Heydər Əliyev: Milli Qurtuluşdan Zəfərə uzanan tarixi yol
Bizi izləyin

Nida Təhlil

Heydər Əliyev: Milli Qurtuluşdan Zəfərə uzanan tarixi yol

Bu gün – 15 iyun Azərbaycan xalqı Milli Qurtuluş tarixinin 30-cu ildönümünü qeyd edir, həm də 30 il öncə - AXC-Müsavat hakimiyyəti dövründə yaşadıqlarını yenidən xatırlayır, “Heydər Əliyev gəlməsəydi, nələr olacaqdı” sualını yenidən gündəmə gətirir və bir daha “Yaxşı ki, canımız Xalq Cəbhəsinin əlindən qurtardı” deyir, mərhum prezident Əbülfəz Elçibəyin dediyi kimi: “Xalq deyir ki, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən”.

Həmin tarixdən 30 il keçib və Azərbaycanda xalq hakimiyyəti qurulub: daha insanlar küçədə soyulmaq, fiziki təqibə məruz qalmaq qorxusu ilə gəzmir, ölkədə qanunları “yazan və pozan”, “yazılmamış qanunlar” qoyan dəstələr yoxdur, ordu silahlı qruplaşmaların əlində əsir deyil, komandirlərlə məmurlar “nüfuz davası” aparmır, çörək növbələrinə dayanmır, “ağ çörəyin” xəyalı ilə yuxuya gedən insanlar qara çörək uğrunda bir-birini döymür, ölkə bölünmək təhlükəsi ilə üz-üzə deyil...

Və ən mühüm, tarix baxımdan ən vacib olanı bu gün Azərbaycan 30 il öncə Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışına qədər itirdiklərini bərpa edib, məğlubiyyət sindromunu sındırıb, qələbə qazanıb. Bu gün qalib Azərbaycan var.

1993-cü il, 15 iyun: Xalq anlayırdı ki, yeganə çıxış yolu məhz Heydər Əliyevin qayıdışıdır, buna görə də onun Bakıya gəlməsində sona qədər israr etdi. Heydər Əliyev xalqın çağırışı ilə Bakıya gəldi, 1993-cü il iyunun 15-də Ali Məclisin sədri seçildi. Onun ölkəni dağılmaqdan xilas etmək üçün atdığı addımlar və əldə olunan nəticələr haqlı olaraq, 15 iyunun Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi düşməsinə əsas yaratdı.

Heydər Əliyev hakimiyyətə qayıdan kimi ölkənin parçalanması təhlükəsini aradan qaldırdı, nizami ordu yaratdı, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı, idarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı, neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. Və ən əsası Azərbaycanda dövlətçilik ənənəsi formalaşdırdı.

1994-cü ildə atəşkəsin əldə edilməsi bu istiqamətdə ən mühüm addımlardan biri idi. Heydər Əliyevin əsas qayəsi Azərbaycanı düşdüyü vəziyyətdən xilas etmək, güc balansını ölkəmizin xeyrinə dəyişmək, belə demək mümkünsə, zəif ölkəni düşdüyü bataqlıqdan xilas etmək üçün nəfəs almağa imkan yaratmaq idi. Atəşkəsin imzalanması ağır durumda olan Azərbaycana bütün potensialını səfərbər etmək, enerji layihələrinin həyata keçirtmək, nizami ordu qurmaq, ölkəmizin əleyhinə olan hərbi-siyasi-iqtisadi vəziyyəti ölkəmizin lehinə dəyişmək üçün vaxt qazanmaq baxımından çox vacib və düşünülmüş addım oldu.

Atəşkəs sazişi iki aspektdən əhəmiyyətli nəticənin əldə edilməsinə səbəb oldu.

Birincisi, “Əsrin müqaviləsi” imzalanmasına şərait yaratdı. Neft kontraktları Azərbaycanın gələcək inkişafına maddi təminat verdi, ölkəmizin iqtisadi inkişafı, müasir infrastrukturun yaradılması, dövlət proqramlarının, yerli və beynəlxalq layihələrin həyata keçirilməsi, güclü hərbi potensialın formalaşdırılması və digər məsələlərin uğurlu həllinin təməlində məhz “Əsrin müqaviləsi” dayanır.

İkincisi, xarici güclərlə qarşılıqlı bərabərhüquqlu əlaqələrin qurulmasına imkan yaratdı. Əvvəlki dövrdə xaotik, məqsəd və məramı aydın olmayan xarici siyasət Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmasına gətirib çıxartmışdı. İstər regionda, istərsə də dünyada Azərbaycan təklənmiş vəziyyətə düşdü. Hətta təcavüzə məruz qalmış Azərbaycana qarşı ədalətsiz “907-ci düzəliş” qəbul olundu. Hakimiyyətə gəldikdən sonra Heydər Əliyev ölkəmizin xarici əlaqələrinin inkişafı etdirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyası yolunda ciddi addımlar atdı. Məhz onun müdrik, düşünülmüş siyasəti nəticəsində Azərbaycan beynəlxalq təcriddən qurtularaq beynəlxalq birliyin layiqli üzvünə çevrildi.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın bu günlərdə səsləndirdiyi etiraflar həmin dövrü daha yaxşı anlamağa imkan verir.

Ter-Petrosyan deyir: “Balans 97-98-ci illərdə pozuldu. Azərbaycanda Beynəlxalq neft konsorsiumu yarananda. Bundan sonra Əliyevin sözü dəyişdi. Lissabon sammitindən sonra masaya Qarabağ haqqında adi bir sənəd qoyulmuşdu. Yəni ATƏT Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində əsas rola malik idi. Həmin bəyannamə müzakirə olunan zaman, Vardan Voskanyan da orda idi, o bizi əmin etdi ki, hər şey öz qaydasındadır. Biz Lissabona çatanda, Voskanyan bizi qarşıladı, onun rəngi qaçmışdı, kəkələyərək bildirdi ki, cənab prezident, ötən gün Amerika yeni qətnamə təklif edib və bunu bizdən başqa hamı ilə razılaşdırıb. Mən veto qoydum. Həmin qətnamənin Klintonun masasına necə çatması haqqında da məlumatlı idim. Bunu Texasın neft lobbisi etmişdi. Yəni onlar bildirmişdi ki, Əliyev bizə xahiş edib, belə sənəd Lissabonda təsdiq edilməlidir. Həmin vaxtdan Azərbaycan tərəfi müəyyən dərəcədə bundan ruhlandı, xarici qüvvələrin köməyi hesabına öz məqsədlərinə çata bilərdi. Bundan sonra Əliyev danışıqlarda müəyyən razılığa gəldikdə, bundan imtina edirdi ki, bizə sərf etmir. Artıq onlar dərk etmişdilər ki, zaman onların xeyrinə işləyir və haqlı da çıxdılar. Ermənistan isə uduzdu”.

Ermənistan Azərbaycan torpaqlarını işğal etmiş və müharibədə qalib gəlmişdi, lakin strateji olaraq məğlub idi və bu məğlubiyyəti Heydər Əliyev hələ o zaman hazırlamışdı.

1994-cü ildə “Əsrin müqaviləsi” ilə təməli qoyulan yeni neft strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycanın gələcək inkişafının əsasları yaradıldı, Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildi. Ölkədə iqtisadi tənəzzülün qarşısı alındı, əhalinin rifahının yüksəldilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlandı.

1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq hüququn subyektinə çevrildiyi mühüm mərhələdir. Bu illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə xalqımız nadir tarixi fürsətdən istifadə edərək öz müstəqilliyini əbədi və dönməz etdi.

Ümummilli lider Heydər Əliyevin apardığı siyasətin başlıca məqsədi torpaqlarımızda işğala son qoymaq idi və o, daim bildirirdi: “Biz Şuşada, bütün Qarabağda bayrağımızı dalğalandıracağıq”.

Hər şey ulu öndər Heydər Əliyevin qurduğu strategiyaya uyğun inkişaf etdi və I Qarabağ müharibəsinin məğlub ölkəsi olan Azərbaycan II Qarabağ müharibəsində ədaləti bərpa etdi. Bu, Heydər Əliyev strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla, düşünülmüş şəkildə davam etdirilməsinin nəticəsidir.

Prezidenti İlham Əliyev “güclü Azərbaycan” konsepsiyasını reallaşdırdı. Bu, müstəqil siyasət, milli təhlükəsizliyin təmin edilməsi, bütün sahələri əhatə edən köklü islahatlar, nəhəng enerji layihələrinin davam və inkişaf etdirilməsi, yeni nəqliyyat-kommunikasiya layihələrinin icrası, müasir cəmiyyət quruculuğu, insan kapitalının formalaşdırılması, rəqabətədavamlı iqtisadi potensialın yaradılması, güclü və peşəkar ordu quruculuğu, Azərbaycanın özünü beynəlxalq münasibətləri sisteminin müstəqil və nüfuzlu subyekti kimi təsdiq etməsi siyasətidir.

- Milli maraqlara əsaslanan müstəqil daxili və xarici siyasət həyata keçirildi;

- Sosial-iqtisadi inkişaf təmin edildi, rəqabətədavamlı iqtisadi potensial formalaşdırıldı;

- Mühüm enerji və nəqliyyat layihələri həyata keçirildi: XXI əsrin müqaviləsi – Cənub Qaz Dəhlizi reallaşdı;

- Regionların inkişafı, müasir cəmiyyət quruculuğu, cəmiyyət həyatının bütün sahələrinin yeniləşməsi və müasirləşməsi həyata keçirildi;

- Köklü islahatlar aparılır, şəffaf idarəçilik qurulur, neqativ hallar aradan qaldırılır;

- Azərbaycanın beynəlxalq nüfuzu artır, güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələr inkişaf etdirilir, nəticədə, ölkəmiz regional lider və mərkəz statusunu əldə edib;

- Əhalinin sosial rifahı təmin edilir, uğurlu sosial siyasət aparılır;

- İnsan kapitalı formalaşdırılır, intellektual potensial milli maraqların həyata keçirilməsi istiqamətində səfərbər edilir;

- Güclü ordu quruculuğu, müdafiə sənayesinin yaradılması daim prioritet istiqamətdir;

- Milli həmrəyliyin, xalq-iqtidar birliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atılır;

Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət dağılaraq məhv olmaq təhlükəsindən qurtulan Azərbaycanın dünyada sayılıb seçilən, güclü, qalib dövlətə çevrilməsini təmin etdi. Bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyev 30 illik işğala son qoydu, Qarabağ azad edildi və bu gün təkcə regionda yox, qlobal siyasətdə həlledici aktora çevrilən Azərbaycan var.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm