Gəncə terroru və “Terrorun milləti, irqi, dini yoxdur” yalanı
Bizi izləyin

Nida Təhlil

Gəncə terroru və “Terrorun milləti, irqi, dini yoxdur” yalanı

“Terrorism does not have a nationality, ethnicity or religion” (Terrorun milləti, irqi, dini yoxdur).

Bizə yalan danışırlar və bu yalan bəşəriyyəti terrorun özü qədər təhdid edir.


Ermənistanın Azərbaycana qarşı törətdiyi terrora münasibətdə dünyanın sərgilədiyi mövqe göstərir ki, terrorun milləti də varmış, irqi də, dini də. Beynəlxalq birlik terrora yox, onu törədənin kimliyinə baxır və buna görə münasibət sərgiləyir. Əks təqdirdə, Ermənistanın azərbaycanlılara qarşı bir əsrdən artıqdır davam edən terrorunu, yaxud ötən əsrin 90-cı illərində törətdiyi qətliamları, soyqırımıları “uzaq tarix” hesab edənlər, yaxud bunu “tarixdə qalmış hadisə” sayanlar ən azı cəmi iki il öncə Azərbaycanın bombalanan, raket yağışına tutulan şəhərlərinə ədalətli münasibət sərgiləyərdilər. Beynəlxalq birlik susmağa davam edir və susduqca bəşəriyyətin gələcəyini də təhlükə altına atırlar.

Gəncə: iki il öncə - 2020-ci ilin oktyabr ayının ilk günlərindən başlayaraq, bəşəriyyət XXI əsrin növbəti və daha dəhşətli terroruna şahidlik edirdi.

Döyüş meydanında Azərbaycana məğlub olan Ermənistan terrora əl ataraq, cəbhədən yüz kilometrlərlə uzaqdakı şəhərlərə, yaşayış məntəqələrinə raket zərbələri endirməyə başladı. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə erməni terrorunun əsas hədəfinə çevrildi.

4 oktyabr: 1 mülki şəxs şəhid oldu, 30-dan çox insan yaralandı;
5 oktyabr: 3 mülki şəxs yaralandı;
8 oktyabr: həlak olan və yaralanan olmasa da, infrastruktura ciddi ziyan dəydi;
11 oktyabr: 10 mülki şəxs şəhid oldu, 40-dan çox insan yaralandı;
17 oktyabr: 16 mülki şəxs şəhid oldu, 55 nəfər yaralandı;

Gəncə terroruna hüquqi qiymət verməyən, ədalətli münasibət göstərməyən beynəlxalq birlik üçün bəlkə də bu statistikadan başqa bir şey deyil, amma beynəlxalq hüquq və bəşəriyyət üçün dəhşətli cinayətdir.

Gəncə terroru niyə XXI əsrin ən amansız aktlarındandır?

Birincisi, hərbi əməliyyatların getdiyi ərazidən yüzlərlə kilometr uzaqda, mülki insanların yaşadığı ərazilər qadağan olunmuş raketlərlə hədəfə alındı;

İkincisi, raket hücumları əsasən gecə saatlarında, insanların yatdığı və müdafiə imkanlarının belə olmadığı vaxtda edilməsi erməni terrorunun amansızlığını təsdiq edir;

Üçüncüsü, terror aktı nəticəsində onlarla insan həlak oldu, yüzlərlə insan yaralandı, yaşayış binaları, eləcə də infastruktur dağıldı;

Dördüncüsü və ən əsası, Ermənistan dövləti hücumlarını planlı şəkildə həyata keçirir, heç bir hərbi obyektin yerləşmədiyi yaşayış yerlərini dağıdıcılıq effekti böyük olan raketlərlə vururdu;

XXI əsrdə Ermənistan dövləti Azərbaycana qarşı gizlətmədən, açıq şəkildə terrora əl atır və bunu dünyanın gözü önündə edirdi.

Nasizmin dirilməsi və dirçəlişi

Gəncə terroru naiszm üzərində qələbə qazanan bəşəriyyətin 76 il sonra bu təhlükə ilə üz-üzə qalması, hüquqi qiymətin verilməməsi isə təhdidin hələ də davam etdiyi deməkdir.

Ermənistan Hitler Almaniyasının terror üslubunu yenidən aktivləşdirdi:

1944-cü ildə nasistlər müharibədə məğlub olduqlarını anlayanda şəhərlərə FAU-2 raketləri ilə davamlı zərbələr endirməyə başladı, nəticədə 20 minə yaxın mülki şəxs həlak oldu. Hitler Almaniyasının hədəfi raket zərbələri endirdiyi şəhərlərdə hərbi obyektlər yox, məhz mülki insanlar idi.

1. Nasistlər raketləri hücum edən sovet qoşunlarına qarşı yox, London və digər böyük şəhərlərə qarşı istifadə edirdi;
2. Zərbələr endirilən şəhərlərdə hərbi obyektlər yox idi;
3. FAU-2 dəqiqliyi çox aşağı olan raketdir: hərbi hədəfləri vurmaq üçün yararsız olan bu raketlə şəhərlərin bombalanması mülki insanlar arasında daha çox itkiyə nail olmağa hesablanırdı;


2020-ci ildə Ermənistan Gəncəni və digər yaşayış məntəqələrini SKAD raketləri ilə bombaladı.

1. Raket zərbələri cəbhədə döyüşən Azərbaycan ordusuna qarşı yox, Azərbaycanın mülki vətəndaşlarına qarşı istifadə edilirdi;
2. Zərbələr cəbhədən yüzkilometrlə uzaqda və hərbi obyektlərin olmadığı yaşayış məntəqələrinə endirilirdi;
3. Qadağan olunmuş SKAD ballistik raketi nasistlərin FAU-2 raketi kimi qeyri-dəqiqdir və mülki əhali arasında maksimum itkiyə nail olmaq üçün istifadə olunur; ilk versiyası R-11, modernləşdirilmiş versiyası isə R-17 “Elbrus” olan bu raket NATO-da SKAD kod adı ilə qəbul olunur, sürəti 1,7 kilometrdir, ortamənzillidir və nüvə başlığı daşıya bilir; hədəfdən yayınma radiusu 450 metr olduğu üçün hərbi obyektlərin vurulması üçün yararsız hesab edilir və yaşayış məntəqələrinə qarşı istifadə edildiyi təqdirdə, daha çox təlafata yol açır;


Hitler Almaniyası ilə Ermənistanın törətdiyi cinayət arada 76 il fərq olsa da, eynidir. Və nasizmə qarşı birləşən beynəlxalq birliyin Ermənistanın nasisizm metodu ilə törətdiyi terror qarşısında səssiz qalması bütün bəşəriyyət və insanlığın gələcəyi üçün təhdid yaradır, çünki nasizim XXI əsrdə, gözümüzün önündə yenidən dirilməkdədir, cəzasızlıq isə eyni addımın mütləq yenidən təkrarlanması ilə nəticələnir.

Beynəlxalq birlik Ermənistanın terroruna təkcə səssiz qalmır, eyni zamanda, terrora münasibətdə ikili yanaşma ilə insanlıq üçün daha təhlükəli şərait yaradır. Dünya Ukrayna müharibəsindən bunun şahidi oldu.

Gəncə terrorundan iki ilə yaxın müddət keçdikdən sonra baş verən Rusiya-Ukrayna müharibəsi beynəlxalq birliyin gerçək simasını da ortaya çıxardı. Və bəlli oldu ki, Ukrayna şəhərlərinin bombalanmasını əsas götürərək, Rusiyaya qarşı beynəlxalq cəbhə formalaşdıranlar üçün Kiyevə atılan raketlərlə Gəncəyə atılan raketlər eyni deyil, birini cinayət adlandırır, digərini görməzdən gəlirlər.

Necə olur, Kiyevin bombalanmasını terror hücumu, Gəncənin bombalanmasını müharibə “elementi” hesab edirlər?! Hər iki şəhərdə hərbi hədəflər yoxdur, hər iki şəhərdə mülki insanlar yaşayır və hər iki şəhər ballistik raketlərlə vurulub.

Ukraynaya ədalət istəyənlərin məsələ Azərbaycan olanda susması insanlığın dəhşətli sınaqla üzləşdiyinin də bariz nümunəsidir. Və beynəlxalq birliyin, beynəlxalq ictimaiyyəti təmsil edənlərin bu qədər açıq ikiüzlülüyü təkcə azərbaycanlılara qarşı yox, bütün bəşəriyyətə qarşı humanitar cinayətdir: onlar üçün hər şeyin siyasi maraqları qədər qiyməti var.

- Bombalanan şəhərlər fərqlidir;
- Ölən insanlar fərqlidir;
- Terror fərqlidir;
- Hətta raketlərə belə hansı şəhərə atılmasına görə qiymət verirlər;


“Terrorun milləti, irqi, dini yoxdur” deyərək insanlığa yalan danışırlar. Hücum edən Ermənistan olanda terrorun milləti də var, irqi də, dini də.

Bunu görür, anlayır və bir daha bəyan edirik: #ArmenianWarCrimes #Ganja #ArmenianAggression #Armenianterror

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm