Trampın Ukrayna ritorikası niyə dəyişdi? - Pərdəarxası razılaşma
Bizi izləyin

Nida Təhlil

Trampın Ukrayna ritorikası niyə dəyişdi? - Pərdəarxası razılaşma

Trampın Ukrayna müharibəsi ilə bağlı dəyişən ritorikası açıq suallar yaratdı: Nə baş verir, Vaşinqtonun əsl hədəfi nə ola bilər?

Daha öncə Ukraynanın ərazi güzəştinin qaçılmaz olduğunu deyən Tramp Nyu-Yorkda Zelenski ilə görüşdən sonra bəyan etdi ki, Kiyev müharibədə qalib gəlməyə və ərazilərini geri qaytarmağa qadirdir.

“Ukrayna Avropa İttifaqının dəstəyi ilə ilkin sərhədləri daxilində döyüşmək və bütün ərazilərini geri almaq iqtidarındadır. Zaman keçdikcə Ukraynanın Avropanın, xüsusilə də NATO-nun maliyyə dəstəyi ilə müharibənin başladığı ilkin sərhədləri bərpa etməsi real variantdır” deyən Tramp Rusiyanı “kağız pələng”ə bənzədib, Zelenskinin cəsarətinə heyran olduğunu bildirib.

İlk baxışdan, Trampın dəyişən ritorikasının Rusiyanın Ukraynada işğal siyasətindən əl çəkməməsi, Putinin razılaşma üçün ağır şərtlər irəli sürməsindən qaynaqlandığı görünür. Ki, mövcud vəziyyət bundan ibarətdir. ABŞ mediası da yazır ki, Trampın mövqeyinin dəyişməsində müşavirlərinin fikirləri və Zelenskinin geri çəkilməməsi müstəsna rol oynayıb. ABŞ-da dəyişən ritorikanın praktiki müstəvidə nəticə verəcəyi gözləntisi, həmçinin, bu mövqeyin nə qədər davamlı olacağı isə sual altında qalmaqda davam edir.

Hərçənd, Trampın açıqlaması ABŞ-ın gerçək hədəfinə dair müəyyən təxminləri önə çıxarır, xüsusilə “Ukraynanın Avropa və NATO-nun maliyyə dəstəyi ilə müharibədə qalib gəlməsi” haqda dedikləri kontekstində.

Ukrayna məsələsini qısa müddətdə həll etməyə çalışan ABŞ prezidentinin Aİ və NATO-nu Kiyevi dəstəkləməyə, müharibəni davam etdirməyə sövq etməsi, hətta “Avropa hava məkanını pozan Rusiya təyyarələrinin NATO tərəfindən vurulması” çağırışı diqqətçəkəndir. O da diqqətdən yayınmır ki, ABŞ prosesə müdaxilə etməyəcək, əvəzində Trampın da dediyi kimi, Ukraynaya verməsi üçün Şimal Alyansına silah tədarükünü davam etdirəcək.

ABŞ-ın burada fərqli oyun qaydalarını tətbiq etdiyi və üç hədəfə nail olmaq istədiyi istisna edilməməlidir.

Birincisi, silah satışıdır: Ukraynaya silah yardımını dayandıran Vaşinqton ABŞ silahlarını Kiyevə verməsi üçün NATO-ya satır və silah sənayesini varlandırır. NATO avqust ayında Ukraynaya vermək üçün ABŞ-dan 2 milyard dollarlıq silah alıb.

İkincisi, ABŞ kənara çəkilərək, Ukraynanın dəstəklənməsini Avropa İttifaqının üzərinə qoyur. Bununla Vaşinqtonun Kiyevə dəstək verməməsi, Moskva ilə anlaşması ittihamlarından da yayınır.

Üçüncüsü, Trampın ritorikasının dəyişməsində Rusiyaya təzyiq məqsədi var.

Lakin baş verənlərdə ABŞ və Rusiyanın pərdəarxası razılaşması ehtimalı da mümkün variant kimi nəzərdən keçirilə bilər. Hadisələrin bu istiqamətdə inkişafının Tramp və Putinin Alyaska görüşündən sonraya təsadüf etməsi də diqqəti bu ehtimala yönəldir.

ABŞ nə istəyir, Rusiya nə edir?

Trampın Ukrayna müharibəsini bitirməsi “sülhün əldə” edilməsindən daha çox, geosiyasi planlara – Çinlə mübarizədə Rusiya ilə anlaşmağa, Avrasiyada ABŞ-ın mövqelərinə yarana biləcək riskləri aradan qaldırmağa hesablanıb. Bunun üçün öncə Ukrayna məsələsi həll edilməlidir. Lakin Ağ Evə gəlişindən sonra Trampın müharibənin Rusiyanın şərtləri çərçivəsində həll edilməsi planları Avropanın dəstəyi ilə Kiyev tərəfindən qəbul edilmir. İstisna deyil ki, Tramp administrasiyası kənara çəkilərək, Avropanı/NATO-nu Rusiya ilə üz-üzə qoyur: məqsəd müharibə arealının yayılması və təhlükəsizlik riskləri ilə üzləşən Avropanın sonda Vaşinqtonun Ukrayna planı ilə razılaşmaya məcbur etməkdir. ABŞ Avropaya “bizim həll planımızla razılaşmırsınızsa, o zaman, döyüşün”, - deyə mesaj verir.

Bunun fonunda Rusiyanın NATO-nun nəzarət zonasına müdaxiləsi də eyni planın tərkib hissəsi kimi görünür.

- Avropanın dəstək gözlədiyi ABŞ geri çəkilərək, NATO-dakı müttəfiqlərini ön cəbhəyə sürükləyir;
- Rusiya dron hücumları ilə Avropanın təhlükəsizliyini təhdid edərək, müharibənin yayılması şantajına əl atır.

Avropa seçim qarşısındadır: Ya Rusiyanın hücumlarına ABŞ-ın dəstəyi olmadan cavab verməli və aktiv şəkildə müharibəyə qoşulmalı, ya da Kiyevə dəstəyi dayandırmalı, Ukrayna planını qəbul etməlidir.

Trampın Ukrayna ilə bağlı dəyişən ritorikasına bu kontekstdən də baxa bilərik.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm