Ağdam bütün dünyaya örnək olacaq
Bizi izləyin

Nida Təhlil

Ağdam bütün dünyaya örnək olacaq

“Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı. Bir daha gördü ki, Azərbaycan qarşısında onlar duruş gətirə bilməyəcəklər”. Prezident İlham Əliyev Respublika Günündə Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirakı və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi bu fikirlər həm düşmənə, həm də ermənipərəst qüvvələrə bir mesaj idi.

Bunu Publika.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

“Bəli, həqiqətən də bu gün Azərbaycan dünyanın inkişaf etmiş güclü, qüdrətli dövlətlərindən birinə çevrilib. Qırx dörd günlük müharibədə düşməni yerlə-yeksan edən rəşadətli Ordumuzun döyüş taktikası bu gün dünyanın inkişaf etmiş dövlətləri tərəfindən öyrənilir. 31 illik müstəqillik tarixi olan ölkə üçün bu, qürurverici hadisədir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır. Bunu müstəqillik günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktubları da təsdiqləyir.

Dövlətimizin başçısı ölkəyə rəhbərlik etdiyi 17 il ərzində məcburi köçkünlərlə (hazırda ölkəmizdə bir nəfər də olsun məcburi köçkün yoxdur) keçirdiyi görüşlərdə hər zaman onları əmin edirdi ki, siz tezliklə ata-baba yurdlarınıza qayıdacaqsınız. 30 il isti ocaqlarının həsrəti ilə yaşayan soydaşlarımızın ümid çıraqları nəhayət ki, işıqlandı. 28 May - Respublika Günü hər birimiz üçün iki qat sevincli gün oldu. Həmin günü Ağdamda - düşməndən azad edilmiş ərazilərdə yerli ziyalılarla, tanınmış xadimlərlə və ictimaiyyətin nümayəndələri ilə birlikdə qeyd edən dövlətimizin başçısı Ağdam şəhərinin baş planını təsdiqlədi.

Ağdam rayonunun baş planının məhz müstəqillik günü təsdiqlənməsinin rəmzi mənası var. Çünki həmin gün işğaldan azad olunmuş torpaqlarda Prezidentimizlə bilikdə olmağımız müstəqilliyimizin nə qədər güclü və əbədi olmasının göstəricisidir. Dövlətimizin başçısı qeyd etdiyi kimi, əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq müstəqil siyasət aparan qüdrətli Azərbaycanın xilaskar Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu tarixi missiyanı şərəflə yerinə yetirdi”, - Ç.Qənizadə vurğulayıb.

O qeyd edib ki, dövlətimizin başçısı dəfələrlə bildirib ki, düşmənin 30 il ərzində yerlə-yeksan etdiyi ərazilər əvvəlkindən də gözəl olacaq: “Həmin ərazilərin hamısı Ağdam şəhərində olduğu kimi, baş plan əsasında icra ediləcək. Hazırda Şuşa şəhərinin baş planı hazırlanır və bir müddətdən sonra təsdiqlənəcək. Füzuli, Cəbrayıl şəhərlərinin, o cümlədən işğaldan azad edilmiş digər şəhərlərin də baş planları üzrə iş gedir.

Dövlətimizin başçısı Ağdam rayonunun işğal altında olduğu dövrdə doqquz dəfə səfər etdiyini xatırlatdı. Həmin ərazi ilə bağlı bir çox tədbirlər keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun quruculuqla bağlı inkişaf planları təsdiq edilmişdir. Burada bir çox sosial layihələr icra edildi, məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi, infrastruktur layihələri icra edildi. Əhali təbii qazla, elektrik enerjisi, su ilə təmin edilmiş, 150-dən çox artezian quyusu qazılmışdır. İşğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. Dövlətimizin başçısı Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında demişdir ki, torpaqlarımız, o cümlədən Ağdam şəhəri və bütün rayon azad olunandan sonra buralar cənnətə çevriləcək, daha gözəl şərait yaradılacaq. Müstəqillik günü təqdim edilən Ağdam şəhərinin baş planı verilən vədlərin məntiqi nəticəsi oldu. Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bir daha vurğuladı ki, biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq.

Ağdam şəhəri üçün çox önəmli olan 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyulub. Həmçinin gələcəkdə burada iş yerlərinin yaradılması üçün təqribən 200 hektara yaxın ərazisi olan Ağdam Sənaye Parkının təməli qoyuldu. Yaxın gələcəkdə istismara veriləcək Bərdə - Ağdam avtomobil yolu iki rayon arasında əlaqələri daha da yaxınlaşdıracaq. Ağdamda İşğal və Zəfər muzeylərinin yaradılması düşmənə böyük zərbə olacaq. Şəhərin içində 125 hektarlıq böyük bir meşə zolağının, süni gölün yaradılması, kanalların , körpülərin tikintisi baş planda öz əksini tapıb.

Dövlətimizin başçısı qeyd etdiyi kimi, bütün Qarabağ zonası “yaşıl enerji” zonasına çevriləcək. İşğaldan azad edilmiş bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Yaxın gələcəkdə işğaldan azad edilmiş bütün ərazilər əvvəlki illərdən fərqli olaraq daha gözəl olacaq. Bəli, bütün dünya şahiddir ki, Qarabağ Azərbaycandır!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm