox ciddi iqtisadi bağ yaranıb – Politoloq

“Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını həm Bakının, həm də Aşqabadın çox böyük uğuru hesab edirəm. Azərbaycanla Türkmənistan bu məsələdə ortaq məxrəcə gəlmək üçün uzun müddət səylər göstərdi. Uzun müddət idi ki, danışıqlar gedirdi. Axır ki, ortaq məxrəcə gəlindi. Memorandumun imzalanması həm Azərbaycan, həm də Türkmənistan üçün böyük qələbədir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq qeyd edib ki, bundan sonra Azərbaycanla Türkmənistan Xəzər dənizinin dibindən çıxarılan karbohidrogen ehtiyatlarının birgə geofiziki tədqiqatlarını aparacaq:

“Onun geofiziki koordinatlarını müəyyənləşdirəcəklər. Estakadalar qurulacaq. Bundan sonra quyuların qazılması mərhələsi baş tutacaq. Ardınca isə əldə edilən məhsul birgə dünya bazarına çıxarılacaq. Burada üstünlük Azərbaycan tərəfindədir. Ona görə ki, Türkmənistan tərəfinin dənizin o hissəsində estakada qurmaq, quyu qazmaq üçün texniki imkanları və texnologiyası yoxdur. Amma Azərbaycanın bu texnologiyası var. Bizim Qaradağ rayonu ərazisində Dərin Özüllər Zavodumuz mövcuddur. Orada dənizin 9-10 kilometr dərinliyindən də neft çıxarmaq üçün lazım olan avadanlığı istehsal edirik. Doğrudur, bunu BP ilə birgə həyata keçiririk. Onu da deyim ki, bizdən başqa digər dörd Xəzəryanı ölkədə bu yoxdur. Post-sovet məkanında yalnız Azərbaycanda bu cür neftqazma buruqları istehsal olunur. Təbii ki, bu, BP-nin köməyi ilə yaradılıb”.

Qabil Hüseynlinin fikrincə, Türkmənistan bu cür razılığa getməklə çox ağıllı iş görüb: “Dənizin dibində qalan neft ehtiyatlarıdır, həmin ehtiyatları çıxarmaq üçün yalnız Azərbaycanın texniki imkanları var. Azərbaycan bu imkanlardan istifadə edərək dənizin dibindən çıxarılan neftə ortaq edəcək. Çıxarılan neft də Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə Avropa bazarına çıxarılacaq. Bu da çox böyük əhəmiyyətə malikdir. Çünki oradan çıxarılan neft “Brent” markalı neft hesab edilir. Yəni, dünyada ən yüksək keyfiyyətli və böyük tələbat duyulan neft hesab olunur. Həmin neft Türkmənistana və Azərbaycana böyük gəlirlər gətirəcək. Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada ön sıralarda durur”.

Ekspertin sözlərinə görə, bizim fikrimiz gələcəkdə türkmən qazını da Xəzərin dibindən çəkilən Trans-Xəzər xətti vasitəsi ilə TANAP layihəsinə qoşmaqdır: “Bu proseslərə təkcə Rusiya maneə yaradır, amma proses üzərində hazırda ABŞ-ın, Türkiyənin ciddi işləri gedir. Gələcəkdə bu proses baş verərsə, Türkmənistan Rusiyaya 150 dollara satdığı qazı Avropa bazarında 350-380 dollara sata biləcək. Aşqabadın hazırda müəyyən iqtisadi çətinlikləri var. Bu da Türkmənistan üçün çox böyük gəlir deməkdir. Ona görə də zəngin neft-qaz ehtiyatlarını Avropa bazarlarına çıxarmaq lazımdır. Bu məsələdə Azərbaycan həm texnoloji, həm də ərazisindən tranzit kimi istifadə olunması baxımından çox böyük imkanlara malikdir. Qardaş ölkələri birləşdirən çox ciddi iqtisadi bağ yaranıb”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm