Ələt Azad İqtisadi Zonasının Azərbaycana gətirəcəyi dividendlər - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Ələt Azad İqtisadi Zonasının Azərbaycana gətirəcəyi dividendlər - TƏHLİL

Dünyada dörd mindən çox xüsusi iqtisadi zona mövcuddur və belə zonalar adətən yerləşdikləri ölkələrin iqtisadiyyatına ciddi dividendlər gətirir. Bu baxımdan, Prezident İlham Əliyevin təməlini qoyduğu Ələt Azad İqtisadi Zonasının Azərbaycan iqtisadiyyatına nə vəd etdiyi sualı kifayət qədər aktualdır.

Ələtdə Beynəlxalq Liman fəaliyyət göstərir və bu bölgə Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin keçdiyi bölgədir. Ələtdə Azad İqtisadi Zonanın yaradılması Azərbaycanı Mərkəzi Asiyanı Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubi Asiyanı (İran və Hindistan) isə Şimalla birləşdirən nəqliyyat qovşağına çevirir.

Ələt Azad İqtisadi Zonası eyni zamanda, Çindən Avropaya uzanan “Bir kəmər, bir yol” layihəsi çərçivəsində xüsusi əhəmiyyətə malikdir. İqtisadi Zonanın fəaliyyətə başlamasından sonra “Bir kəmər, bir yol” layihəsinin Şimal və Cənub dəhlizləri üzrə daşımalar da Azərbaycan üzərindən keçən Orta dəhlizə cəlb edilə, ölkəmizin tranzit qabiliyyəti daha da arta bilər.

Bununla yanaşı, Ələt Azad İqtisadi Zonasının yaradılması xarici investorların Azərbaycana cəlb edilməsi baxımından əhəmiyyətlidir. Bunun üçün Azərbaycanın böyük potensialı var.

Birincisi, ölkəmizdə münbit sərmayə mühiti mövcuddur. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan əlverişli sərmayə mühitinə görə 190 ölkə arasında 28-ci yerə layiq görülüb.

İkincisi, müasir infrastruktur mövcuddur. Misal üçün, Davos Forumunun hesabatında Azərbaycan elektrik təchizatı sahəsində dünya üzrə 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci, Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Sərmayə yatırmaq istəyən xarici investorlar adətən Dünya Bankının “Doing Business” hesabatına, o cümlədən, Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarına baxırlar və bu hesabatlarda Azərbaycanın mövqeyi kifayət qədər cəlbedicidir.

Üçüncüsü, Ələt Azad İqtisadi Zonasının yerləşdiyi coğrafiya cəlbedicidir. Bu ərazi dənizin kənarında yerləşir və bölgədə Ələt Beynəlxalq Dəniz Limanı var. Məhz bu coğrafiya xarici investorlar üçün əhəmiyyətlidir.

Dördüncüsü, Azərbaycanda mövcud olan sabitlik investorlar üçün əsas şərtlərdən biri də təhlükəsizlik amili baxımından əhəmiyyətlidir.

Ələt Azad İqtisadi Zonasının yaradılmasının konkret nəticələrinin olacağı məlumdur:

- Xarici kapitalın ölkəmizə axını təmin ediləcək;

- On minlərlə yeni iş yeri yaradılacaq;

- Azərbaycanın tranzit qabiliyyəti artacaq;

- Qeyri-neft sektorunun inkişafı daha da sürətlənəcək;

Ələt Azad İqtisadi Zonası 2022-ci ilin iyulunda xarici investorları qəbul etməyə hazır olacaq. Prezident İlham Əliyev xarici investorların təkcə podratçı kimi deyil, həm də sərmayə qoyuluşları üçün Azərbaycana cəlb edilməsi prosesinin fəallaşdırılması ilə bağlı konkret tapşırıqlar verib. Bu amil də xarici investorların cəlb edilməsində əhəmiyyətli rol oynayır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm