Nida Təhlil
ABŞ Azərbaycan ərazisində minaların basdırılması üçün pul ayırır
ABŞ sıradan bir ölkə deyil. Dünyanın siyasi, iqtisadi, hərbi cəhətdən böyük güclərindən, o cümlədən, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bu baxımdan, dünyada gedən proseslərdə onun məsuliyyəti böyükdür. Amma çox təəssüf ki, bəzən ABŞ-ın təəccüb doğuran müəyyən addımlar atdığının şahidi oluruq. Bir tərəfdən demokratiyanın, insan hüquqlarının, beynəlxalq hüququn üstünlüyü elan edilir, bununla bağlı hansısa bir fəaliyyət həyata keçirilir, digər tərəfdən isə açıq-aydın ikili siyasət yeridilir. Məsələn, Ukraynanın, Moldovanın ərazi bütövlüyü dəstəklənir, onların mərkəzi hökumətinə maksimum siyasi, diplomatik dəstək göstərilir, amma Azərbaycanın ərazi bütövlüyünə laqeyd yanaşılır.
Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin üzvü, politoloq Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadəyə görə, 30 il ərzində ABŞ-ın ölkəmizin ərazi bütövlüyü ilə bağlı mövqeyi yalnız Azərbaycan və Ermənistan arasında bir "bərabərlik" işarəsi qoymaqdan ibarət olub.
"Azərbaycan öz gücünə torpaqları işğaldan azad etdikdən sonra isə Amerikanın hətta rəsmi səviyyədə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə erməni separatçılarına dəstək verməsi onun elan etdiyi siyasətlə hərəkətlərinin üst-üstə düşmədiyini göstərir. Bildiyiniz kimi, bugünlərdə isə ABŞ Konqresində ermənipərəst və eyni zamanda, korrupsiyaya görə ittiham edilən bir komitə sədrinin keçirdiyi iclasda dövlət katibinin köməkçisi Azərbaycana qarşı çox aqressiv çıxış sərgilədi, ölkəmizin daxili işlərinə qarışacaq bəyanatlar səsləndirdi. Onun bu hərəkəti ilə ABŞ dövlət katibinin vaxtaşırı Azərbaycan Prezidenti ilə telefon danışıqları zamanı apardığı söhbətlər arasında tamamilə kəskin fərq hiss olunur", - millət vəkili qeyd edib.
Deputat əlavə edib: "Azərbaycan bilmək istəyər: kim Amerikanın rəsmi mövqeyini düzgün bildirib? ABŞ dövlət katibi, yoxsa onun köməkçisi? ABŞ dövlət katibi köməkçisinin Azərbaycana qarşı beynəlxalq hüquqa zidd davranışından xəbərdardırmı? Digər tərəfdən, bu gün Azərbaycanın beynəlxalq aləmdə stabilliyin, sülhün qorunmasına verdiyi töhfəni qiymətləndirmək əvəzinə, ölkəmizdə radikal müxalif qüvvələrin, həmçinin Azərbaycan və şərq mentalitetinə zidd olan müəyyən sosial qrupların açıq-aşkar dəstəklənməsi, əlbəttə ki, qəbuledilməzdir.
Biz ABŞ-dan ən azı öz statusuna hörmət qoyaraq, prinsipial mövqe nümayiş etdirməyini gözləyirik. Bu gün Amerikanın rəsmi dairələrinin açıq şəkildə Xankəndidə olan separatçı rejimə yardım ayırması heç bir beynəlxalq hüquqa uyğun gəlməyən bir məsələdir. Həmçinin oradakı rejimə minaların təmizlənməsi üçün vəsait ayrılır. Amma məlum olur ki, həmin rejim Azərbaycan ərazisində mina basdırır. Belə çıxmırmı ki, qeyd olunan vəsait minaların basdırılmasına xərclənir?! ABŞ-ın bu hərəkətləri suallar doğurur. Nə səbəbdən bu cür siyasət həyata keçirilir? Nəyə görə Azərbaycanın bu gün sivil, demokratik, beynəlxalq hüquqa uyğun addımları ABŞ tərəfindən dəstəklənmək əvəzinə ona maneçilik törədilməyə başlanılır?"
Politoloq yekun olaraq bildirib ki, Azərbaycan öz dövlət müstəqilliyini suveren hüquqlarına uyğun olaraq möhkəmləndirir: "Regionda sülhün bərqərar olması üçün maksimum addımlar atırıq. Ermənistan tərəfə sülh müqaviləsinin imzalanması üçün dəfələrlə təkliflər edilib. Ancaq bu məsələdə biz ABŞ-ın birmənalı mövqeyini görmürük, kimin haqlı və ya haqsız olması barədə bəyanatlarını eşitmirik. Tələb edirik ki, Azərbaycanın suverenliyinə və müstəqilliyinə obyektiv yanaşılsın".
Mehti Kamiloğlu
-
Sosial19:36Polisdən əməliyyat: 153 nəfər saxlanıldı
-
Elm və təhsil19:24İşğaldan azad edilmiş ərazilərdə ilk olimpiada qalibi
-
Magazin218:48"Mələk"dən cəsarətli poza - Zərifliyi ilə heyran etdi / FOTO
-
Yaxın Şərq17:40Laricaninin dəhşətli ölümü: Yalnız əli tapılıbmış
-
Ekologiya17:07Zümürxan gölü zibilliyə çevrildi - Fotolar
-
Nida Xəbər 16:36Azərbaycanın QHT nümayəndələri Nyu-York merinə etiraz etdilər
-
İqtisadi gündəm15:53Azərbaycanda dövlət qurumları nasaz avtomobilləri sığortalayırmış
-
Sosial15:30Azərbaycanda daşınmaz əmlak sığortasında yeni mərhələ: İkitirəlik yaranacaq?





































