“Əli və Nino” Qarabağın işğalını maliyyələşdirən Sorosun kitabını niyə satır?
Bizi izləyin

Nida Təhlil

“Əli və Nino” Qarabağın işğalını maliyyələşdirən Sorosun kitabını niyə satır?

“Əli və Nino” kitab mağazası Corc Sorosun “Açıq Cəmiyyətin Müdafiəsində” (In Defence of Open Society) kitabını satışa çıxarıb, hətta endirim də var. Mağazanın saytında kitabla bağlı qeydlərdə Corc Sorosun xeyriyyəçiliyi, mütərəqqi siyasəti və investisiya uğurlarından bəhs olunur, “demokratiya və insan haqlarını təşviq etmək üçün 14 milyard dollardan çox ianə bağışladığı” vurğulanır, buna görə millətçilər tərəfindən davamılı hücumlara məruz qaldığı deyilir.

Sorosun “mütərəqqi şəxsiyyət” olmadığı və “demokratiya və insan haqlarının müdafiəsinə” ayırdığı milyardlarla dolların əslində ölkələrin daxili işlərinə müdaxilə məqsədi daşıdığı sirr deyil. Onun maliyyə fırıldaqları ilə varlandığı haqda beynəlxalq mediada çoxsaylı faktlar var. Sorosu dünyada məşhurlaşdıran əsas fəaliyyəti isə seçkilərə müdaxilə cəhdləri, “rənqli inqilab”larla milli hökumətlərə qarşı dövlət çevrilişini maliyyələşdirməsi olub. Azərbaycan da onun belə cəhdlərindən yan keçməyib.

Corc Sorosun rəhbərlik etdiyi Açıq Cəmiyyət Fondunun Azərbaycandakı fəaliyyəti ölkənin daxili işlərinə müdaxilədən ibarət idi və dəfələrlə uğursuz “rəngli inqilab” cəhdləri etmişdi. Bu fəaliyyətinə görə Soros Fondunun Azərbaycandakı fəaliyyəti 2011-ci ildə dayandırıldı. Hazırda Soros Fondu Azərbaycanda fəaliyyət göstərməsə də, “Əli və Nino” mağazasının “Açıq Cəmiyyətin Müdafiəsində” kitabını satışa çıxarması Sorosun müdaxilə ideyalarının təbliğinin davam etdirilməsi deməkdir.

“Əli və Nino” mağazası bu addımını bəlkə də “kitab satışı” arqumenti ilə əsaslandıra bilər. Hərçənd, kitab satışı həm də təbliğat deməkdir və sözügedən kitabda “demokratiya və insan haqlarının müdafiəsi” adı altında “rəngli inqilab” cəhdləri təbliğ olunur. Mağaza da faktiki olaraq bu təbliğatın bir parçası kimi çıxış edir.

Məsələni təkcə “kitab satışı” kimi dəyərləndirsək, o zaman, sual yaranır: Qarabağın işğalı və Xocalı soyqırımına rəhbərlik edənlərin kitabları da satılmalıdır? Yaxud Sorosun kitabının satışına göz yumularsa, gələcəkdə Robert Koçaryanın kitabını satışa çıxarmayacaqlarına kim zəmanət verə bilər?!

Sorosun Azərbaycana qarşı törətdiyi əməllər Qarabağ işğalçılarının törətdiklərindən heç də az deyil. Ermənilər Qarabağı işğal ediblərsə, Soros da bu işğalın 30 il davam etməsində müstəsna rol oynayanlardan olub. Qarabağda işğala əsaslanan status-kvonun qorunub saxlanılması məqsədilə Soros və erməni diasporunun birgə fəaliyyətinə dair çoxsaylı faktlar var.

Sorosun maliyyələşdirdiyi media resurslarında, misal üçün, “Eurasianet” saytı, daim Ermənistanın maraqları müdafiə edilib, hətta işğal dövründə Qarabağda fəaliyyət göstərən separatçılara dəstək verilib. Avropa strukturlarında erməni diasporu/lobbisinin Azərbaycanı Qarabağdakı işğalla barışmağa məcbur etmək məqsədilə qəbul edilən qətnamələr və qərarlarda da Soros Fondu aktiv iştirakçılardan idi. Təhlükəsizlik sahəsində kəşfiyyat mənbələrinin məlumatlarının analizi üzrə ixtisaslaşan Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (European Strategic İntelligence and Security Center – ESİSC) 2017-ci ildə apardığı araşdırmada bununla bağlı konkret faktlar yer alır.

Ermənistanın işğal siyasətini maliyyələşdirən Soros Fondu 44 günlük müharibə dövründə və sonrasında da bu fəaliyyətindən imtina etmədi. 2020-ci ildə Ermənistanda fəaliyyət göstərən “Açıq Cəmiyyət Fondu” Qarabağda erməni separatizmini dəstəkləmək məqsədilə 14 layihəyə 333 min dollar qrant ayırıb. Misal üçün, Qarabağdakı ermənilərin “hüquqlarının qorunması” adı altında separatçı rejimin müdafiəsini həyata keçirən “Back to Dizak” təşkilatı Soros Fondundan 25 min dollar alıb. Qarabağda qondarma “parlamentin” “deputatı” olmuş Levon Hayryanın rəhbərlik etdiyi “Hanunu Hadrut” təşkilatı da Soros Fondundan maliyyələşib.

Bütün bunların fonunda sual yaranır: “Əli və Nino” mağazası Azərbaycana qarşı düşmənçilik edən və Qarabağın işğalını maliyyələşdirən Sorosun kitabını hansı məqsədlə satır?!

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm