Nida Təhlil
Prezidentin Avropa triumfu və Azərbaycanın qlobal nüfuzu - TƏHLİL

Prezident İlham Əliyevin Danimarkaya səfəri - Avropa Siyasi Birliyinin 7-ci zirvəsində iştirakı Azərbaycanın qlobal nüfuzunu əks etdirən müxtəlif komponentlərlə müşahidə edildi.
Azərbaycan-Avropa İttifaqı münasibətləri
Azərbaycan Avropada etibarlı tərəfdaş imicinə sahibdir, xüsusilə “Köhnə Qitə”nin enerji təhlükəsizliyində rəsmi Bakının oynadığı rol böyük əhəmiyyət daşıyır. Burada etibarlı tərəfdaş ifadəsi təkcə Avropa bazarına çıxan enerji resurslarımıza görə deyilmir, Azərbaycan bütün şərtlərdə bu siyasətindən bir addım da geri çəkilməyib.
- Avropa bazarında rəqabət uğrunda mübarizə aparan ölkələrin – böyük güclərin təzyiqləri qarşısında duruş gətirib;
- Avropa strukturlarında, hətta elitasında müxtəlif maraq qruplarının – lobbilərin Azərbaycana qarşı haqsız mövqeyinə rəğmən, etibarlı tərədaş kimi çıxış edib.
Azərbaycanın yerinə başqa bir ölkə olsaydı, böyük ehtimalla, üzləşdiyi ədalətsiz münasibətə görə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni dayandırardı. Məhz buna görə Azərbaycan sözün həqiqi mənasında etibarlı ölkədir. Halbuki, ölkəmiz Avropa İttifaqı (Aİ) tərəfindən kifayət qədər ədalətsiz münasibətlə üzləşib.
- Qarabağın işğalı dövründə erməni diasporu/lobbisinin təsiri ilə Azərbaycana qarşı ədalətsiz qərarlar/qətnamələr qəbul olunub;
- 44 günlük müharibədə analoji münasibətlə üzləşmişik;
- Müharibədən sonra – sülh prosesinin inşa edilməsi dövründə də Avropanın siyasi elitasında müxtəlif maraq qruplarının mövqeyindən çıxış edənlər kifayət qədər idi.
Bu yanlış siyasət Aİ-nin əvvəlki rəhbərliyi dövründə Azərbaycanla münasibətlərdə problemlər yaratmışdı. Lakin bu ilin əvvəlindən etibarən Bakı-Brüssel xəttində münasibətlərin normallaşması prosesi başlandı. Artıq münasibətlərdə yeni dövrə qədəm qoyulduğunu demək mümkündür.
Bu, bir sıra amillərdən qaynaqlanır.
1. Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının müdafiəsində qətiyyətli mövqeyindən bir addım da geri çəkilmədi;
2. Avropa strukturlarına və siyasi elitasına sızan maraq qruplarının anti-Azərbaycan siyasəti iflasa uğradı;
3. Avropa İttifaqının yeni administrasiyası sələflərinin yanlış siyasətindən əl çəkdi: “Köhnə Qitə”də anladılar ki, Cənubi Qafqazda mövcudluğun yeganə yolu regionun lideri olan Azərbaycanla münasibətlərdən keçir və rəsmi Bakıya qarşı yanlış siyasət etibarlı tərəfdaşın itirilməsi ilə nəticələnə bilər.
Bu baxımdan, Prezident İlham Əliyevin Kopengahen səfəri Aİ-Azərbaycan münasibətlərinin daha da güclənməsi kontekstində dəyərləndirilə bilər. Azərbaycan liderinin Avropa Siyasi Birliyinin 7-ci toplantısına Danimarkanın Baş naziri Mette Frederiksen və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştan tərəfindən xüsusi dəvət edilməsi də rəsmi Brüsselin Bakı ilə münasibətlərə verdiyi önəmdən irəli gəlir.
Azərbaycan və liderinin beynəlxalq nüfuzu
Prezident İlham Əliyev Avropada təkcə Cənubi Qafqazda yox, bütövlükdə qlobal siyasətdə proseslərə təsir imkanı olan lider kimi qarşılandı. Danimarka Kralı X Frederik və Kraliçası Meri Elizabetin adından verilən ziyafətdə və “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimində avropalı liderlərin Əliyevə olan münasibəti – Azərbaycan lideri ilə təmasa can atmaları, rəsmi və qeyri-rəsmi formada edilən söhbətlər – bunun əyani nümunəsi idi. Fransa prezidenti Emmanuel Makron və Albaniyanın baş naziri Edi Ramanın Prezident İlham Əliyevlə səmimi söhbəti bu kontekstdə xüsusilə diqqət çəkirdi.
Prezident İlham Əliyevin Danimarka səfərində əsas diqqətçəkən məqamlardan biri də keçirdiyi ikitərəfli görüşlər oldu. Dövlət başçısı Kopenhagendə Avropa Siyasi Birliyinin toplantısında iştirakla yanaşı, 8 görüş keçirdi: Moldovanın prezidenti Maya Sandu, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Birliyi Şurasının Prezidenti Antonio Koştan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna prezidenti Volodimir Zelenski, Niderlandın baş naziri Dik Sxof və Fransa prezidenti Emmanuel Makron.
Bu görüşlərdə Prezident İlham Əliyevin və Azərbaycanın qlobal nüfuzunu göstərən üç önəmli məqam vardı.
Birincisi, bütün görüşlərin qarşı tərəfin istəyi ilə baş tutmasıdır: müxtəlif beynəlxalq platformalarda iştirak edən Azərbaycan liderinin ikitərəfli görüşləri adətən qarşı tərəflərin istəyi ilə keçirilir. Kopenhagendə də analoji hal baş verdi. Bu, Avropada Prezident İlham Əliyevə olan böyük hörmətdən irəli gəlir.
İkincisi, bütün görüşlərdə təkcə ikitərəfli münasibətlər yox, həm də Cənubi Qafqazın gələcəyi Azərbaycan lideri ilə müzakirə edildi: Prezident İlham Əliyevin regionun lideri olaraq tanınır.
Üçüncüsü, Azərbaycan-Ermənistan sülh danışıqlarında əldə olunan nəticələrə görə liderlərin Prezident İlham Əliyevi təbrik etməsidir. Bu, regionda sülh gündəliyinin Azərbaycanın təşəbbüsü ilə formalaşdığı və Azərbaycan liderinin müharibə ilə yanaşı, sülhü qazanan yeganə siyasətçi olduğu faktının qəbul edilməsi deməkdir.
İkitərəfli görüşlər və gündəlik
Əliyev-Sandu görüşü
Prezident İlham Əliyevin moldovalı həmkarı Maya Sandu ilə ikitərəfli münasibətləri, Ermənistanla əldə olunan sülhü və Azərbaycanın Moldovanın enerji ehtiyacının təmin etməsi məsələsini müzakirə etdi. Sandu Əliyevə enerji ehtiyaclarının qarşılanmasında Azərbaycanın verdiyi dəstəyə görə xüsusilə təşəkkür etdi.
Əliyev-Paşinyan görüşü
Prezident İlham Əliyev və erməni baş nazir Nikol Paşinyan ABŞ-da əldə edilən razılaşmaları – TRİPP (Zəngəzur dəhlizi) layihəsinin, ümumilikdə Vaşinqton Bəyannaməsinin icrasını müzakirə etdi, tərəflər etimad quruculuğu tədbirlərinin davam etdirilməsi barədə razılığa gəldilər. Bu, regionda sülh gündəliyinin davam etdirilməsində siyasi iradənin mövcudluğu baxımından əhəmiyyətlidir.
Əliyev və Koşta-Lyayen görüşü
Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə Cənubi Qafqazda sülh, regional bağlantıların inkişafında Aİ-nin maraqları, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində verdiyi töhfə və digər məsələlər müzakirə olundu. Müzakirə edilən məsələlərin detalları Azərbaycanın Avropa üçün önəmini ifadə edir.
Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh gündəliyini irəliyə doğru aparmaq istiqamətindəki səylərindən, ölkəmizin Avropanın enerji təhlükəsizliyində iştirakından – Avropanın 10, Aİ-nin 8 üzv dövləti Azərbaycan qazını alır, həmçinin Orta Dəhlizin inkişafında görülən işlərdən bəhs etdi. Bu, Avropanın siyasi elitasına Azərbaycanın təkcə Cənubi Qafqazda yox, bütövlükdə Avrasiyada açar ölkələrdən olduğu mesajının çatdırılması idi. Antonio Koşta və Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə görüşmək istəyi, qeyd olunan məsələlər və Azərbaycanın önəmi haqda fikirlər Avropa elitasında ölkəmizin strateji əhəmiyyətinin qəbul edildiyi deməkdir.
Əliyev-Meloni görüşü
Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü ikitərəfli münsibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafına həsr olunub. Görüşdə Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyində oynadığı rol xüsusilə vurğulandı. Bu görüş Bakı-Roma xəttində strateji tərəfdaşlığın dayanıqlı inkişafının mənzərəsi hesab oluna bilər.
Əliyev-Zelenski görüşü
Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü bir neçə aspektdən diqqətçəkəndir.
a) İşğala məruz qalmış və öz torpaqlarını azad etməyi bacaran Azərbaycanın işğal müharibəsinə məruz qalan Ukrayna ilə öz təcrübələrini bölüşməsi: Ukraynalı jurnalistlər və siyasətçilər dəfələrlə Prezident İlham Əliyevdən “bizim ölkəmizə hansı tövsiyəni verə bilərsiniz” deyə soruşub və Azərbaycan lideri “mübarizə aparın” deyib. Bu, sıradan deyilmiş bir söz yox, mübarizə aparan və torpaqlarını azad edən bir liderin tövsiyəsidir;
b) Müharibədən sonra sülhü də qazanan liderin diplomatik mübarizəni necə aparmaqla bağlı təcrübələri önəmlidir: Əliyev və Zelenskinin Vaşinqtonda Azərbaycan-Ermənistan razılaşmalarını müzakirə etməsi bu kontekstdə diqqət çəkir;
c) Azərbaycanın Ukraynaya dəstəyi: bura humanitar yardım, ukraynakı uşaqlara göstərilən qayğı, eləcə də enerji sahəsindəki əməkdaşlıq daxildir; Azərbaycan müharibə ilə üzləşən Ukrayna dövlətinə və xalqına hərtərəfli dəstək verir.
Bu görüş həm də Azərbaycanın ədalətin və beynəlxalq hüququn yanında olduğunun nümayişi idi.
Əliyev-Sxof görüşü
Prezident İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşü Cənubi Qafqazda əldə olunan sülhə - Avropa liderlərinin regiondakı vəziyyəti məhz İlham Əliyevlə müzakirə etməsi ölkəmizin nüfuzu və liderliyi kontekstdə təsadüfi deyil, ikitərəfli münasibətlərə həsr olunub. Bu görüşün Azərbaycan-Niderland münasibətləri baxımından iki, qlobal təhlükəsizlik baxımından bir əhəmiyyəti var.
- Niderland şirkətlərinin Azərbaycandakı fəaliyyətindən bəhs olundu: bu o deməkdir ki, ölkəmizə Niderland şirkətlərinin investisiya qoyması arta bilər;
- Azərbaycanla Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi: Azərbaycan Niderlandın timsalında beynəlxalq təşkilatlarda yeni tərəfdaş qazanır;
Qlobal təhlükəsizliyə gəlincə, beynəlxalq iqlim dəyişikliyi həm Bakının, həm Amsterdamın gündəmindədir. Azərbaycan COP29 tədbiri ilə qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə mühüm töhfə verdi. Bu istiqamətdə Niderlandla əməkdaşlığın müsbət perspektivləri görünür.
Əliyev-Makron görüşü
Prezident İlham Əliyevin Fransa prezidenti Emmanuel Makronla görüşü Kopenhagen təmaslarında xüsusilə diqqət çəkir. Çünki Makronun yalnış siyasəti nəticəsində Fransa-Azərbaycan münasibətlərində çatlar yaranmışdı. İndi Makronun Kopenhagendə Əliyevə xüsusi diqqət yetirməsi, onunla görüşə can atması təsadüfi deyil.
Birincisi, Fransanın Ermənistanın müdafiəsi məqsədilə Azərbaycana qarşı təzyiq siyasəti – bu, 44 günlük müharibə dövründə və sonrasında açıq müstəvidə davam edirdi – nəticə vermədi;
İkincisi, Prezident İlham Əliyev milli maraqlar məsələsində geri addım atmayacağını nümayiş etdirdi;
Üçüncüsü, Fransa, birbaşa Makron Azərbaycana toqquşmanın əksinə, Əliyevin əlini sıxmağın xeyir gətirəcəyini anladı.
Təsadüfi deyil ki, Fransanın yanlış siyasətindən sonra Bakı Parisin Cənubi Qafqaza girişini faktiki olaraq bağladı, buna paralel olaraq, Afrikada fransız müstəmləkəsindən əziyyət çəkən ölkələrin ümid yerinə çevrildi. Yelisey sarayı Bakı ilə mübarizədə faktiki geri çəkildi. Makronun Prezident İlham Əliyevlə görüşə can atması da bunu isbat edir.
Prezident İlham Əliyevin Danimarka səfəri, Avropa Siyasi Birliyinin 7-ci zirvəsində iştirakı və Kopenhagendə keçirdiyi görüşlər Azərbaycanın Avropa siyasətini fəth etməsi hesab oluna bilər.
Asif Nərimanlı
-
İdman16:58
Parisdə bətnində, Xankəndidə yanında: Bütün dünyanın danışdığı Yaylagül yenə gündəmdə - FOTOLAR
-
Sosial15:22
Azərbaycanda görünməmiş hadisə: Xanım sevgilisinə evlilik təklif etdi - VİDEO
-
Hadisə13:54
Məmurun evindən 340 min manat oğurlandı - Oğlunun sevgilisi həbs edildi
-
Dünya12:54
Naxçıvandan qayıdan İlbər Ortaylının halı pisləşdi: Xəstəxanaya yerləşdirildi - FOTO
-
İdman12:24
Türkiyə futbolunun əfsanəsi: Qurban olum Qurban hocaya - VİDEO
-
MDB12:06
İbrahim Süleymanov Rusiyada həbs edildi: Sirli milyarder nədə ittiham olunur?
-
Dünya11:12
Trampın qorxusu: 2026-cı ildə sağ qalmaq istəyirəm
-
ABŞ10:48
O bacılar 36 ildən sonra tapıldılar: Böyük səs-küy yaradan hadisə - FOTOLAR