Brüsseldə mühüm nəticə: Əliyev nəyə nail oldu? - TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Brüsseldə mühüm nəticə: Əliyev nəyə nail oldu? - TƏHLİL

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüş başa çatdı. Görüşün yekunlarına dair qəbul edilən bəyanat – sənədin mətni konkret nəticələrin olduğunu deməyə əsas verir.

Sülh müqaviləsinin mətninin hazırlanması: razılaşmaya görə, Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirliklərinin xətti ilə sülh sazişinin mətninin üzərində iş aparılması üçün bir ay müddətində işçi qrupları yaradılacaq;

Bu razılaşma irəliyə doğru atılmış addım hesab edilə bilər və bir neçə kontekstdə əhəmiyyətlidir:

Birincisi, Brüsseldə keçirilən əvvəlki görüşlərdə sülh sazişi üzrə nümayəndə heyətinin tərkibinin formalaşdırılması razılaşdırılmışdı, Bakıdan fərqli olaraq, İrəvan bu istiqmətdə əməli addım atmadı; bu görüşdə isə konkret sülh sazişinin mətninin hazırlanmasından bəhs edilir və bu deməyə əsas verir ki, Ermənistan tərəfinin işçi qrupunu müəyyənləşdirmək öhdəliyi yenidən müzakirə edilərək, razılaşdırılıb;

İkincisi, sülh sazişi üzrə konkret mətndən bəhs edilməsi nümayəndə heyətinin tərkibinin formalaşdırılması məsələsinin artıq geridə qaldığını deməyə əsas verir: istisna deyil ki, İrəvan bu öhdəliyini qoyulan 1 aylıq müddətdə icra edəcəyi vədini verib;

Üçüncüsü, 1 ay müddətində konkret vaxtın qoyulmasıdır və bu, Bakının əlini gücləndirən məqamdır: bu müddətdə İrəvan öhdəliklərini icra etməsə, Azərbaycan tərəfinin bölgədə postmünaqişə reallıqlarını qəbul etdirmək məqsədilə bütün istiqamətlərdə ata biləcəyi addımlar legitimlik qazanır;

Sülh sazişinin mətnində nələr yer alacaq?

Razılaşmanın olması bu sualı da ön plana çıxarır və həm bölgədəki proseslər, həm Brüsseldəki gündəlik mətnin Bakının İrəvana təqdim etdiyi 5 prinsip əsasında hazırlanacağını deməyə əsas verir: bura ərazi bütövlüyün tanınması, ərazi iddialarından imtina edilməsi, sərhədlərin müəyyən edilməsi kimi mühüm məsələlər daxildir;

Sənəddə qeyd olunan digər məqamlar da Azərbaycanın gündəliyi ilə eynilik təşkil edir:

- Humanitar məsələlər: I Qarabağ müharibəsində itkin düşən azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi bəyanatda yer alır;
- Sərhədin delimitasiyası: sərhəd üzrə birgə komissiyanın növbəti iclası noyabr ayında Brüsseldə keçiriləcək;
- Kommunikasiyanın açılması: bəyanatda nəqliyyatın blokadadan çıxarılması işinin vacibliyi qeyd olunur;


Bütün bunlar Bakının postmünaqişə gündəliyinin tərkib hissəsidir və sənədin mətni göstərir ki, Prezident İlham Əliyev Brüsseldə öz gündəliyini bir daha diktə edib, bununla yanaşı, konkret nəticələrə nail olub, xüsusilə sülh sazişinin imzalanması üzrə.

Sənədin ən mühüm məqamlarından biri də postmünaqişə reallıqlarına uyğun olmasıdır:

a) Qarabağ mövzusuna toxunulmur: bu, Avropa İttifaqının Qarabağ məsələsini Azərbaycanın daxili işi olaraq qəbul etməsinin növbəti təsdiqidir;
b) ATƏT-in Minsk qrupu haqda heç bir qeyd yoxdur: bu, xüsusilə Minsk qrupunun keçmişdə qaldığını qəbul etməyən istəməyən Qərb ölkələrinə Brüsseldən verilən mesajdır və hesab etmək olar ki, Əliyev Qərb cəbhəsində postmünaqişə reallıqlarına uyğun olaraq, Avropa İttifaqının Minsk qrupu formatına alternativ platforma olaraq önə çıxması gedişinə nail olub; beləliklə, Qərbdə Azərbaycan-Ermənistan münasibətlərinə dair yeni masa qurulub, bu masada əsas vasitəçi Aİ-dir və yeni masada daxili məsələmiz olan Qarabağ müzakirə edilmir, çünki burada münaqişənin həll edildiyi faktı qəbul olunub; Və bu, Minsk qrupunu yenidən diriltmək cəhdlərinin baş tutmayacağı fikrini daha da gücləndirir;

Bu prosesdə Şarl Mişelin rolu xüsusi diqqət çəkir: Aİ Şurasının prezidenti postmünaqişə reallıqlarında Bakı-İrəvan münasibətlərinin normallaşması, sülh sazişinin imzalanması işinə mühüm töhfə verən vasitəçi kimi çıxış edir;

Görüşün yekun nəticəsini Əliyevin növbəti diplomatik qələbəsi və Bakının gündəliyinin icrası istiqamətində yeni bir addım kimi qəbul edə bilərik. Ermənistanın görüşdən öncə sərgilədiyi mövqe Paşinyanın Brüsseldə konkret nəticələrə qarşı olduğunu və bu istiqamətdə müəyyən cəhdlər etdiyini göstərirdi. Hərçənd, Əliyev yenidən bu cəhdlərin qarşısını aldı, Azərbaycanın gündəliyini bir daha qəbul etdirdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm