Nida Təhlil
Ankara-Bakı hərbi əməkdaşlığı daha geniş coğrafiya üçün nəzərdə tutulub - Ehtiyatda olan zabit
Azərbaycan-Türkiyə strateji əməkdaşlığının tarixi bir-iki il deyil, bu əməkdaşlığın 30 illik tarixi var. Ancaq biz bunun əyani təcəssümünü 2020-ci ildəki Vətən müharibəsi zamanı gördük. Bizim qalibiyyətimiz münasibətlərimizdə yeni mərhələnin başlanğıcı oldu.
Bunu Publika.az-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun böyük elmi işçisi, ehtiyatda olan kapitan Rizvan Hüseynov bildirib.
O qeyd edib ki, Qarabağ zəfərindən sonra Azərbaycanla Türkiyənin qarşısında daha mühüm, daha ciddi vəzifələr dayanır: “Türkiyə-Azərbaycan əməkdaşlığı çoxşaxəlidir. Ancaq sözsüz ki, müharibə ərəfəsində, müharibə dövründə və müharibədən sonra ən vacib olan hərbi və hərbi-texniki əməkdaşlıqdır. Qarşımızda olan böyük planlara qarşı ortaq rəqiblərimiz olduğu üçün sırf hərbi-texniki əməkdaşlıq daha prioritetdir. Bu hərbi-texniki əməkdaşlığın digər əməkdaşlıqlardan fərqi nədir? Biz bilirik ki, qonşu Rusiya və Ermənistanın KTMT çərçivəsində hərbi əməkdaşlığı var. Fərq ondadır ki, Türkiyə ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq XXI əsrin müasir silah-sursat və döyüş təfəkkürünün mübadiləsidir. Rusiyanın ixrac etdiyi silah-sursat və hərbi texnika isə XX əsrin qalıqlarıdır. Bunun nəticəsində biz istər Ermənistanın, istərsə də Rusiyanın özünün Ukraynada hansı vəziyyətə düşdüyünü görürük. Ancaq digər türk dövlətləri, hətta qeyri-türk ölkələri Azərbaycanla Türkiyənin uğurlu əməkdaşlıq təcrübəsindən faydalanmağa başlayıb”.
Rizvan Hüseynov qeyd edib ki, Azərbaycanda hərbi kadrların NATO standartlarına uyğun hazırlığında Türkiyənin də böyük rolu var: “Hətta kadr hazırlığı texnikadan da mühümdür. Texnikanı bəlkə də istədiyin vaxt ala bilərsən, amma onu peşəkarcasına idarə edib orduya inteqrasiya edən kadrların yetişdirilməsi üçün illərlə vaxt lazımdır. Bax, bizim əməkdaşlığın əsas strateji tərəfi də budur”.
Müsahibimiz qeyd edib ki, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı dünənə yox, sabaha baxır: “Biz bu yaxınlarda həm də İrandan gələn təhdidləri gördük. Bu təhdidlərə cavab olaraq Azərbaycan Ordusu elə dirəniş göstərdi ki, İrandakı mollalar burada ancaq ziyan görəcəkləri qənaətinə gəldilər. Yəni biz bu imtahandan da alnıaçıq, üzüağ çıxdıq. Bu da böyük döyüş təcrübəmizin olmasının sayəsindədir. Nəticə etibarilə qeyd etmək istərdim ki, Türkiyə-Azərbaycan hərbi-texniki, hərbi-siyasi əməkdaşlığının nəticəsi olaraq əgər biz dünənədək bu regionda istər Moskvadan, istər Tehrandan, istərsə də Parisdən gələn təpkilərlə, təzyiqlərlə üzləşirdiksə, artıq o təzyiqləri neytrallaşdıra bilirik. Artıq bu regionda bizə heç bir ölkə heç nə deyə bilməz”.
Rizvan Hüseynov qeyd edib ki, bizim siyasi-diplomatik müstəvidə əməkdaşlığımız ancaq ABŞ-ladır: ”ABŞ-dan başqa heç kim Azərbaycanla müzakirə məsələlərini qaldıra bilməz. İstər Moskvanın ortalığa atdığı məsələlər qəbulolunmazdır – Azərbaycan bunun qarşısını aldı. İstər Fransanın törətdiyi diplomatik və başqa təzyiqlərin heç bir əhəmiyyəti yoxdur. Bu üçlükdə üçüncü həlqə – Rusiya və Fransanın əsas ümidi İran idi. İran vasitəsilə bizim üzərimizə birbaşa hərbi-siyasi təzyiq göstərilirdi. Hətta bunu da dəf etdikdən sonra biz tam əminliklə deyə bilərik ki, bu regionda və regiondan da kənarda – Balkanlardan tutmuş ta Pakistana kimi heç kim Azərbaycanın xarici siyasətinə qarışa bilməz. Biz bunu cənab İlham Əliyevin Albaniya və Serbiya kimi Balkan ölkələrinə səfərləri zamanı da gördük. Azərbaycanın həm enerji-nəqliyyat, həm də digər istiqamətlərdə bu ölkələrə yatırımlarının olacağının bəyan edilməsi çox ciddi mesajdır. Biz bunun əhəmiyyətini bir müddət keçəndən sonra başa düşəcəyik”.
Rizvan Hüseynov bildirib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının təcrübəsindən faydalanmaq istəyən təkcə Mərkəzi Asiyanın türk respublikaları deyil: “Macarıstanın bu təcrübənin öyrənilməsinə böyük marağı var. Əfqanıstanın, Pakistanın töhfəsini yaddan çıxarmaq olmaz. Serbiya, müsəlman ölkəsi olan Albaniya böyük maraq göstərir. Bu siyahı hələ genişlənəcək. Ona görə də Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı təkcə Qarabağ məsələsi, təkcə bizim region üçün deyil. Daha geniş coğrafiya üçün nəzərdə tutulub”.
Səxavət Həmid
-
Dünya01:20
Nazir dəmiryol vağzalındakı hadisəyə görə istefa verdi
-
Qoroskop00:40
Günün qoroskopu: gözlənilməz hadisələr baş verəcək
-
Elm və təhsil00:25
Müəllimlərə xüsusi kartlar verilir: güzəştlər ediləcək
-
Nida Xəbər 4 Noyabr 23:05
Pezeşkian COP29-da iştirak etmək üçün Azərbaycana gələcək
-
İdman4 Noyabr 21:49
Premyer Liqa klubu Konor Makqreqoru ələ saldı - FOTO
-
Magazin14 Noyabr 20:50
Dilarə: "O klipi Bakıda çəksək, biabırçılıq olardı" - VİDEO
-
Nəqliyyat4 Noyabr 19:20
Hazırda 18 küçədə tıxac var - SİYAHI
-
Dünya4 Noyabr 19:10
Vəzifəli şəxsin porno videoları yayıldı: partnyorları arasında nazir arvadları da var