Nida Təhlil
Ermənilərin “tanklarla Bakıya gəlib, çay içmək” arzusu necə çin oldu?
“Tanklarımız Bakı küçələrində olacaq”, “Bakıda çay içəcəyik” deyirdi ermənilər. Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal edəndən sonra Koçaryan-Sarkisyan cütlüyü “yenilməz erməni ordusu”, “görkəmli erməni sərkərdələri” və bu kimi digər miflər formalaşdırmış, ictimai rəyə “istənilən vaxt tanklarla Bakıya daxil ola, çay içə bilərik” xülyasını sırımışdı. Və bundan hakimiyyətdə qalmaq üçün istifadə edirdilər.
2018-ci ildə Ermənistanda keçmiş “Qarabağ klanı”nın hakimiyyətdən gedişi sülh prosesinə böyük ümidlər yaratsa da, Paşinyanın generalları da “Bakıda çay içmək” iddialarından xilas ola bilmədi. Sülh danışıqlarının tamamilə sıfırlanması cəhdləri, Tovuz döyüşlərinə səbəb olan təxribatlar, “yeni müharibə - yeni ərazilər” tezisi Ermənistanın daha da azğınlaşmasından qaynaqlanırdı.
Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parada çıxışı zamanı bildirib ki, İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşan Ermənistan Azərbaycanı yeni müharibə ilə hədələyirdi.
“Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər”, - dövlət başçısı qeyd edib.

44 günlük Vətən müharibəsi və sonrasında ermənilərin “Tanklarımız Bakı küçələrinə daxil olacaq” və “Bakıda çay içəcəyik” arzuları çin oldu. Bunu Prezidentin də qeyd etdiyi kimi, biz – Azərbaycan dövləti, Azərbaycan Ordusu gerçəkləşdirdi.
Bu necə baş verdi?
Ermənistanın 4 ilə işğal etdiyi torpaqlarımız ordumuz tərəfindən cəmi 44 gün ərzində azad edildi, “yenilməz ordu”larını darmadağın etməyə cəmi 44 gün yetərli oldu. 8 minə yaxın erməni hərbçisi məhv edildi, 10 mindən çox hərbçi yaralandı, on minlərlə hərbçi fərarilik etdi, başda “görkəli erməni sərkərdələri” olmaqla. Döyüş meydanında məlum oldu ki, Koçaryan-Sarkisyan cütlüyünün iddia etdiyi “yenilməz erməni” ordusu fərari dəstədən başqa bir şey deyil. Müharibənin gedişatında Şuşaya gələn Ohanyan və digər “erməni sərkərdələrin” necə qaçdığı döyüşlərin başa çatmasından 5 il keçsə də, hələ də müzakirə olunur.
44 gün ərzində Ermənistanın hərbi texnikası darmadağın edildi.

53 tank əleyhinə vasitə, 4 ədəd “Smerç”, 97 ədəd “Qrad”, 2 ədəd “Uraqan”, 1 “YARS”a, 1 TOS odsaçan, 7 “S-300” zenit-raket komplekslərinin atıcı qurğusu, 1 “S-300” radiolokatoru, 2 “S-300” aşkaretmə stansiyası, 1 “Oborona” radiolokasiya stansiyası, 5 ədəd “TOR” zenit-raket kompleksi, 40 ədəd “Osa” zenit-raket kompleksi, 4 ədəd “KUB” zenit-raket kompleksi, 1 ədəd “KRUQ” zenit-raket kompleksi, 14 zastava, 2 ədəd “S-125” zenit-raket kompleksi, 2 ədəd “Elbrus” əməliyyat-taktiki raket kompleksi, 1 Ballistik raket, 1 “Toçka-U” raket kompleksi, 5 ədəd radioelektron mübarizə vasitəsi, 2 ədəd “R-142” komanda qərargah maşını, 1 “Nebo-M” radiolokasiya stansiyası, 7 ədəd müxtəlif radiolokasiya stansiyası, 4 ədəd, “Reppelent” radio-texniki maneə vasitəsi. Bunlar döyüş meydanında məhv edilən hərbi texnikalardır.
Döyüş zamanı məhv edilən və qənimət götürülən hərbi texikanın da siyahısı uzundur:

- Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika”: 28-i məhv edilib, 5-i qənimət götürülüb;
- Müxtəlif çaplı toplar: 315-i məhv edilib, 37-si hərbi qənimət götürülüb;
- Minaatanlar: 63-ü məhv edilib, 62-si qənimət götürülüb;
- Xüsusi avtomobillər: 10-u məhv edilib, 93-ü qənimət götürülüb;
- Qumbaraatan: 178-i qənimət götürülüb;
- “Şilka” zenit qurğusu: 5 ədəd qənimət götürülüb;
- Atıcı silahlar: 1380 atıcı silah qənimət götürülüb;
- 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb;
- Tank: 287-si məhv edilib, 79-u qənimət götürülüb;
- Piyadaların döyüş maşını: 69-u məhv edilib, 47-si qənimət götürülüb;
- “Su-25” təyyarəsi: 5-i məhv edilib;
- Yük avtomobilləri: 252-si məhv edilib, 270-i hərbi qənimət götürülüb.
Ermənistanın hərbi texnikası hazırda Bakıda yaradılmış Hərbi Qənimətlər Parkında sərgilənir. Azərbaycan ordusu bununla ermənilərin “tanklarımız Bakı küçələrində olacaq” arzusunu reallaşdırdı.

Bundan sonra növbə “Bakıda çay içmək” arzusunda idi. Ermənilər hesab edirdilər ki, müharibədə məğlub olsalar da, Xankəndi, Xocalı və Xocavənd də daxil olmaqla Qarabağın müəyyən ərazisində qala, qondarma “dövlət” oyunlarını davam etdirə biləcəklər. Lakin 44 günlük müharibədən cəmi 3 il sonra – 2023-cü ilin 20 sentyabrında Qarabağda qalan separatçı rejim məhv edildi. Müharibə cinayətlərində ittiham olunan Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan və digərləri isə Bakıya gətirilərək, məhkəmə qarşısına çıxarıldı. Bununla:
- Azərbaycanın ərazi bütövlüyündən sonra suverenliyi də tam bərpa olundu;
- Qarabağda bir əsrə yaxındır mövcud olan separatizm yuvası darmadağın edildi;
- Azərbaycan torpaqlarında ikinci “erməni dövləti” planı da daxil olmaqla qondarma “böyük ermənistan” xülyası tarixin zibilliyinə atıldı.

Ermənilərin bütün iddiaları və planları alt-üst olsa da, “tanklarımız Bakı küçələrində olacaq” arzularından sonra, “Bakıda çay içmək” arzuları da çin oldu, amma Prezident İlham Əliyevin də dediyi kimi, tankları Hərbi Qənimətlər Parkında nümayiş olunur, özləri istintaq təcridxanasında Azərbaycan çayını içirlər.
Asif Nərimanlı
-
Sosial11:55Azərbaycanda məşhur muzey ləğv edildi
-
İdman11:25“Qarabağ”ın rəqibinin prezidenti sükutu pozdu: Baş məşqçi qovulur?
-
Magazin109:30Rəşad Dağlı həbsdən çıxıb? - VİDEO
-
ABŞ08:30Tramp şatdaunun ləğvindən danışdı
-
Dünya07:55Humanitar yardım aparan təyyarə evin həyətinə düşdü: ölənlər var - Video/Yeniləndi
-
Dünya07:35Bu şəhərdəki bütün kişilər "yoxa çıxdı"
-
İdman01:20Mahir Emreli ilin sonuna qədər oynaya bilməyəcək
-
Qoroskop00:35Günün ulduz falı: Maddi qərarlarda ehtiyatlı olun!






































.jpg)
