Nida Təhlil
Bakı İrəvandan tələb olunan təzminatdan imtina edir? - DETALLAR
Sülh sazişi mətninin XV maddəsi Azərbaycan cəmiyyətində bir məsələnin müzakirəsinə səbəb oldu: müharibə və işğal dövründə dəyimiş ziyanın ödənməsindən imtina edirik?
XV maddəyə əsasən, tərəflər bir-birinə qarşı məhkəmə iddialarından-şikayətlərindən imtina etmək öhdəliyi götürür və bu, haqlı olaraq, “təzminatdan imtina edirik” fikrini yaradır. Hərçənd, rəsmi Bakının dəfələrlə ən yüksək səviyyədə dilə gətirdiyi təzminat məsələsindən imtina edəcəyi ehtimalı zəifdir.
Birincisi, müharibə və işğal dövründən vurulan ziyan Ermənistandakı revanşistlərin, eləcə də həbs olunan separatçıların əməlidir: bundan imtina etmək revanşistlərin və separatçıların məsuliyyətini azalda bilər;
İkincisi, təzminat məsələsi Ermənistan üzərində daimi təsir rıçaqlarından biri ola bilər;
Məsələ ilə bağlı müəyyən ehtimallar irəli sürmək üçün açıq qalan suallara cavab axtarmaq zərurəti var.
Təzminat sülh sazişinə niyə daxil edilməyib?
17 maddəlik sülh sazişi mətnində razılaşdırılmayan məsələlərdən biri də beynəlxalq məhkəmə iddialarından imtina idi. Mümkündür ki, dəymiş ziyanın ödənilməsi, eləcə də digər iddialar daha öncə mətndə yer alıb, lakin bu məsələlər sazişin razılaşdırılmasını çətinləşdirdiyi nəzərə alınaraq, çıxarıla bilər.
Sazişdə yer almayan təzminat məsələsi hansı formatda gündəmə gələ bilər?
Təzminatın tələb edilməsinin iki mümkün yolu mövcuddur.
1. Məsələnin beynəlxalq məhkəmələr qarşısında qaldırılması qəbul olunmuş təcrübədir, lakin Azərbaycan-Ermənistan müstəvisində bunun nə qədər effektiv olacağı əvvəldən sual altında olub:
- Qarabağ münaqişəsinin mövcud olduğu dövr təsdiq etdi ki, beynəlxalq hüquq və ədalət politik prinsiplərə söykənir;
- Beynəlxalq məhkəmələr müstəvisində işləmək nəticə əldə etməyi çətinləşdirməklə yanaşı, əks iddialarla zaman itkisinə səbəb olur;
2. Məsələni ikitərəfli formatda Ermənistan qarşısında qaldırmaq nəticə əldə etmək baxımından, daha effektiv ola bilər;
İstisna deyil ki, Azərbaycan dəymiş ziyanın ödənilməsi məsələsini sülh sazişi mətnindən çıxarmaqla Ermənistanla gələcək münasibətlərin qurulmasında ayrıca istiqamət kimi izləmək niyyətindədir.
Təzminat məsələsi ilə bağlı Ermənistanla sülh sazişindən kənar danışıqlar aparmaq mümkündürmü?
Bununla bağlı presedentlər mövcuddur: sərhədin delimitasiyası və kommunikasiyanın açılması – Zəngəzur dəhlizi sülh sazişindən kənar müzakirə edilirdi, nəticələri də qənaətbəxş hesab etmək olar;
İtkin düşmüş və əsir götürülmüş şəxslərin taleyinin müəyyən edilməsi ilə bağlı da tərəflər arasında ayrıca saziş imzalanacaq. Bu, paraflanmış sülh sazişi mətninin IX maddəsində qeyd olunur. Bu o deməkdir ki, Ermənistanla münasibətlərin qurulmasında bir sıra məsələlər ayrı istiqamət üzrə müzakirə edilə, əlavə razılaşmalar ola bilər: misal üçün, azərbaycanlıların tarixi yurdlarına qayıdışı, dəymiş ziyanın ödənilməsi – bunun hansı formada edilməsi və s.
Bu ehtimalı gücləndirən məqamlardan biri də IX maddədə qeyd olunanlardır: itkin düşmüş və əsir götürülmüş şəxslərin taleyinə aydınlıq gətirilməsini özündə ehtiva edən bu maddədə bildirilir ki, “onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər”. Burada söhbət Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı zorakılıq törədən şəxslərin cəzalandırılmasından gedir. Hərbi cinayətlər törətmiş bu şəxslərin cəzalandırılması həyata keçiriləcəksə, müharibə və işğal dövründə onların əməllərinin nəticəsi olan dəymiş ziyanın ödənilməsinin də aktual olacağı gözləntisi yüksəkdir.
Dəymiş ziyanın hansı formada ödənilməsi isə artıq əlavə müzakirə mövzusu ola bilər.
Asif Nərimanlı
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
















.jpg)

.jpg)


.jpg)
















