Kiyev üçün “təslim planı”nın şifrələri - Ukraynada nə baş verir?
Bizi izləyin

Nida Təhlil

Kiyev üçün “təslim planı”nın şifrələri - Ukraynada nə baş verir?

ABŞ və Rusiyanın Ukraynada “sülh adı” ilə hazırladığı 28 bəndlik planda Moskvanın maksimalist tələbləri əks olunur. Planın dəqiq detalları bəlli deyil, lakin mediada yayılan məlumatlarda doğruluq payı çoxdur.

“Röyters”, “FT”, “Axios”, “Telegraph” kimi nüfuzlu nəşrlərin sənədlərlə tanış olan mənbələrə istinadən yaydığı məlumatlar Ukrayna qarşısında irəli sürülən tələblər haqqında təsəvvürlər yaradır:

- Ukrayna Donbasda nəzarət etdiyi ərazilərdən Rusiyanın xeyrinə imtina etməlidir;
- Silahlı Qüvvələrinin sayını yarıya qədər azaltmalı, strateji silahlardan, misal üçün, Moskva və Sankt-Peterburqa çata bilən uzaqmənzilli sistemlərdən imtina etməlidir;
- Rus dilini rəsmi dil elan etməli, Rus Pravoslav Kilsəsinə rəsmi status verilməlidir;
- Xarici qoşunların Ukrayna ərazisinə daxil olmasına icazə verilmir;
- Xarici diplomatların istifadə etdiyi təyyarələrin Ukraynaya uçuşu yasaqlanır.

“Telegraph” yazır ki, Tramp Donbası Rusiyaya “icarəyə” vermək istəyir. Donbas Ukraynanın ərazisi kimi tanınır, lakin reallıqda Moskvanın nəzarətinə keçir və Rusiya öz torpaqlarına çıxışı itirən Kiyevə “torpaq vergisi” ödəyir.

Ukrayna üçün ən vacib məsələ olan “təhlükəsizlik zəmanəti”nin planda yer almaması suallar yaradır. “Xarici qoşunların Ukrayna ərazisinə daxil olmasına icazə verilməməsi” daha öncə gündəmdə olan “Avropa qoşunlarının təmas xəttinə yerləşdirilməsi” məsələsini gündəmdən çıxarır. Hərçənd, Kiyevin ərazi güzəştləri qarşılığında ala biləcəyi ən real “təhlükəsizlik zəmanəti” bundan ibarət idi. Ağ Evin planı fərqlidir:

- Müharibə dayanır və münaqişə dondurulur;
- ABŞ-ın bölgəyə investisiya yatırımı “təhlükəsizlik zəmanəti” rolunu oynayır: Kiyevlə imzalanan “yeraltı sərvətlərlə bağlı saziş”də də analoji yanaşma var idi. İstisna deyil ki, Rusiyaya “icarəyə” verilməsi nəzərdə tutulan Donbasda faydalı qazıntıların istismarında da amerikalı şirkətlər iştirak edəcək; Moskva daha öncə belə bir təkliflə çıxış etmişdi.

Ukraynanın bu planı qəbul etməyəcəyi məlumdur, lakin Kiyevin müqavimət imkanları nə qədərdir?

Cəbhədə vəziyyətin böyük itkilərə baxmayaraq, Rusiyanın xeyrinə olduğu, Ukraynanın isə canlı qüvvə problemləri ilə üzləşdiyi haqda məlumatlar var. Buna baxmayaraq, Kiyevin müqavimətini daha öncə olduğu kimi, bu dəfə də Avropanın mövqeyi müəyyən edəcək.

Və baş verənlərdə ən həlledici məqam da burada önə çıxır: Avropanın prosesə müdaxilə cəhdləri daha zəif müşahidə edilir. Bu fikri gücləndirən iki məqam diqqətçəkəndir.

Birincisi, Zelenskini çətin vəziyyətə salan korrupsiya qalmaqalıdır: Ukraynada daha öncə də belə qalmaqallar baş verib, lakin indi – ölkənin güzəştlərə məcbur edildiyi plan fonunda ortaya çıxmasının konkret hədəfləri görünür. Avropanın Zelenskiyə dəstəyini azaltmaq, dəstəksiz qalan Kiyevi razılaşmaya məcbur etmək.

İkincisi, Zelenski sülh danışıqları üçün Avropaya yox, məhz Türkiyəyə getdi: bu, Kiyevdə Brüsselin prosesə müdaxilə edəcəyi, yaxud etmək istəyəcəyi inamının az olması deməkdir;

Kiyev mümkün “sülh planı” ilə bağlı danışıqlardan maksimum az zərərlə çıxmaq üçün Ankaranın dəstəyinə ümid edir. İstisna deyil ki, mümkün danışıqlar masasında 28 bəndlik plana korektlər ediləcək. Əslində bir sıra bəndlərin - “rus dilinin rəsmi dil elan edilməsi, Rus Pravoslav Kilsəsinə rəsmi status verilməsi”, “xarici diplomatların istifadə etdiyi təyyarələrin Ukraynaya uçuşunun yasaqlanması” və s. - əsas güzəştlərin əldə edilməsi üçün Kiyevin “xeyrinə” imtina edilmək məqsədilə plana daxil edildiyi görünür.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm