Kreml nüvə silahını işə salacaq: Qərbin qarşısında iki seçim... - ŞOK DETALLAR - Video
Bizi izləyin

Nida Təhlil

Kreml nüvə silahını işə salacaq: Qərbin qarşısında iki seçim... - ŞOK DETALLAR - Video

13:30

Rusiya Prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı son açıqlamasından sonra Qərb mediası ölkənin nüvə qüvvələrinin hərəkətini diqqətlə izləyir. “The Times” nəşri ötən gün Rusiyanın Ukrayna sərhədində nüvə silahının nümayişkaranə partlayışını təşkil etməyi planlaşdırdığını yazıb. Nəşr qeyd edir ki, Rusiya Qara dənizdə nüvə sınağı keçirmək niyyətindədir, hətta Ukrayna sərhədinə xüsusi texnika qatarında nüvə silahı göndərib.

Mövzu ilə bağlı Publika.az-a danışan politoloq Zərdüşt Əlizadə hesab edir ki, Putinin nüvə açıqlaması və Qərb mediasının Rusiyanın nüvə qüvvələrini diqqətlə izləməsi Kremlin taktiki nüvə silahlarını işə sala bilmək ehtimalının yüksək olduğunu göstərir:

“Putin məsuliyyətsiz adamdır. O, rus xalqına və bəşəriyyətə biganə yanaşır, özünü və hakimiyyətini hər şeydən əziz tutur. İstisna etmək olmaz ki, Moskva nüvə silahını işə salacaq. Rusiya nüvə silahından istifadə edəcəyi halda, Qərbin qarşısında iki ehtimal qalır. Birinci ehtimal Rusiyaya qarşı eyni həcmdə və eyni qüvvədə nüvə silahı işlədib onların ağlını başına gətirməkdir. Belə olacağı halda dünyada qlobal nüvə müharibəsinə səbəb olacaq ki, bu da bəşəriyyətin sonu deməkdir. Bundan sonra nə Rusiya olacaq, nə Azərbaycan, nə Avstraliya, Yaponiya, Çin... Ümumiyyətlə, bəşəriyyət məhv olub gedəcək. Bunun qarşısını almaq üçün Rusiyanın ali məclisi gərək Putin kimi lideri təcrid etsin. Əgər belə etsələr onlar da yaşayacaq, əgər etməsələr, onlar da məhv olacaq. Həm də milyonları ilə, milyardları ilə, Qərbdə təhsil alan ingilisdilli övladları ilə, məşuqələri ilə, bahalı maşınları ilə birlikdə məhv olub gedəcəklər. Çünki qlobal nüvə müharibəsi yer üzündə bəşəriyyətin sonu deməkdir”.

Politoloq Vladimir Putinin Ukraynanın işğal edilmiş Donetsk, Luqansk, Zaporoje və Xerson vilayətlərinin Rusiyaya ilhaq edilməsi haqqında müqavilələrin ratifikasiyası haqqında dörd qanun imzalamasını şantaj adlandırıb:

“Putin Qərbə bu yolla təzyiq edir. Təsəvvür edin ki, gəlib cibindən pulunu alır, geri istəyəndə deyir ki, sən mənim pulumu istəyirsən. Elə bir şey yoxdur. Beynəlxalq hüquqa görə Ukraynanın ərazisi tanınır və Rusiyanın ilhaq etdiyi ərazilər də qanuni Ukrayna əraziləridir. Hər cinayətkara icazə versən ki, gəlib başqasının ərazisini tutub öz ərazisi elan etsin, bəs bunun sonu nə olacaq? Ermənistan gəlib bizim ərazimizi tutmuşdu, amma ilhaq edə bilmədi, bunun üçün cəsarəti çatmadı. Vaxtı çatanda biz öz ərazimizi geri qaytardıq. Amma biz bu gün gedib Ermənistan ərazisini tuta bilmərik, bu, ilhaq sayılacaq. İşğal dövründə beynəlxalq hüquqa müraciət etdiyimiz kimi, qalib kimi də hörmət etməliyik. Rusiya da eynisini etməlidir, başqasının ərazisini ilhaq edə bilməz”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm