Nida Təhlil
Rusiyadan Azərbaycanın enerji infrastrukturuna qarşı təxribat: Beynəlxalq cinayətdir
Xəbər verdiyimiz kimi, son vaxtlar Rusiya Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına zərbələr endirib.
Bu hücumlar ölkəmizin xaricdəki enerji infrastrukturuna qarşı yönəlmiş təhlükə kimi qiymətləndirilir və geniş müzakirələrə səbəb olur.
Rusiyanın bu addımları təsadüfi xarakter daşıyır, yoxsa Azərbaycana qarşı siyasi düşmənçilik təxribatıdır?
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən iqtisadçı-ekspert Razi Abasbəyli bildirdi ki, Rusiya ordusu Ukrayna ərazisində Azərbaycanın infrastruktur layihələrinə hücum edərək beynəlxalq hüququ kobud şəkildə pozur.
Onun sözlərinə görə, müharibə gedən ərazidə 3-cü ölkənin obyektlərinə zərbə endirilməsi beynəlxalq hüquq normalarına görə cinayət hesab olunur:
“Bütün bunlara əsasən, hadisələrin məqsədli xarakter daşıdığını demək olar. Bu hücumlar Azərbaycanın beynəlxalq enerji ixracına ciddi təsir göstərməsə də, xarici investisiya layihələrinin sığorta risklərini artırır və əlavə xərclərə səbəb olur. Rusiya bu yolla Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmağa çalışa bilər.
Lakin Azərbaycan Avropanın əsas enerji tərəfdaşlarından biri olduğundan, bu hücumlar əksinə, ölkəmizə dəstəyi artırır. Avropa ölkələri Azərbaycanın maraqlarını müdafiə etməkdə daha qətiyyətli mövqe sərgiləyir. Beynəlxalq sığorta şirkətləri də hələlik bu səbəbdən sığorta haqlarında ciddi dəyişikliklərə getməyiblər”.

Ekspertin fikrincə, Rusiyanın sözügedən təxribatları davam edərsə bu, beynəlxalq cinayət hesab olunacaq:
“Hazırda hücumlar lokal xarakter daşıyır və Azərbaycan əsas enerji layihələrini Ukrayna və ya Rusiya ərazilərindən keçirmədiyi üçün strateji müqavilələrə hər hansı ciddi təsir gözlənilmir.
Lakin hücumlar davamlı olarsa, Azərbaycanın enerji layihələri hədəf alınarsa, bu, birbaşa beynəlxalq cinayət hesab oluna bilər. Bununla da, bu məsələ beynəlxalq müstəvidə daha ciddi hüquqi predmetə çevrilə bilər.
Nəticə etibarilə, hazırkı vəziyyət iqtisadi baxımdan geniş miqyaslı ziyan gətirməsə də, sığorta risklərinin və investisiya xərclərinin artmasına səbəb ola bilər. Azərbaycanın enerji layihələrinin beynəlxalq hüquqla qorunduğunu nəzərə alsaq, bu cür hücumlar gələcəkdə beynəlxalq reaksiyaya səbəb ola bilər”.
Politoloq İlyas Hüseynov isə qeyd etdi ki, Rusiyanın Ukrayna ərazisində Azərbaycana məxsus enerji obyektlərini hədəf alması iki ölkə arasında münasibətləri daha da gərginləşdirir:
“Artıq ikinci dəfə SOCAR-ın Ukraynadakı neft bazasına dron hücumları təşkil olunub. Xüsusilə Azərbaycanın Ukraynaya qaz təchizatına başlamasından sonra baş verən bu hücumlar təsadüfi sayılmır və bunu siyasi mesaj kimi qiymətləndirmək olar.
Məsələ təkcə enerji obyektləri ilə məhdudlaşmır. AZAL-ın mülki təyyarəsinə qarşı hava hücumundan müdafiə sistemlərinin tətbiqi, Azərbaycan deputatının Rusiyada saxlanılması və deportasiyası, diaspor nümayəndələrinə qarşı zorakılıq halları, hətta iki soydaşımızın döyülərək öldürülməsi münasibətlərdə ciddi gərginliyin nümunəsidir”.

Politoloq əlavə etdi ki, bu addımlar Rusiyanın Azərbaycana qarşı təhdid və təzyiq vasitəsi kimi istifadə etdiyi taktikalardır:
“Bu, Cənubi Qafqazda baş verən proseslərlə birbaşa əlaqəlidir. Vaşinqton görüşü Cənubi Qafqazda Rusiyasız təhlükəsizlik sisteminin qurulmasını ifadə edir. Rusiya-Ukrayna müharibəsinin uzanması və Moskvanın kompromisdən uzaq mövqeyi də bölgədə sabitliyə əsas maneə olaraq qalır.
Nəticə etibarilə, bu hadisələr postsovet məkanında baş verən geosiyasi dəyişikliklərin tərkib hissəsidir və münasibətlərin normallaşdırılması üçün ilk növbədə Rusiya tərəfi konstruktiv addımlar atmalıdır.
Onu da bildirim ki, Kremlin təhdid xarakterli əməllərindən asılı olmayaraq Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək”.
Roza Şəfiyeva
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanıb.

-
Ekologiya19:36Kür və bəzi dağ çaylarında vəziyyət necədir?
-
Sosial19:24Bu xanıma yüksək vəzifə verildi
-
İKT19:00Smartfonlar üçün virus əleyhinə plyonka yaradıldı
-
Səhiyyə18:48Yeni Klinikanın direktoru işdən azad edilib? - RƏSMİ
-
MDB17:21Çörək pulu istəyirdi: Qadın 6 yaşlı oğlunu satmaq istəyərkən saxlanıldı
-
Sosial17:05Pensiya alanların nəzərinə
-
Rəsmi xronika16:31İlham Əliyev fərman imzaladı
-
Sosial15:24Yaz havasının şıltaqlığı: Sinoptiklər də çaşbaş qalıblar






.jpg)


















.jpg)











