İrəvanın “sülh oyunları”: Paşinyan Ermənistanı təhlükəyə atır
Bizi izləyin

Nida Təhlil

İrəvanın “sülh oyunları”: Paşinyan Ermənistanı təhlükəyə atır

Azərbaycan sülh sazişinin imzalanması ilə bağlı Ermənistana 5 maddədən ibarət təklif ünvanlayıb. Bu təkliflər həm beynəlxalq hüquqa, həm müharibədən sonra bölgədə siyasi-iqtisadi əməkdaşlığın qurulmasına, həm də bu əməkdaşlıq perspektivləri fonunda Ermənistan xalqının maraqlarına uyğundur. Çünki iqtisadi əlaqələr, kommunikasiyanın açılması hər şeydən öncə dalan ölkəyə çevrilən Ermənistanın və erməni xalqının xeyrinədir. Baza prinsipləri olan bu təkliflər eyni zamanda, beynəlxalq təcrübəyə də söykənir.

Rəsmi İrəvan isə üzdə sülh sazişinin imzalanmasında maraqlı olduğunu göstərsə də, müharibədən sonra heç bir əhəmiyyət kəsb etməyən ATƏT-in Minsk qrupunu prosesə qoşmaq istəyi ilə ikili oyun oynadığını təsdiq edir.

30 ilə yaxın münaqişənin həlli istiqamətində işləyən, daha doğrusu heç bir iş görməyən Minsk qrupu faktiki fəaliyyətsiz bir quruma çevrilib. Həmsədrlik həll etməli olan məsələni Azərbaycan öz gücü ilə həll edib. Qurumun 30 illik fəaliyyəti təsdiq edir ki, ATƏT MQ prosesi yalnız ləngidir və əlavə problemlər yaradır, obyektiv mövqe tuta bilmir, prosesin beynəlxalq hüquqa uyğun tənzimlənməsi ilə bağlı hər hansı təsir mexanizmi tətbiq etmir.

Hazırkı dövrdə ATƏT-in prosesə yenidən cəlb edilməsi, turist diplomatiyasının bərpası deməkdir. Bu, nə Azərbaycan, nə də Ermənistan xalqlarının maraqlarına cavab vermir, regionda davamlı sülhün bərqərar edilməsinə xidmət göstərmir.

Beynəlxalq təcrübədə də münaqişə tərəflərinin adətən özləri masa arxasında məsələləri müzakirə edib ortaq məxrəcə nail olmaq təcrübsindən geniş istifadə olunur. Azərbaycanla Ermənistan bu yolla davamlı sülhə nail olmaq potensialına malikdirlər.

Ermənistanın davranışı göstərir ki, sülh prosesinə ancaq sözdə pozitiv münasibət nümayiş etdirir və bununla sülh prosesini ləngidir. Və bu hər şeydən öncə həm regional sülhə, həm də Ermənistanın gələcəyinə problemlər yaradır.

Birincisi, Ermənistan nəzərə almalıdır ki, Azərbaycan bu məsələdə onu əbədi gözləmək fikrində deyil.

İkincisi, sülh prosesinin əngəllənməsi kommunikasiyaların açılmasına, Ermənistanın regionun iqtisadi həyatına inteqrasiyasına, Türkiyə ilə münasibətlərini normallaşdırmasına ciddi problem yaradır. Bu, Ermənistanın özü üçün ağır fəsadlar yaradır və bu mövqe davam etdikcə vəziyyət daha da ağırlaşacaq.

Üçüncüsü, Ermənistan rəhbərliyi tarixə bir daha nəzər salmalı və başa düşməlidir ki, Azərbaycanın rasional təkliflərindən imtina siyasəti onun hansı dividendlərdən məhrum edib. Vaxtilə Ermənistan işğal siyasətindən əl çəkib, Azərbaycanla münasibətlərini normallaşdırıb BTC nin öz ərazisindən keçməsinə nail olsaydı, çox böyük maliyyə və iqtisadi dividendlər ıldə edə bilərdi. Lakin ölkə bu şansı əldən buraxdı. İndi də Zəngəzur dəhlizini əngəlləməklə Ermənistan yeni mühüm imkanları əldən buraxır. Hazırda Çindən Avropaya alternativ marşrutlar böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin reallaşması Ermənistana bu marşrutun bir hissəsi olmağa imkan verə bilərdi. Ermənistanın düşünülməmiş siyasəti ona gətirib çıxartdı ki, Azərbaycan bu marşrutu İran vasitəsilə reallaşdırmağa başladı və Ermənistan yenə də oyundan kənar vəziyyətdə qaldı.

Ermənistan rəhbərliyi bu məsələlər barədə yaxşı düşünməli, əsassız dirənişlərindən, söz güləşdirməkdən əl çəkməli və ölkənin, xalqın gələcəyi haqqında düşünməyə başlamalıdır. Rəsmi İrəvanın hazırki mövqeyi isə göstərir ki, bu ölkənin hakimiyyəti nə xalqını, nə də dövlətinin gələcəyini düşünmür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm