Brüssel görüşündən gözləntilər və Əliyevin diktə etdiyi şərtlər
Bizi izləyin

Nida Təhlil

Brüssel görüşündən gözləntilər və Əliyevin diktə etdiyi şərtlər

Mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçiriləcək.

Brüssel gündəliyi ötən ilin 14 dekabrında başladı. İkinci görüş bu ilin 6 aprel tarixində keçirildi. Brüssel görüşləri müharibədən sonra alternativ platformada müzakirələrin aparılması idi. Sonuncu görüşdə bir sıra mühüm razılaşmalar əldə edildi.

- Sülh müqaviləsinin hazırlanması üzrə işin başlanması;
- Kommunikasiyanın açılmasının sürətləndirilməsi;
- Sərhədin delimitasiyası üzrə birgə komissiyanın aprel ayının sonuna kimi yaradılması;

Razılaşmaya görə, delimitasiya üzrə komissiyanın ilk görüşü aprelin 29-da Azərbaycan-Ermənistan sərhədində keçirilməli idi. Bu təşəbbüs İrəvandan gəlmişdi. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə görüş baş tutmadı və vaxtı 7-11 may tarixinə dəyişdirildi, hərçənd, yenə təyin olunan vaxtda görüş baş tutmadı.

Proseslər təsdiq edir ki, Ermənistanın məqsədi özünü razılaşmış kimi göstərmək, gerçəkdə isə heç bir real addım atmadan zamanı uzatmaqdır. Nikol Paşinyanın Moskva səfəri və verilən bəyanatlar göstərdi ki, Ermənistan Brüsseldə razılaşsa da, Avropanı Rusiyaya satıb.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın TASS agentliyinə açıqlamasında “komissiyaların görüşünün Moskvada keçirilməsinə hazır” olduqlarını bəyan etməsi də bunu təsdiqlədi.

Ermənistan tərəfi Moskva masasını önə çəkməklə müəyyən maraqlarının təmin edilməsinə çalışır, lakin burada əsas səbəb Rusiyanın təzyiqi ilə İrəvanın Brüssel masasından imtina etməsidir. Moskva bölgədə alternativ vasitəçini qəbul etmir və İrəvanın vasitəçiliyi ilə Brüssel razılaşmasını pozur. Bu, Ermənistanın Avropa İttifaqını Rusiyanın maraqlarına satması, Brüsselə xəyanət etməsidir. O qədər də təəcüblü deyil, çünki bundan öncə Rusiyanın maraqlarını Avropa İttifaqına satmışdı. Ötən ilin dekabrında Brüsseldə görüşün keçirilməsi və Avropanın proseslərə qoşulmasının təşəbbüskarı da Ermənistan idi. İndi eyni qayda ilə Aİ-nin maraqlarını Rusiyaya qurban verir və razılaşmaları heç birinə əməl etmir.

Mayın 22-də keçiriləcək Brüssel görüşünün gündəliyi müəyyən mənada məlumdur.

- Sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması ilə bağlı müvafiq komissiyalar çərçivəsində müzakirələrə başlanması;

- Humanitar məsələlər, o cümlədən mina problemi, birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanılar, kütləvi məzarlıqlar barədə məlumat verilməsi, Ermənistanda Azərbaycan xalqına məxsus tarixi-mədəni abidələr və s;

Görüşdə hansısa sənədin imzalanması gözləntisi azdır, çünki artıq gündəlik formalaşıb, indi əsas məsələ razılaşmaları icra edilməsidir. Ermənistan tərəfi prosesi nə qədər uzatmağa çalışsa da, “budaqdan budağa qonan quşlar” kimi gah Brüsselə, gah Moskvaya uçsa da, gec-tez sülh müqaviləsini imzalamağa məcburdur. Çünki hansı masaya getsə də, Azərbaycanın diktə etdiyi gündəliyi icra etməlidir.

Birincisi, Prezident İlham Əliyev prinsipial mövqeyindən bir addım belə geri çəkilmir və Paşinyan hara üz tutsa da, Əliyevin iradəsi ilə qarşılaşır;
İkincisi, İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində həm Moskva, həm də Brüssel masasındakı razılaşmalar Azərbaycanın maraqlarına uyğundur;

Hazırki proses Rusiya-Qərb qarşıdurması və hər iki tərəfin vasitəçilik missiyasını ələ almaq mübarizəsindən qaynaqlanır, hər iki tərəf də prosesə Ermənistan üzərindən müdaxilə etməyə çalışır. Prezident İlham Əliyev elə bir siyasi şərtlər formalaşdırıb ki, son nəticədə hansı tərəfin üstünlük əldə etməsindən asılı olmayaraq, Azərbaycan istədiyini alacaq.

Və əsas istinad nöqtəsi Azərbaycanın sülh sazişi üzrə irəli sürdüyü 5 bənddən ibarət baza prinspidir. Həm Qərb, həm Rusiya tərəfi bu prinsipləri qəbul edir. Ermənistanın “təklif” adlandırdığı 6 bənd isə Azərbaycanın təkliflərinə reaksiyadan başqa bir şey deyil. İndi Brüsseldə Aİ rəhbərliyi Ermənistana razılaşmalardan niyə imtina etdiyini soruşmalı və İrəvanın ikili oynamasına qarşı konkret addımlar atmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm