Azərbaycanın uğurlarının əsasını təşkil edən əsas amil: Dövrün təhlili göstərir ki...
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın uğurlarının əsasını təşkil edən əsas amil: Dövrün təhlili göstərir ki...

Azərbaycanın uğurlarının əsasını təşkil edən əsas amil: Dövrün təhlili göstərir ki...

"Cənab Prezidentin dünyanın aparıcı televiziya kanallarına verdiyi mühabilər və müxtəlif aspektlərlə bağlı səsləndirdiyi fikirləri hər zaman böyük maraq doğurur və yüksək qiymətləndirilir. Çünki bu müsahibələr özündə bir çox məsələlərlə yanaşı həm də dünya birliyinə ciddi mesajları ehtiva edir. Prezidentin “Euronews” televiziyasına son müsahibəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə yanaşı bir sıra məsələlərə ölkəmizin rəsmi mövqeyinin təqdimatı baxımından da kifayət qədər əhatəli və yadda qalan oldu".

Bunu Publika.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib. Onun sözlərinə görə, müsahibədə Azərbaycanda müşahidə olunan ciddi iqtisadi inkişafın əsasları, növbəti illər üçün müəyyən edilən istiqamətlər, regional əməkdaşlıq perspektivləri və digər önəmli məsələlər barədə ətraflı açıqlamalar yer alıb:

"İlk növbədə dövlət başçısı birmənalı olaraq bildirdi ki, Azərbaycanın iqtisadi inkişafının əsasında həyata keçirilmiş islahatlar dayanır. Həmçinin hökumətin növbəti illər üçün bu sahədə siyasəti barədə açıqlama verən cənab Prezident bildirdi ki, əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Azərbaycan hökuməti 2026-cı ilin sonunadək 140 min insanı həmin ərazilərdə yerləşdirməyi planlaşdırır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Digər tərəfdən də, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var və bu istiqamətlər dövlət investisiya proqramının əsas sahəsi olacaq".

Politoloq qeyd edir ki, müsahibədəki digər vacib məqam təhlükəsizliklə bağlı idi:

"Hazırda dünyada mürəkkəb proseslərin baş verməsi təbii olaraq təhlükəsizlik amilini önə çıxarır. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Həqiqətən də hər keçən dövrün təhlili göstərir ki, uğurlarımızın əsasında dayanan əsas amillərdən biri məhz dövlətimizin müstəqil siyasət yürütməsidir. Bu səbəbdən də ölkəmizin beynəlxalq aləmdə nüfuzu davamlı olaraq yüksəlir. Təsadüfi deyil ki, Azərbaycan dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb. Cənab Prezidentin müsahibədə dediyi kimi, Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı.

Dövlət başçısı müsahibəsində Ermənistanın işğal siyasətinin nəticələri, torpaqlarımızın öz gücümüzə azad edilməsi və Ermənistanla sülh sazişinin imzalanması perspektivləri barədə də fikirlərini ifadə edib. Bir daha bəyan etdi ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Həqiqətən də Ermənistanın hələ sentyabrın 11-də onlara təqdim olunmuş sülh sazişi layihəsinə iki ay yarım sonra cavab verməsi rəsmi İrəvan süni olaraq prosesi ləngitmək istəyindən xəbər verir. Cənab Prezident də Qarabağdakı qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana danışıqlara getməyə mane olan əsas amilin ardan qaldırıldığını xüsusi olaraq vurğulamaqla faktiki olaraq Ermənistan rəhbərliyini bundan sonra daha cəsarətli və qətiyyətli olmağa dəvət etmiş oldu".

Onun sözlərinə görə, Prezident müsahibədə həmçinin Qarabağdan köçən ermənilərlə bağlı fikirlərə də aydınlıq gətirməklə bir qism dövlətlərin əsassız iddialarına da cavab vermiş oldu:

“Bütün dünyaya məlumdur ki, erməni sakinlər Qarabağı könüllü tərk ediblər. Onların qalıb yaşaması üçün heç bir maneə yox idi. Azərbaycan dövlətinin Qarabağ erməniləri ilə bağlı verdiyi bəyanatlar, həmçinin atdığı addımlar bunu bir daha sübut edir. Qayıtmaq istəyənlər üçün elektron qeydiyyat portalı yaradılıb. Amma bundan fərqli olaraq Qarabağ hadisələri başlayarkən soydaşlarımız Ermənistan ərazisindən məcburi şəkildə qovuldu, bir çoxu qətl edildi, əmlakları talan olundu, mədəni-dini abidələrimiz məhv edildi. Təbii ki, bu insanların da öz torpaqlarına qayıtmaq hüququ tanınmalıdır” deyən prezident bununla həm də beynəlxaq ictimaiyyətin diqqətini Ermənistandan qovulan Azərbaycanlılar məsələsinə yönəltmiş oldu. Xüsusilə indiki mərhələdə bu məsələnin diqqətlərdə saxlanılması olduqca önəmlidir. Ermənilərin qayıdıb yaşamasının zəruriliyini deyən və bu məsələdə bar-bağıran ayrı-ayrı dairələr Ermənistandan qovulmuş Azərbaycanlıların məsələsini də öz gündəliklərinə daxil etməyə borcludurlar.
Bütövlükdə, dövlətimizin başçısının müsahibəsinin regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini deyə bilərik".

Nəzrin Cavadzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm