Nida Təhlil
Vətən müharibəsinin ildönümündə Prezidentdən dünyaya MÜHÜM MESAJLAR
Vətən müharibəsinin ildönümündə Prezident İlham Əliyev beş platformada çıxış etdi: BMT Baş Assambleyasının 76-cı sessiyası; Rusiyanın “Nasionalnaya oborona” jurnalına, Türkiyənin “Anadolu” agentliyinə müsahibələr verdi; Anım Günündə xalqa müraciət etdi; Fransanın “France-24” telekanına müsahibə verdi;
Bir il öncə - Vətən müharibəsi dövründə hərbi cəbhədə müzəffər ordumuza komandanlıq edən İlham Əliyev informasiya cəbhəsindəki mübarizəyə də liderlik edirdi və məhz onun liderliyi ilə Azərbaycan həm hərbi, həm diplomatik, həm də informasiya cəbhəsində qalib gəldi.
Müharibənin ildönümündə Prezident İlham Əliyev qalib Azərbaycanın rəhbəri kimi yenidən ön plandadır, bu dəfə postmünaqişə dövrü ilə bağlı danışır, mümkün təhdidlərə cavab verir, beynəlxalq ictimaiyyətə 30 illik işğal dövründə torpaqlarımızda erməni vandallığından bəhs edir və “münaqişə bitməyib” tezisini irəli sürən güclərə tutarlı cavablar verir. İlham Əliyev Azərbaycan uğrunda mübarizəsini davam etdirir.
Prezidentin BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı ilk növbədə zaman olaraq vacib idi. Çünki Azərbaycan lideri ilk dəfə ərazi bütövlüyü bərpa edilmiş, müharibədə qalib gəlmiş ölkənin rəhbəri olaraq, BMT tribunasından çıxış edirdi. Ötən ilin 23 sentyabr tarixində Prezident BMT tribunasından çıxış edərkən, hələ Vətən müharibəsi başlamamışdı və heç kim bilmirdi ki, bu çıxışdan 4 gün sonra işğalçı Ermənistan mülki əhaliyə qarşı terror hücumu edəcək və Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşmənə cavab verəcək.
O zaman Prezident İlham Əliyev BMT-dən bütün dünyaya Ermənistanın işğal siyasətini davam etdirdiyini, münaqişənin həllindən yayındığını, təxribat və terror hücumlarına əl atdığını bəyan etmiş, BMT qətnamələrinin icra edilmədiyini vurğulamış və baş verə biləcək eskalasiyada məsuliyyətin işğalçı ölkənin üzərinə düşdüyünü bildirmişdi.
27 sentyabrda Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və cəmi 44 gün ərzində işğala son qoydu, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi. Bu tarizi Zəfərdən sonra Azərbaycan Prezidentinin BMT tribunasından ilk çıxışı xüsusi əhəmiyyət kəsb edirdi.
Prezident İlham Əliyev çıxışını birbaşa Qarabağa bağlı başlamadı: dünyanın ümumi bəlası olan pandemiyadan, iqlim problemindən, bərpa olunan enerjidən danışdı və bütün dünyanı maraqlandıran məsələlərin içinə incəliklə mesajını yerləşdirdi;
- bərpa olunan enerji layihələrindən birinin 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın işğalından azad edilmiş Şərqi Zəngəzur bölgəsində həyata keçiriləcəyini dedi;
- Qarabağ və Şərqi Zəngəzur bölgəsini Yaşıl Enerji Zonası elan etdiyini açıqladı;
Əliyev çıxışına Qarabağdan başlasaydı, diqqətin cəlb edilməsinin effekti zəif olacaqdı: dünyanı maraqlandıran və qlobal gündəmə çevrilən məsələdən bəhs edərkən Vətən müharibəsini, Azərbaycanın ərazilərini işğaldan azad etdiyini, Qarabağı (beynəlxalq ictimaiyyətin indiyə qədər qəbul etdiyi “Dağlıq Qarabağı” deyil) və Şərqi Zəngəzuru vurğuladı. Və ardınca açıq mesajlarını sıraladı.
1. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Azərbaycan tərəfindən icra edildiyini bəyan etdi: bu, “Azərbaycan özünün həll etdiyi məsələ ilə bağlı kənar müdaxilələri qəbul etməyəcək” deməkdir;
2. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı: Əliyev 7 iyul tarixli fərmanını – Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılmasını dünyaya xatırlatdı; beləliklə,
- Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin – Xankəndi, Xocalı və Xocavənd – taleyi ilə bağlı qərarın verildiyini beynəlxalq ictimaiyyətə çatdırdı: bu, Qarabağda ermənilərə “status” istəyən ölkələrə Bakının cavabıdır;
- Azərbaycan tarixi torpağı olan Zəngəzurun qərb hissəsinin Ermənistana verildiyinin sətiraltı mesajını verir: bununla Bakının Zəngəzurun qərbinə qayıdış strategiyasının dünyaya təqdim edir;
Prezident dəqiq çağırış etdi: “Mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.
3. İlham Əliyev post-münaqişə dövrünün başlandığını elan etdi və beynəlxalq ictimaiyyətə gündəliyi açıqladı: azad olunmuş ərazilərin bərpası, dəqiq mina xəritələrinin verilməsi və s;
4. Zəngəzur dəhlizi: Əliyev “Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq” deyir və bununla İrəvanın, son dövrlər Moskvanın da “kommunikasiya” adlandırdığı nəqliyyat xəttinin Zəngəzur dəhlizi olduğunu beynəlxalq ictimaiyyətə açıqlayır; bu, Naxçıvanı Azərbaycanla birləşdirəcək nəqliyyat xəttinin beynəlxalq aləmdə Zəngəzur dəhlizi olaraq təsbit edilməsi, qəbul edilməsi baxımından vacib mesajdır;
5. Sülh müqaviləsi: münaqişənin başa çatdığını BMT tribunasından elan edən İlham Əliyev bundan sonra həll edilməli məsələləri elan edir - sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi;
Və Prezident Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqların hər kəs tərəfindən qəbul edilməli olduğunu bəyan etdi.
6. Yeni addımların anonsu: Prezidentin çıxışında səsləndirdiyi “Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik” sözləri ən vacib məqamlardandır: bu, Qarabağla bağlı mesajların məntiqi davamıdır və Azərbaycanın öz sərhədləri daxilində suverenliyinə qarşı təhdidləri aradan qaldırmaq üçün atacağı addımların dünyaya anons edilməsi idi.
BMT-də dünyaya dəqiq mesajlar verən Prezident İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibəsində Vətən müharibəsinin müəyyən detallarını açdı: bu, tarixi Qələbənin necə, hansı şəraitdə və hansə əzmkarlıqla qazanıldığının göstərilməsi baxımından əhəmiyyətli idi.
Dövlət başçısı bu müsahibəsində Azərbaycan Ordusunun gücünü, 44 günlük müharibədə göstərdiyi qəhrəmanlığı açıqladı. Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğuladı. Bütün bunların fonunda əsas mesajını yenidən təkrarladı: Təhdidlər olarsa, “Dəmir Yumruq” yenidən işə düşəcək.
27 sentyabrda – Vətən Müharibəsinin Anım Günündə Prezidentin xalqa müraciəti şəhidlərimizin xatirəsinin əziz tutulması və heç vaxt unudulmayacaqlarının bəyan edilməsi idi.
Bir il öncə 30 il gözlədiyimiz müqəddəs savaşın müjdəsini verən Ali Baş Komandan bir il sonra Qələbəmizin ildönümün qeyd edir, bunu xalqla paylaşırdı və bütün çıxışlarında dediyi kimi, çünki bu Zəfərin müəllifi Azərbaycan xalqıdır.
İlham Əliyev xalqa müraciətində üç mühüm mesajda verdi.
Birincisi, “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyənlərə xəbərdarlıq etdi.
“Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”, - Prezident bəyan etdi.
Prezident bununla Azərbaycana qarşı separatizmi körükləyənlərin özlərinin də eyni halla üzləşə biləcəyini və Bakının adekvat addım atacağının mesajını verirdi.
İkincisi, şəhidlərin xatirəsi önündə erməni faşizmi baş qaldıracağı təqdirdə, atılacaq addımları sadaladı.
“Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin!”, - Prezident deyir və bununla Qarabağla bağlı geriyədönüşün olmadığı, heç bir güzəştin olmayacağı mesajını bu məsələdə maraqlı olan hər kəsə bəyan edir.
Üçüncüsü, bölgədə və Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəfin Bakı olduğunu bəyan etdi.
Prezident İlham Əliyevin “Anadolu” agentliyinə müsahibəsi mühüm məqamlar və mesajlarla zəngin idi.
1. Müharibənin günahkarı təkcə işğalçı Ermənistan yox, işğalçıya dəstək verən güclər, dünya birliyinin laqeydliyi və ATƏT-in Minsk qrupu həmsədrlərinin davranışları idi.
2. Rəsmi Bakı münaqişə dövründə heç nə etməyən Minsk qrupundan gözləntisini açıqladı: postmünaqişə dövründə regionda sülhün bərqərar olmasına, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək göstərmək;
3. Prezident Ermənistana yenidən xəbərdarlıq etdi: çünki İrəvan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur; erməni silahlı qüvvələri Azərbaycan torpağından tam çıxarılmalı, Zəngəzur dəhlizi açılmalıdır; Azərbaycan hələ ki, bu məsələlərdə səbr və təmkin nümayiş etdirir, ancaq bu, daimi ola bilməz;
4. Azərbaycan və Türkiyə münasibətləri sarsızmazdır və daim belə də olacaq;
5. Azərbaycanla Rusiya arasında münasibətlər yüksək səviyyədədir: Ermənistan mediasının dezinformasiyalarla iki ölkə arasındakı münasibətlərə kölgə saxlmaq cəhdləri baş tutmadı;
6. Zəngəzur dəhlizi məsələsi Ermənistanla əlaqələrin normallaşması üçün şərtdir;
Prezident İlham Əliyev müsahibəsində Qarabağdakı erməni vətəndaşlarla bağlı da mühüm məqamlara toxundu və bir növ Azərbaycanın onlarla bağlı proqramını şifahi olaraq açıqladı
Birincisi, ermənilərin iş üçün Şuşaya gəlməsidir:
- bu haqda məlumat mediada yayılıb, lakin Prezident bunun bir yox, bir neçə dəfə olduğunu deyir:
- beynəlxalq ictimaiyyətə ermənilərin hazırki vəziyyətdə yaşaya bilmədiyi və yaşamaq üçün Azərbaycanın idarəçiliyinin bərpa edilməsinin alternativinin olmadığı göstərilir;
- Qarabağdakı ermənilərə gələcəklərini təmin etmək üçün çıxış yolu təqdim edilir;
İkincisi, Prezident Qarabağdakı ermənilərə “sizi işlə təmin etməyə hazırıq” mesajını göndərdi və bunun üçün “hüquqi tərəfi tam yerinə oturmasının” vacibliyini vurğuladı:
- bu, ciddi problemlərlə üzləşən ermənilərin işləmək, yaşamaq və övladlarının gələcəyini təmin etmək məqsədilə Bakının idarəçiliyini qəbul etməyə sövq etmək məqsədi daşıyır;
- bölgədəki vəziyyət buna imkan verir, separatçı-terrorçu rejimin bu günlərdə bir erməni gəncini “xainlik” ittihamı ilə həbs etməsi də Bakının istədiyi şərtlərin yetişdiyi, yaxud yetişməyə başladığı göstərir;
- Əliyev erməni vətəndaşlara çıxış yolunu təqdim edir: siz Azərbaycan vətəndaşısınız, bunu qəbul edin və normal yaşayın;
Üçüncüsü, ermənilərə Qarabağ və Şərqi Zəngəzur rayonları ilə bağlı planlar nümunə kimi göstərilir: Bakı ermənilərin yaşadığı ərazilərdə də bu layihələri həyata keçirə bilər;
Dördüncüsü, Prezidentin “biz müharibə istəmirik, amma hər şey Ermənistandan asılıdır” sözləri Qarabağdakı ermənilərə də ünvanlanıb: Azərbaycan vətəndaşlığını qəbul etməmək sonda müharibəni qaytara bilər və bundan ilk növbədə bu ermənilər əziyyət çəkəcək;
Prezidentin sözləri Bakının Qarabağdakı ermənilər üçün proqramının təqdimatı da hesab oluna bilər. Bu çıxışdan sonra ermənilərin iş üçün Azərbaycan hərbçilərinə müraciət sayı da arta bilər.
Azərbaycan liderinin “France-24” kanalına müsahibəsi isə ayrıca diqqət çəkdi. Çünki telekanal Ermənistanı ermənilərdən daha çox dəstəkləyən Fransanın idi və müxbirin suallarında da qərəz açıq-aşkar görünürdü. Lakin Prezident bütün qərəzli suallara tutarlı cavab verdi, bununla həm Fransanın qərəzli mövqeyini ifşa etdi, həm də beynəlxalq auditoriyaya vacib mesajlar verdi.
Önəmli mesajlardan biri də Qarabağda ermənilərin gələcəyi ilə bağlı idi. Azərbaycan Prezidenti muxtariyyət belə verilməyəcəyini elan etdi.
İlham Əliyev deyir: “Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır”.
Jurnalist soruşur: “Yəni, onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil?”
İlham Əliyevin cavabı: “Tamamilə doğrudur, bu, artıq müzakirə mövzusu deyil”.
Və bunun elə Fransanı təmsil edən kanaldan bəyan edilməsi Makrona və “status” deyən hər kəsə verilən ən tutarlı cavabdır.
Prezident İlham Əliyev Vətən müharibəsinin ildönümündə Azərbaycan mövqeyini, regiondakı reallıqları, kənar təhdidlərə veriləcək cavablar, suveren ərazimizdə atılacaq addımlar, ən əsas da postmünaqişə dövrü ilə bağlı beynəlxalq itimaiyyəti yenidən məlumatlandırdı. Və istənilən təhdidə qarşı veriləcək cavabı da açıq şəkildə göstərdi: “Dəmir Yumruq” yerindədir...
Asif Nərimanlı
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO