Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
Bizi izləyin

Nida Təhlil

Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu

Azərbaycanın diasporu sıfırdan zirvəyə doğru inkişaf yolu keçib. Bu yolun əvvəlində reallaşdırılmağı nəzərdə tutulan məqsədlər əlçatmaz göründüyü qədər də, inandırıcı deyildi. Bir çoxları bunu heç təsəvvür edə bilmirdi. Lakin Azərbaycan diasporunun keçdiyi yol bunun əyani nümunəsi oldu.

Azərbaycan xalqı hələ sovet dövründən qürbətin nə olduğunu dadmışdı. Bir çox səbəblərdən Vətəndən uzaq düşən soydaşlarımız üz tutduqları məkanlarda geridə qoyduqları Azərbaycanı təmsil etsələr də, bunu tam formalaşmış diaspor fəaliyyəti adlandırmaq düzgün olmazdı. Diaspor fəaliyyətinin ilk növbədə mütəşəkkil formada birləşmək, bir mərkəzdən mübarizə aparmaq olduğunu düşünsək, burda koordinasiyalı şəkildə fəaliyyətdən də söhbət gedə bilməzdi. Müstəqillik qazandığımız 1990-cı illərin əvvəllərində də bu istiqamətdə hansısa irəliləyişlər gözə çarpmırdı. Amma hər şeyin bir sonu olduğu kimi, bu durğunluğun, geriləmənin də bir sonu olmalı idi.

Yenicə müstəqilliyini elan etmiş Azərbaycan üçün öz soydaşlarını bir daha ucalan bayrağının altında birləşdirmək taleyüklü məsələlərdən idi. Bu səbəbdən də dünyanın müxtəlif coğrafiyalarına səpələnmiş soydaşlarımızı birləşdirməyin zəruriliyini anlayan ulu öndər Heydər Əliyev bu istiqamətdə ilk addımı atdı. 1991-ci ilin 16 dekabrda hər il 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməklə Heydər Əliyev bütün azərbaycanlıları üçrəngli bayrağın altında birləşdirdi. Həmin vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olan Heydər Əliyev Azərbaycan dövlətinin rəhbərliyinə gəldiyi zaman diaspor quruculuğunu prioritet istiqamətlərdən biri elan edərək bu sahənin inkişafına öz töhfəsini verdi.

Dünya azərbaycanlılarını birləşdirən Həmrəylik Gününün təsis edilməsindən sonra isə 1993-cü ildə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı kimi qeyd edilməyə başlandı. Dünya Azərbaycanlılarının Həmrəylik gününün rəsmi bayram edilməsi diaspor fəaliyyətində ilk addım idi və hər bir azərbaycanlı bunun bəhrəsini gördü. Təsadüfi deyil ki, bu gün dünyanın yüzlərlə ölkəsində yaşayan azərbaycanlılar hər ilin bu gününü bütün azərbaycanlıların həmrəylik günü kimi qeyd edir.

Artıq diasporun zirvəyə doğru gedən yolunda birinci pillə qoyulmuşdu.

Diaspor quruculuğu: zirvəyə doğru...

Azərbaycanın yenidən müstəqilliyinə qovuşduqdan sonra diaspor fəaliyyətinə demək olar ki, sıfırdan başladı. Dünyanın bir çox dövlətləri, o cümlədən Ermənistan üçün diaspor maddi mənbə hesab olunsa da, Azərbaycan dövləti bu istiqamətdə ilk növbədə öz həmvətənlilərinin problemlərini aradan qaldırmaq, onlara dəstək vermək və hər bir azərbaycanlıya Azərbaycan kimi dövləti olduğu üçün dünyanın istənilən yerində qürurlanmağa imkan verəcək siyasətə aparmaqdır. Yalnız bundan sonra diaspor təşkilatlarımıza fəaliyyət göstərdikləri ölkələrdə öz vətənlərini tanıtmaq, təbliğ və təmsil etmək işi əsas götürülür. Ermənilərə yad olan bu siyasət əslində Azərbaycanın gücünü və öz soydaşlarına bəslədiyi münasibəti göstərir. Elə bu səbəbdən də dünyada məskunlaşan azərbaycanlıları tarixi vətənlərlərində bir araya toplamaq, mövcud durumu təhlil edərək yenidən təşkilatlamaq məqsədilə Heydər Əliyev 2001-ci ilin 23 may tarixində sərəncam imzaladı. Bu sərəncama əsasən həmin ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Heydər Əliyev qurultaydakı çıxışında bildirirdi ki, biz dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər birinin öz ölkəsində onun qayda-qanunları ilə yaxşı yaşamasını, öz mövqeyini möhkəmləndirməsini arzulayırıq: “Arzulayırıq ki, hər bir azərbaycanlı yaşadığı ölkədə ictimai-siyasi həyatda fəal iştirak etsin, özünə görkəmli bir yer tutsun, müəyyən təsir imkanına malik olsun Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər”.

Bununla da Azərbaycan dövlətinin hər şeydən öncə öz soydaşlarını düşündüyü ortaya çıxır. O, bu çıxışında “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deməklə Vətəndən uzaqda məskunlaşmış soydaşlarımıza Azərbaycan adlı torpağın övladları olduğunu, bu torpağa bağlılığını bir daha təsdiqlədi, hər bir azərbaycanlıya milli kimliyini yadına saldı. Bu prosesin davamı olaraq 2002-ci il, 5 iyul tarixli “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” sərəncam imzalandı. Bu sərəncam diasporun güclənməsi, təşkilatlanması istiqamətində daha bir addım oldu. Artıq diaspor fəaliyyətində zirvəyə aparan yolda pillələr bir-bir hörülürdü.

Uğura gedən yolda ikinci nəfəs

Heydər Əliyevin apardığı siyasətin davamı olaraq Prezident İlham Əliyev 2006-cı ilin fevral ayını 8-də “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” sərəncam imzaladı. Diaspor quruculuğunda ən mühüm hadisələrindən biri də dövlət başçısının 2008-ci il 19 noyabr tarixli 54 saylı “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzində diaspor fəaliyyətinin gücləndirliməsini prioritet sahələrdən biri kimi daim dünyada məskunlaşan azərbaycanlılara diqqəti ilə müşahidə olunur. Dövlət başçısı demək olar ki, bütün səfərlərində soydaşlarımızla görüşüb, onların problemləri ilə maraqlanır.

Ötən onillikdə keçirilən hər iki qurultay daha çox diaspor fəaliyyətinin təşkilatlanmasında, qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsində rol oynadı. Prezident İlham Əliyevin 2011-ci il 21 yanvar tarixində imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” sərəncamından irəli gələn “Tədbirlər planı”na müvafiq olaraq, Bakıda təşkil edilən Dünya Azərbaycanlılarının III Qurultayı isə Azərbaycan diasporunun əvvəlki illərə nisbətən gücləndiyini, qarşıya qoyulan məqsədlərin bir çoxuna nail olunduğunu göstərdi.

Qurultayda çıxışı zamanı vurğulayan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dövləti diaspor sahəsində böyük işlər görüb və bu gün diaspor təşkilatları keyfiyyət baxımından da güclənib, öz sözlərini deməyə başlayıb: “Azərbaycan diasporu xarici ölkələrin daxili siyasətinin faktoruna çevrilməli, dövlət və hökumət qurumlarında, qanunverici orqanlarında təmsil olunmalıdır. Dünyada yaşayan azərbaycanlıların bir vətəni var, o da Azərbaycandır. Dünyada yaşayan azərbaycanlıların arxasında Azərbaycan dövləti dayanır”.

Prezidentin bu çıxışı diaspor fəaliyyətinin inkişafında xüsusi stimul rolunu oynadı. Və soydaşlarımız “Dünyada yaşayan azərbaycanlıların arxasında Azərbaycan dövləti dayanır” sözlərinin əməli işdə də nəticəsini görürlər.

Güclü təşkilatlanma

III Qurultaydan sonra Prezident İlham Əliyevin tapşırıqlarına və dövlətin verdiyi dəstəyə uyğun olaraq, Azərbaycan diasporunun təşkilatlanması daha da gücləndi və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində ciddi irəliləyişlər müşahidə olundu. 2016-cı ilin “aprel müharibəsi” və sonrasında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında diasporumuzun oynadığı rol bunun əyani nümunəsidir. 2016-cı il iyunun 3-4-də keçirilən lV Qurultayda artıq kifayət qədər güclü olan diaspor Vətəndə bir araya gəlmişdi. Prezident İlham Əliyevin IV Qurultaydakı çıxışı da diasporumuzun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı.

IV Qurultaydan keçən müddətdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti təkmilləşdirildi, 2018-ci ildə yeni “Strateji Yol Xəritəsi” işlənib hazırlandı və böyük ölçüdə icra olundu. Xüsusilə diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsində əhəmiyyətli addımlar atıldı.

Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurasının yaradılması, 12 ölkədə 18 Azərbaycan Evinin yaradılması (Tallin, Varşava, Budapest, Brüssel, Zalsburq Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri) da əldə olunan əsas nəticələrdəndir. Diaspor işinə əhəmiyyətli töhfə olan addımlardan biri isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki azyaşlı uşaqlar üçün “Qarabağ” Azərbaycan məktəblərinin təsis olunmasıdır. Bu gün həmin məktəblərdə 250 artıq azərbaycanlı uşaq ana dilində təhsil alır. Bu, xaricdə gənc nəslin, həm də gələcəyimiz olan uşaqların tarixi Vətənlə bağlarının qorunması, ana dilimizin öyrədilməsi deməkdir.

Vətən müharibəsi və diasporumuzun gücü

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində artıq özü gücü ilə seçilən Azərbaycan diasporu əhəmiyyətli addımlar atdı. Diaspor təşkilatlarımız dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirdi. Bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələrinin iştirak etdilər. 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatının müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərdi. Bütün bunların Azərbaycanın haqq işinin və həqiqətlərin dünyaya çatdırılmasında, eyni zamanda, informasiya müharibəsində də qazandığımız qələbədə böyük payı var.

Diaspor fəaliyyətində yeni mərhələ

Dünya Azərbaycanlılarının V Qurultayı keçirilir. Tarixi hadisədir ki, V Qurultay azad olunmuş torpaqlarda – Şuşada keçirilir. Məhz Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş siyasəti bu reallığı mümkün etdi. Bu hadisə diaspor fəaliyyətində yeni mərhələnin başlanğıcı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm