Əliyevlə Putinin Düşənbə görüşündəki şifrələr: Təyyarə böhranı həll edilir
Bizi izləyin

Nida Təhlil

Əliyevlə Putinin Düşənbə görüşündəki şifrələr: Təyyarə böhranı həll edilir

9 oktyabr 2025-ci il – Düşənbə: bu, Azərbaycan-Rusiya xəttində yaranmış problemlərin aradan qalxdığı və əlaqələrin pisləşməsi istiqamətində əlindən gələn hər şeyi edən qüvvələrin məqsədinə çatmadığı təqvim və məkan olaraq tarixə düşdü. Aydın oldu ki, liderlər ikitərəfli əlaqələrin inkişafına sadiqdir və bu istiqamətdə siyasi iradə nümayiş etdirirlər.

Liderlərin bəyanatında Azərbaycan-Rusiya münasibətlərinin mövcud mənzərəsinə dair hər şey olduğu kimi əksini tapdı.

Rusiya prezidenti Vladimir Putinin çıxışında iki məqam xüsusilə diqqət çəkirdi.

Birincisi, Putinin çıxışına təyyarə qəzası ilə başlaması idi. Bu təsdiq etdi ki, Rusiya prezidenti Azərbaycanı narahat edən məsələləri diqqətdə saxlayır, o cümlədən, Bakı üçün həssas məsələni qəbul etməklə münasibətlərin davam etməsində maraqlıdır.

“Görüşümüzə daha həssas mövzu - bizim hava məkanında baş verən aviasiya faciəsi ilə başlamaq istərdim. Artıq həmin vaxt bizim aramızda birinci telefon danışığı əsnasında mən faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istədim, həm də həlak olanların ailələrinə ən səmimi başsağlığı verdim. İstərdim ki, bütün bunları təkrar edim, yenidən söyləyim və qeyd edim, biz sözsüz ki, razılaşdığımız kimi, istintaqa hər cür kömək göstəririk. İstintaq başa çatmaq üzrədir və indi ümumilikdə bu faciənin, bu qəzanın səbəbləri barədə danışmaq olar” deyən Putin bunu bir neçə amillə əlaqələndirib.

Bura AZAL-ın təyyarəsinin hədəf seçilmədiyi, Rusiya hava məkanına müdaxilənin qarşısının alınması üçün istifadə olunan qəlpələrə tuş gəlməsi və digər detallar daxildir. Lakin Rusiya prezidenti əlavə edir ki, “bütün bunlarla yanaşı, fakt faktlığında qalır”. Yəni AZAL-ın təyyarəsinin Rusiya ərazisində vurulduğu, nəticədə onlarla insanın ölümünə səbəb olan aviaqəzanın baş verməsində məsuliyyət daşıdıqlarını etiraf edir.

İkincisi, Putinin Prezident İlham Əliyevlə görüşdən öncə təyyarə qəzası ilə bağlı istintaqda əlavə məlumatları öyrənmək üçün Moskvaya zəng etdiyini bildirməsi onun məsələyə xüsusi diqqət göstərdiyinin təsdiqi idi.

Rusiya prezidenti bildirdi ki, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir – faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil.

“Amma bizim borcumuz, bir daha təkrar edirəm, biz Sizinlə əvvəldən baş verənlərə obyektiv qiymət vermək və əsl səbəbləri üzə çıxarmaq barədə razılaşmışdıq. Ancaq bu, müəyyən vaxt tələb edir. Qəti nöqtəni qoymaq üçün yəqin ki, hələ bir az vaxt tələb olunacaq. Amma ümumilikdə, mən Sizə əsasən elə bu görüşümüz ərəfəsində - dünən, srağagün aldığım məlumatları çatdırdım. Hətta düzünü desək, bu gün gecə Moskvaya zəng etdim və əlavə hər hansı detalların olduğunu soruşdum. Demək olar ki, Sizə mənə məlum olanların hamısını danışdım”, - o vurğulayıb.

Bununla Rusiya AZAL-ın təyyarəsinin vurulma səbəbinə görə bütün məsuliyyətini qəbul etdi. Və Azərbaycanın haqlı tələbləri icra ediləcək.

- Putin baş verən faciəyə görə daha öncə də üzr istədiyini xatırlatdı və yenidən başsağlığı verdi;
- Rusiya təyyarəyə görə Azərbaycana təzminat ödəyəcək;
- Baş vermiş hadisəyə görə bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək;

Bu, rəsmi Bakının əvvəldən irəli sürdüyü haqlı tələblər idi. Rusiya tələblərlə bağlı gözləniləndən daha gec cavab verdi. Putin bunu istintaqın gedişi ilə əlaqələndirsə də, prosesin bu istiqamətdə inkişafında və Bakı-Moskva münasibətlərinin gərginləşməsində Rusiyadakı müəyyən qüvvələrin, xüsusilə ermənipərəst dairələrin rolu da aydın görünürdü. Rusiya prezidentinin media önündə verdiyi açıqlamalar Rusiya siyasi elitasının Bakı-Moskva gərginliyində maraqlı olmadığını, bu gərginliyi müəyyən qruplar tərəfindən kəskinləşdirildiyi faktını ortaya çızardı. Təyyarə qəzasını Bakı-Moskva xəttində çatları dərinləşdirmək üçün fürsət kimi görən ermənipərəst dairələr iki istiqamətdə hərəkət edirdi.

1. Rusiyanın informasiya seqmentində Azərbaycana qarşı qərəzli kampaniya aparılırdı: Simonyan, Solovyov, Zatulin və onlara bənzər digərlərinin aktivliyi prosesin arxasında ermənipərəst qüvvəıərin olduğunu təsdiq edir.
2. Rusiyanın müxtəlif qurumlarında yuva salmış ermənipərəst qüvvələr rəsmi Moskvanın Bakı ilə münasibətlərinə mənfi yön verməyə, ikitərəfli əlaqələri “baltalamağa” çalışırdı.

Bu qüvvələr məqsədlərinə nail ola bilmədi. Putinin media qarşısında etdiyi çıxışı Rusiyanın məsuliyyəti qəbul etməsi, o cümlədən, təzminatın ödənilməsi və günahkarların cəzalandırılacağı deməkdir. Ən önəmli məsələlərdən biri Putinin bunu media qarşısında dilə gətirməsi və ictimaiyyətin önündə Əliyevə üzrxahlıq etməsi idi.

Beləliklə, Azərbaycan-Rusiya münasibətlərində müsbətə doğru kəskin dönüş baş verdi.

- İkitərəfli əlaqələlər normal məcraya yönəlir: liderlər bəyanatlarında bunu xüsusilə vurğuladı.
- Təyyarə böhranı tamamilə həll olunur: Putinin verdiyi açıqlamalar – Azərbaycanın tələblərinin qəbul edilməsi buna əminlik yaradır.


Prezident İlham Əliyev də çıxışında təyyarə böhranı ilə bağlı məsələyə xüsusi diqqət ayırdı həhadisənin araşdırılmasına nəzarət etdyi üçün Putinə təşəkkür etdi.

“Bu vəziyyəti nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim”- dövlət başçısı vurğulayıb.

Bütün bunlar göstərir ki, Azərbaycan-Rusiya münasibətlərində həll edilməyən məsələ yoxdur. Son dövrlər ən böyük problem təyyarə böhranı idi. Ki, o da artıq həll olunur. Bakı və Moskva gərginliyi bir kənara qoyaraq, əməkdaşlığı seçdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm