Nida Təhlil
Qərb və Rusiyanın Ermənistanda gizli əməkdaşlığı – Riyakar oyun ifşa edilir
Moskva-İrəvan xəttində gərginliyin pik həddə çatdığı görünür, xüsusilə Ermənistan hakimiyyətinin Rusiya qarşısında mərkəzdənqaçma siyasəti, açıq şəkildə Qərb oriyetasiyasına yönəlməsi belə məntiqi sonluğu qaçılmaz edib. Rəsmi İrəvan Ermənistanda Rusiya hərbi mövcudluğunu Qərb qüvvələri ilə əvəzləmək istiqamətində əzmlə çalışır: ABŞ-la birgə hərbi təlimlər keçirir; Avropa İttifaqının “mülki müşahidəsi” adı altında NATO ölkələrinin hərbi qüvvələrini bölgəyə yerləşdirib; Rusiya sərhədçiləri İrəvan hava limanından çıxarılıb, Türkiyə və İran sərhədindəki fəaliyyətinə də son qoyulacağı gözlənilir; hadisələrin inkişafında 102-ci hərbi bazanın çıxarılması da gündəmə gələcək, Ermənistanda hökumət mediasının tirajladığı tezislər də bu yöndədir;
Rusiya üçün Ermənistanda “əcəl zəngi” çalınır və düz məntiqlə Kreml çoxdan prosesə müdaxilə etməli idi. Lakin Mosva-İrəvan xəttində bütün qarşıdurma yalnız ritorikadan ibarətdir. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova az qala hər gün keçirdiyi brifinqdə Ermənistan rəsmilərini ittiham edir, rəsmi İrəvan da öz növbəsində parlamentin spikeri Alen Simonyanın timsalında cavablar verir. Bu ritorikaya diqqət edəndə belə düşünmək olur ki, Rusiya Ermənistan hakimiyyətinin xəyanatını bağışlamayacaq və tezliklə bu ölkəyə müdaxilə edəcək. Hərçənd, reallıqlar baş verən bütün bu “qarşıdurmanın” səhnələşdirilmiş teatrdan ibarət olduğunu deməyə əsas verir. Səhnəciklər heç də ustalıqla təşkil edilmədiyi üçün kənardan izləyən diqqətli göz hər şeyi görə bilir.
Birincisi, Rusiyanın reaksiyası yalnız ritorika müstəvidədir, halbuki, Ermənistan hakimiyyəti Moskvanın bütövlükdə regional maraqlarına ciddi risklər yaradıb;
İkincisi, Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir, ticarət dövriyyəsində fantastik həddə artım qeydə alınıb;
Sual yaranır: Moskva-İrəvan xəttində qarşıdurma realdırsa, Rusiya onu rəqiblərinə satan Ermənistana qarşı niyə heç bir addım atmır, əksinə, ticarət dövriyyəsində heç olmadığı qədər artım var və daha da artırmağa çalışır?!
Rusiya baş nazirinin müavini Aleksey Overçukun İrəvanda dediyi kimi, “rəqəmlər və faktlar böyük sözlərdən daha yüksək səslə danışır”. Bu, Moskva və İrəvanda səslənən “böyük sözlər”in şoudan başqa bir şey olmadığının yüksək səviyyədə etirafı deməkdir.
Overçuk bildirib ki, 2023-cü ildə Rusiya və Ermənistan arasında qarşılıqlı ticarət dövriyyəsi 55,8 faiz artaraq, 7,4 milyard dollara çatıb: “Cari ildə də artım sürətlənib. Təkcə ilin birinci yarısında ölkələrimiz arasında ticarət dövriyyəsi 8,4 milyard dollar təşkil edib. İlin sonuna qədər bu, 14-16 milyard dollar səviyyəsinə çatdıra bilərik”.
Rusiya-Ermənistan ticarət dövriyyəsinin fantastik həddə artması son iki ildə qeydə alınıb. 2020-ci ildə bu rəqəmlər 2,3 milyard dollar idi. Bir il sonra – 2021-ci ildə cəmi 300 milyon artımla 2,6 milyard dollar oldu. 2022-ci ildə isə nə az, nə çox, düz 91,7 faiz artaraq, 5,05 milyard, 2023-cü ildə isə 7,4 milyard dollara çatdı və bu il 16 milyard dollar olacağı gözlənilir. İki ölkə arasındakı ticarət dövriyyəsinin sürətlə artmağa başlamasının iki hadisəyə təsadüfi etməsi də xüsusilə diqqət çəkir.
1. Rusiya-Ukrayna müharibəsi başlandı və Qərb Rusiyaya qarşı total sanksiyalar tətbiq etdi;
2. Ermənistanın Rusiya qarşısında mərkəzdənqaçma siyasəti sürətləndi, rəsmi İrəvan Moskvadan açıq şəkildə imtina etməyə başladı;
Belə görünürdü ki, 2018-ci ildə Qərbin dəstəyi ilə hakimiyyətə gələn Paşinyan Ukrayna müharibəsinə görə Rusiyanın beynəlxalq müstəvidə təklənməsini fürsət kimi görür və xarici siyasət kursunda sərt dönüş edir. Reallıq isə fərqli idi: Moskva və İrəvan məhz “qarşıdurma” görüntüsü yaradaraq, Rusiyanın sanksiyalardan yayınması əməliyyatını yerinə yetirib, iki il ərzində ticarət dövriyyəsinin 8,4 milyarda çatması və ilin sonuna qədər iki dəfə artım proqnozu da bundan qaynaqlanır.
Proqnozların əksinə olaraq, Ermənistanın ixrac qabiliyyətinin və iqtisadi inkişaf göstəricilərinin böyük miqyasda artmasının da arxasında Rusiya ilə qeyri-leqal ticarət dayanır. Misal üçün, 2022-ci ildə Ermənistan Mərkəzi Bankının ölkədə iqtisadi artımla bağlı proqnozu 5,3 faizdən 1,6 faizə, Beynəlxalq Valyuta Fondu 5,25 faizdən 1,5 faizə, “Fitch Ratings” 5,3 faizdən 1,3 faizə endirsə də, həmin il Ermənistan iqtisadiyyatında 12,6 faiz, xarici ticarət dövriyyəsi isə 69 faiz artım qeydə alınıb. Heç bir istehsala dayanmayan bu artımın səbəbi Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməsidir.
Sanksiyalara görə Rusiyanın əldə edə bilmədiyi məhsulları Ermənistan idxal edir, daha sonra “ixrac” adı altında Moskvaya göndərir. Bu məhsullara qızıl və almaz da daxil olmaqla qiymətli metal, elektronika malları, müasir texnologiyalar daxildir. Misal üçün,
2022-i ildə Ermənistana qiymətli metal və daşların idxalı 200 faiz, nəqliyyat vasitələrin idxalı 170 faiz, elektronikanın idxalı 100 faiz, dəmir və polad məmulatlarınım idxalı 76 faiz, maşın və mexaniziki qurğuların idxalı 52 faiz artıb. Və bütün bunlar 2022-ci ildə Ermənistandan Rusiyaya irxac edilən əsas məhsullar olub. Ermənistandan Rusiyaya elektron məhsulların ixracı 37 dəfə, nəqliyyat vasitələrinin ixracı 30 dəfə, maşın və mexaniki qurğuların ixracı 10 dəfə, qiymətli metal və daşların ixracı 200 faiz, texniki və tibbi avadanlıqların ixracı 400 faiz artıb. ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun məlumatında da qeyd olunur ki, Ermənistan ABŞ-dan mikroçip və prosessor idxalını 515 faiz, Avropa İttifaqından isə 212 faiz artıb, daha sonra həmin məhsulların 97 faizini Rusiyaya ixrac edib.
Bütün bunlar Ermənistanın Rusiyaya sanksiyalardan yayınmağa açıq şəkildə dəstək verdiyini təsdiq edir. Moskva-İrəvan xəttində “qarşıdurma” şousunun yaradılması da bu faktları gizlətmək məqsədi daşıyır, halbuki, Qərb nə baş verdiyini yaxşı bilir, sadəcə olaraq, göz yumur. Çünki məqsəd erməni maraqlarıdır və aydın görünür ki, Ukraynada toqquşan, nüvə qarşıdurmasından danışan və açıq müharibə şəraitində olan Qərblə Rusiya Ermənistan maraqları naminə uzlaşa və anlaşa bilirlər. Keçmiş Minsk qrupunda eyni qüvvələr – ABŞ, Fransa və Rusiya Ermənistanın müdafiəsi və Azərbaycan torpaqlarının işğalda saxlanılması üçün birgə səy göstərdikləri kimi, indi də analoji siyasəti davam etdirirlər.
Ermənistanın qorunması məqsədi Qərb və Rusiyanın toqquşan maraqları və geosiyasi mübarizəsində sərhəd tanımır. ABŞ, Avropa İttifaqı və Rusiyanın geosiyasi qarşıdurmada olmalarına baxmayaraq, 2023-cü ilin 17 sentyabrında Qarabağdakı erməni separatçıların müdafiəsi məqsədilə İstanbulda gizli şəkildə görüşməsi faktı da bunu təsdiq edir. “Politico” nəşrinin görüşlə bağlı məlumatında qeyd olunurdu ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaar və Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə nümayəndəsi İqor Xovayev məxfi toplantıda suverenliyini bərpa etmək istəyən Azərbaycana qarşı təzyiq planlarının hazırlanmasını müzakirə ediblər. Bu təzyiqlər nəticə vermədi, lakin Qərb və Rusiyanın Ermənistan maraqlarının müdafiəsi məqsədilə birgə fəaliyyəti dəyişməyib.
Bu gün hər üç qüvvə - ABŞ, Avropa və Rusiya Ermənistanın silahlandırılması “yarışını” keçirir.
- ABŞ Ermənistanla birgə hərbi təlimlər keçirməklə bu ölkənin ordusunun modernləşdirilməsinə dəstək verir, eyni zamanda, məlum 5 aprel razılaşmasına uyğun olaraq, Vaşinqton və Brüssel İrəvana hərbi dəstəyi davam etdirir. Artıq ABŞ hərbçiləri Zəngəzur bölgəsində mövqelənib və Vaşinqton USAİD vasitəsilə Ermənistana ayrılan maliyyə yardımını 120 milyon dollardan 250 milyon dollara qədər artırıb.
- Fransa son aylarda Ermənistanı sürətli şəkildə silahlandırır. 12 ədəd SEZAR artilleriya qurğusunu, onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri artıq İrəvandadır. verib. Məlumatlara görə, Ermənistan R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri, 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və ABŞ-ın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə də təmin edilib. ABŞ və Almaniya istehsalı olan silahlar Fransa vasitəsilə çatdırılır, eyni zamanda, rəsmi Paris Hindistan silahlarının Ermənistana verilməsi prosesini də koordinasiya edir.
Və nə qədər qəribə görünsə də, Rusiya da yenidən Ermənistanın silahlandırılması yarışına qoşulub. “Caliber”in əldə etdiyi məlumata görə, Rusiya bir neçə ilə əvvəl bağılanmış müqavilənin şərtlərinə uyğun olaraq, “Smerç” tipli raketlərin İrəvana çatdırılmasını təmin edib. Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Qaqik Melkonyan təsdiq edib ki, Rusiya silahlarının yeni partiyası artıq Ermənistana gəlib. Maraqlıdır ki, Rusiya Ukrayna bəhanəsi ilə Azərbaycana silah satışını dayandırıb. Bəs, Ermənistana silahların verilməsinə Ukrayna məsələni mane olmur?! Bu, Rusiyanın riyakar mövqeyinin açıq nümunəsidir.
Göründüyü kimi, Moskva və İrəvan arasında tirajlanan qarşıdurma ritorikası yalnız görüntüdən ibarətdir və Qərblə Rusiya Ermənistanın müdafiəsi məqsədilə gizli əməkdaşlıq edir.
Asif Nərimanlı
-
Sosial19:00
Azərbaycanda əlilliyi olan şəxslər və uşaqlarla bağlı XÜSUSİ QRUP YARADILDI
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi