Nida Təhlil
Zəfərin canlı şahidi: "Şuşa döyüşlərində bunu öz gözlərimlə gördüm" - FOTOLAR
Azərbaycan xalqı bu gün tarixi qürur gününü - 8 Noyabr Zəfər Gününü qeyd edir.
Əzəli torpaqlarımızın şəhidlərimizin fədakarlığı, qanı və canı bahasına azad edilməsindən 5 il ötür. Bu gün təkcə qələbənin ildönümü deyil, həm də xalqımızın birliyinin, mübarizliyinin və milli ruhunun təntənəsidir.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində qazanılan möhtəşəm qələbə yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı. Bu zəfər həm də tarixi ədalətin bərpası, milli özünüdərk, xalqın öz gücünə inamının bərpası və kollektiv yaddaşımızda dərin iz buraxmış ağrıların sağalması ilə yadda qaldı.
Azərbaycan can içində bir candır!
Qarabağ əbədi Azərbaycandır!
Bu gün münasibətilə Publika.az-a danışan Vətən müharibəsinin iştirakçısı, baş leytenant Araz Ağayev bildirdi ki, bu zəfər Azərbaycan cəmiyyətində uzun illər yığılıb qalmış məğlubiyyət psixologiyasını kökündən dəyişdi:
“Bu müharibədə əldə etdiyimiz qələbə bizi millət olaraq illərdir içimizdə daşıdığımız kədər və utanc hissindən xilas etdi. Zəfər son yüz ildə formalaşmış “xəyal qırıqlığı psixologiyasını” sındırdı və öz gücümüzə inamı bərpa etdi”.

Gənclər tarix yazdı
“Şuşa döyüşlərində iştirak edən biri kimi, ölkəmizin gələcəyini etibar etdiyi gəncliyin nə qədər etibarlı, mərd və qətiyyətli olduğunu öz gözlərimlə gördüm. 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, bəzi yaşlı nəsillərin “gənclər dəyişib, korlanıb” fikirləri tamamilə yanlışdır. Gənclər sözün əsl mənasında müharibədə tarix yazdılar. Bu, pafos deyil, reallıqdır. Onlar əslində vətənpərvərliklərini, Vətəni gerçəkdən nə qədər sevdiklərini sübut etdilər.
Bu mənada, müharibədə iştirak edən və cəbhə arxasında onlara dəstək olan bütün gənclərlə, bir döyüş iştirakçısı kimi, qürur duyuram. İndi bu xatirələrdən danışmaq ağırdır. Lakin doğrudan da qarşımdakı mənzərə gözləntilərimi aşan, məqsədyönlü, hədəfinə doğru irəliləyən, Vətənə bağlı yeni bir gəncliyi göstərdi və onların vətənpərvərliyini sözdə yox, əməldə gördüm”, - Araz Ağayev qeyd etdi.

Qarabağ dirçəlir
O, diqqətə çatdırdı ki, azad edilən ərazilərdə genişmiqyaslı quruculuq işləri aparılır:
“Ötən il müharibədən sonra ilk dəfə işğaldan azad olunmuş ərazilərdə oldum. Doğrudan da qısa müddətdə baş verən ağlasığmaz bir dəyişikliyə şahidlik etdim. Müharibədə dağılan yerlərə yeni nəfəs gəlib. Genişmiqyaslı quruculuq işləri aparılır, yol infrastrukturu böyük sürətlə bərpa olunur. Qarabağın tarixi ruhu sanki yenidən qayıdıb. Orada artıq bir zəfər ruhu hökm sürür və bu, bizə yalnız qürur hissi verir. Həyat qayıdan o torpaqlara baxdıqca, müharibədə şahid olduğum acılardan qalan yaralar yüngülləşir.

Şəhidlərimizin ruhu sevinir
Hazırda Böyük Qayıdış prosesi davam edir. Əhali tədricən ata yurdlarına qayıdır. Diqqətimi çəkən əsas məqam isə odur ki, insanlar Qarabağın dirçəliş prosesinə dəstək olmağa son dərəcə həvəslidirlər. Bu, onların üzündən oxunur. Onlar yaratmağa, qurmağa, bərpa etməyə çalışırlar. Bir xalq olaraq bu böyük dönüş prosesinin tarixi məsuliyyətini anlayırıq və hər kəs bacardığı qədər bu işə öz töhfəsini verməyə hazırdır. Ən önəmlisi isə bu proses, az da olsa, şəhidlərimizdən qalan yaraları sağaldır. Bəli, bu Böyük Qayıdış prosesi, bu yenidənqurma şəhidlərimizin qanının yerdə qalmadığını sübut edir. Uğrunda minlərlə gəncin şəhid olduğu torpaqlarda bu gün bayrağımız qürurla dalğalanır. İnsanların bugünkü təbəssümü ilə şəhidlərimizin ruhu da sevinir”.

Qeyd edək ki, Araz Ağayev Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Həmçinin Ukrayna Qarapapaq Türkləri Milli Şurası tərəfindən “Şərəf” ordeninə layiq görülüb. Döyüş yolu Füzulidən başlayan və müharibə boyunca bir çox istiqamətlərdə vuruşan Araz Ağayev, Şuşanın azad edilməsinin canlı şahidi olan döyüşçülərdəndir.
Roza Şəfiyeva
-
Qarabağ 11:07Sarkisyan gileyləndi: "Şuşanı hələ noyabrın 5-də itirmişdik və xeyli itki verdik"
-
Cənubi Qafqaz10:49Paşinyandan narazılıq yaradan it paylaşımı: "Əsgərlərimizin yeni dostudur"
-
ABŞ08:45Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı - Heç bir ABŞ rəsmisi iştirak etməyəcək
-
Ekopublika.az07:55Azərbaycanda iki şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin206:46Angelina Colinin Ukraynada saxlanılan sürücüsündən xəbər var
-
ABŞ05:15Pentaqon rəhbərindən MÜHARİBƏ ANONSU: Lazım gələrsə...
-
Magazin204:30Ceyms Bond barədə filmin rejissoru vəfat etdi
-
ABŞ02:44ABŞ Əhməd Əl Şaraaya qarşı sanksiyaları LƏĞV ETDİ






































.jpg)