İxtilafların həlli, qarşılıqlı ittihamlar - Ərəblər daxili məsələlərini Bakıda həll edirlər
Bizi izləyin

Nida Təhlil

İxtilafların həlli, qarşılıqlı ittihamlar - Ərəblər daxili məsələlərini Bakıda həll edirlər

İxtilafların həlli, qarşılıqlı ittihamlar - Ərəblər daxili məsələlərini Bakıda həll edirlər

Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşünün ən yaddaqalan nəticələrindən biri də ərəb ölkələri arasında bəzi ixtilafların həllinə çalışılması, bəzən də çıxışlarda qarşılıqlı ittihamlara yer verilməsi idi.

Sudan, Fələstin, İraq, Suriya, Somali və Qərbi Böyük Səhra ilə bağlı mövcud problemlər ərəb nazirlərin ikitərəfli görüşlərinin əsas mövzuları idi.

Əlcəzair xarici işlər naziri Əhməd Atafın çıxışında Qərbi Böyük Səhra ilə bağlı Qoşulmama Hərəkatının və BMT-nin əvvəlki qərarlarını xatırlatması, Fələstin və Qərbi Böyük Səhra problemlərinə vahid yanaşma təqdim etməsi Mərakeş təmsilçisi tərəfindən etirazla qarşılanıb. Mərakeşin BMT yanındakı nümayəndəsi Ömər Hilal təmsil etdiyi dövlətin ali başçısı-kral tərəfindən Fələstin məsələsinə diqqətlə yanaşıldığını və xüsusi Qüds fondu təsis etdiklərini vurğulayıb. O, Fələstin məsələsinin Qərbi Səhra məsələsi ilə əlaqəli olmadığını və ikisi arasındakı bərabərlik qoyulmasını Fələstin xalqına təhqir hesab etdiyini deyib.

Əlcəzairin BMT-dəki daimi nümayəndəsi Əmmar bin Came isə mərakeşli həmkarının bəyanatlarını, xüsusilə “süni münaqişə” ifadəsini rədd edib. Əmmar bin Came cavabında deyib ki, Qərbi Səhra Qoşulmama Hərəkatının gündəliyindəki bir bənddir. BMT-nin müvafiq qətnamələrinə əsasən, Qərbi Səhra xalqının öz müqəddəratını təyinetmə və müstəqillik hüququ var.

Bundan əvvəl Fələstin məsələsinin Qoşulmama Hərəkatında müzakirəsi üçün Ərəb Dövlətləri Liqası Azərbaycana müraciət etmiş, Liqanın ötən il noyabrında Əlcəzairdə keçirilmiş zirvə toplantısına Azərbaycan Prezidenti də dəvət edilmiş, Liqa və Hərəkat arasında əməkdaşlıq da müzakirə edilmişdi.

Ərəb dünyasının geosiyasi problemlərinin müzakirə etmək Bakının platforma olaraq seçilməsi, bu və ya digər məsələnin diqqətdə saxlanması üçün Azərbaycana müraciət edilməsi özlüyündə müsbət haldır, ölkəmizin beynəlxalq nüfuzunu artırmağa kömək edəcək faktdır. Hərçənd Azərbaycan bu zaman tərəf kimi çıxış etmir, neytraldır, bütün ərəb dövlətləri ilə əməkdaşlıqda maraqlıdır.

Azərbaycan Prezidentinin fransız müstəmləkəçiliyi haqda çıxışları isə daha çox Əlcəzair ictimai rəyində müsbət qarşılanır, Əlcəzair mediası pozitiv şərhlərlə çıxış edir. Böyük karbohidrogen yataqlarına malik Əlcəzair Avropa ilə enerji sahəsində əməkdaşlığını da Azərbaycanla uzlaşdırmaqda maraqlı görünür. Əlcəzair xarici işlər naziri Bakıya son səfəri zamanı Azərbaycanın energetika naziri ilə də müzakirələr aparıb.

Cəmaləddin Quliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm