Şuşa Bəyannaməsinə daxil edilən Zəngəzur dəhlizi ifadəsinin strateji hədəfləri - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Şuşa Bəyannaməsinə daxil edilən Zəngəzur dəhlizi ifadəsinin strateji hədəfləri - TƏHLİL

Azərbaycan və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində əsas məqamlardan biri Zəngəzur dəhlizi ifadəsinin mətnə daxil edilməsidir.

Bəyanamənin mətnində qeyd olunur: “Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər”.

Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycana birləşdirən nəqliyyat kommunikasiyası ilk dəfə rəsmi sənəddə Zəngəzur dəhlizi olaraq əksini tapdı.

Üçtərəfli razılaşmaların regionda kommunikasiyanın bərpası ilə bağlı bəndlərində nə dəhliz, nə də Zəngəzur ifadəsi var. Ermənistan hakimiyyəti daxili auditoriyanı sakitləşdirmək, opponentlərinin ittihamlarına cavab vermək üçün dediyi “Mehridən dəhliz keçmir”, “Zəngəzur dəhlizi yoxdur” sözləri də bu layihənin olmaması yox, üçtərəfli razılaşmada belə ifadənin yer almamasına istinad etməsidir.

Prezident İlham Əliyev martın 6-da cəmiyyətdə “Naxçıvan dəhlizi” adlandırılan, Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyasını Zəngəzur dəhlizi elan etdi.

May ayında Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu qəbul edərkən dövlət başçısı bildirdi ki, “İkinci Qarabağ savaşından sonra biz yeni bir dəhliz üzərində çalışırıq - Zəngəzur dəhlizi. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edildi”.

Nəhayət, Şuşa Bəyannaməsinə Zəngəzur dəhlizi ifadəsi rəsmi olaraq əksini tapdı.

Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyasının rəsmi olaraq Zəngəzur dəhlizi adlandırılmasının gələcək baxımından üç əhəmiyyəti var.

Birincisi, Zəngəzur dəhlizi ifadəsinin geosiyasi leksikona daxil edilməsidir və bu, Zəngəzurun Azərbaycanın tarixi torpağı olması faktını beynəlxalq səviyyədə aktuallaşdıracaq;

İkincisi, bu, Azərbaycanın Zəngəzura qayıdış hədəfinin beynəlxalq müstəvidə legitimləşdirilməsinə zəmin yarada bilər;

Üçüncüsü, dünya Zəngəzur dəhlizindən danışdıqca, Zəngəzur və onun tarixi gündəmdə qalacaq və bu, tarixi torpağa qayıdış strategiyasında olduqca əhəmiyyətlidir;

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm