Mehdiyevlə Kərimlinin gizli ittifaqı ifşa edildi - Azərbaycana qarşı xain plan
Bizi izləyin

Nida Təhlil

Mehdiyevlə Kərimlinin gizli ittifaqı ifşa edildi - Azərbaycana qarşı xain plan

Əli Kərimlinin həbs olunması Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə AXCP/Milli Şuranın arasındakı gizli əlaqələri, ikincilərin birincinin direktivləri ilə hərəkət etməsi faktlarını ön plana çıxardı. AXCP və Milli Şuranın bəzi üzvləri bu əlaqələri inkar edir, Əli Kərimlinin həbsini “siyasi motivlərə” bağlamağa çalışır. Ki, guya AXCP sədri hakimiyyətə qarşı ciddi alternativ güc idi və iqtidar onu sıradan çıxarmaq üçün belə bir addım atıb.

Halbuki, reallıqlar ortadadır:

- Əli Kərimli Azərbaycan siyasi seqmentində heç bir izi qalmamış, bütün “gücü” virtual aləmdəki “trol ordusu”ndan ibarət olan fiqurdan başqa bir şey deyil: sıfır elektorata malik olan AXCP sədrinin nüfuzu hansısa müğənnidən, yaxud bloqerlərdən daha aşağıdır və belə bir fiqurun hakimiyyətə alternativ olması abstraktdır;

- İndiyə qədər Azərbaycanda ən xırda məsələləri belə siyasiləşdirməyə, süni problemlər istehsal edərək, rəsmi Bakıya təzyiq göstərməyə cəhd edən xarici dairələr AXCP sədrinin həbs edilməsi qarşısında susqunluq nümayiş etdirir, hərçənd, çoxdan “siyasi məhbus” nağıllarına start verməli idilər: bu detal təsdiq edir ki, Əli Kərimlinin həbsinin siyasi motivli olmadığı, konkret əməllərdən qaynaqlandığını onu dəstəkləyən və onun üzərindən Azərbaycana təzyiq etməyə çalışan xarici qüvvələr də qəbul edirlər.

AXCP sədrinin evindən aparılan axtarış zamanı “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı və digər sənədlər tapılıb. Onun həbsinin motivləri də bundan ibarətdir. Məlumatlara görə, ilkin istintaqda AXCP üzvləri də Əli Kərimlinin Ramiz Mehdiyevlə əlaqələrini təsdiq ediblər.

Mehdiyev-Kərimli ittifaqının tarixi 2013-cü prezident seçkiləri ərəfəsində peyda olan “Milyarderlər ittifaqı” çərçivəsindən daha öncəyə gedib çıxır. Hələ 90-cı illərin ikinci yarısında Əli Kərimli AXCP-də Əbülfəz Elçibəyin sədr postuna göz dikəndə iqtidarla, konkret olaraq, Ramiz Mehdiyevlə təmaslar yaratmış, onun dəstəyindən yararlanmışdı. 2000-ci illərdə isə bu əlaqələr daha da sıxlaşdı. Məlumatlara görə, Mehdiyevlə Kərimli arasındakı təmasları PA-nın keçmiş şöbə müdiri Əli Həsənov qurub. İlk görüşdən sonra Mehdiyevin təhkim etdiyi bir nümayəndə Əli Kərimli ilə görüşür, PA rəhbərinin təlimatlarını ona çatdırırmış. Mehdiyev həm hakimiyyət daxilində Rusiyaya bağlı “beşinci kalonu” formalaşdırır, həm də müxalifəti nəzarətdə saxlayırdı.

2013-cü il prezident seçkilərindən öncə baş verənlər Mehdiyev-Kərimli ittifaqının gerçək planlarını ortaya çıxardı. Hədəf Rusiyanın dəstəyi ilə Azərbaycanda hakimiyyət çevrilişini etmək və Mehdiyev-Kərimli ittifaqının iqtidarı ələ keçirməsi idi. Milli Şura bu məqsədlə yaradılmışdı.

Azərbaycan üzərində qurulan planın icrası üç qrup tərəfindən koordinasiyalı şəkildə həyata keçirilirdi.

1. Rusiyada azərbaycan əsilli biznesmenlərin yer aldığı “Milyarderlər ittifaqı”.

Azərbaycanda baş nazirin müavini olmuş Abbas Abbasov 2012-ci ildə Moskvada “Milyarderlər İttifaqı” kimi tanınan “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nı yaratdı. Azərbaycanlı biznesmenləri ittifaqa cəlb edən Abbasov Bakıya qarşı ultimatim xarakterli çıxışlar edir, çevriliş planlarını gizlətmirdi.

2. Əli Kərimli başda olmaqla müxalifət nümayəndələrinin yaratdığı Milli Şura.

2013-cü ildə seçkidən öncə yaradılan bu qurum “Demokratik qüvvələrin Milli Şurası” adlandırılırdı və burada “milli” və “demokratik” sözü ictimai rəydə Rusiyaya xidmət etdiklərini gizlətmək məqsədi daşıyırdı. Halbuki, Milli Şuranın “vahid namizədi”nin Rüstəm İbahimbəyov olmasını “Milyarderlər ittifaqı” təlimatlandırmışdı və bunu açıq şəkildə dilə gətirirdilər. Milli Şuranın bəzi üzvləri bu gün belə Rusiyaya xidmət etdiklərini gizlətməyə çalışsa da, faktlar açıq mənbələrdə yer alır. Şuranın iclaslarında dəfələrlə “Rusiya ordusunun Azərbaycana girməyi hesabına olsa belə, bu hakimiyyət getməlidir” tipli çıxışlar edilirdi. Milli Şuranın Rusiya prezidenti Vladimir Putinə yazdığı gizli məktub da həmin vaxt mediada tirajlanmışdı. Məktubda Putini böyük demokrat adlandıran Milli Şura rəhbərliyi hakimiyyətə gəlmək üçün ondan yardım etməsini xahiş edir və yazırdı: “Xahişimizi nəzərə alaraq yardımçı olacağınız təqdirdə, Demokratik Qüvvələrin Milli Şurası olaraq hər cür güzəştə getməyə və istisnasız olaraq bütün məsələlərdə qarşınızda istənilən öhdəliyi götürməyə hazırıq”.

Əli Kərimlinin Rusiyadan maliyyə aldığını isə ona yaxınlığı ilə seçilən Saleh Rüstəmovun etirafları təsdiq edir. Rusiyada yaşayan S.Rüstəmov Federal Təhlükəsizlik Xidmətinin (FSB) AXCP sədrinə göndərdiyi pulu və təlimatları çatdıran əsas şəxs olub.

3. Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyev.

Mehdiyev həmin vaxt “Milyarderlər ittifaqı” və Milli Şuraya qarşı mübarizə apardığını göstərsə də, gizlində prosesi koordinasiya edən əsas şəxs olduğu sirr deyil. Bunu həmin dövrdə açıq mənbələrdə yayılan məlumatlar və Əli Kərimlinin evindən Mehdiyevin məktubu və “Milyarderlər ittifaqı”na dair materialların tapılması da təsdiq edir.

Bu üç qrupun olduğu şəbəkə Azərbaycana qarşı planı icra etməyə çalışırdı. Lakin 2013-cü il seçkilərində Azərbaycan xalqı növbəti dəfə Prezident İlham Əliyevə böyük etimad göstərməklə, xaricdən sifariş edilən planı alt-üst etdi.

Uğursuzluqdan sonra “Milyarderlər ittifaqı” tədricən yoxa çıxsa da, Ramiz Mehdiyevin Milli Şura və Əli Kərimli ilə gizli ittifaqı davam etdi. 2019-cu ilə - Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasına qədər Əli Kərimlinin faktiki rəhbərlik etdiyi Milli Şuranın əsas missiyası PA rəhbərinin təlimatları ilə mitinqlər keçirmək, hakimiyyətə qarşı kampaniya aparmaq olub. Əli Kərimli bununla həm pul qazanır, həm də müxalifətdə aparıcı fiqur olaraq yerini qorumağa çalışırdı, Mehdiyev isə “müxalifətə qarşı mübarizə aparan” əsas şəxs kimi mövqelərini qoruyurdu. 2019-cu ilin 22 oktyabrından – Mehdiyevin vəzifəsindən çıxarılmasından üç gün öncə 19 oktyabrda Milli Şura paytaxtın mərkəzində qanunsuz mitinq keçirməyə cəhd etdi. Məqsəd polis əməkdaşları ilə qarşıdurma yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini Bakıya yönəltməklə Azərbaycan hakimiyyətini təzyiq altına qoymaq və ən əsası “Ramiz Mehdiyev olmasa, hakimiyyəti itirəcəklər” fikrini gücləndirmək idi.

Mehdiyevin gedişindən sonra Əli Kərimli də, idarə etdiyi AXCP və Milli Şura da gündəmdən düşdü. Çünki təlimatlandırıcı şəxs vəzifədən çıxarılmış, missiya uğursuzluqla başa çatmışdı. Lakin Ramiz Mehdiyevin ölkədə dövlət çevrilişi etmək planı ilə bağlı Rusiyaya ünvanladığı məktub onun Əli Kərimli ilə gizli təmaslarının davam etdiyini təsdiq etdi. Mehdiyev məktubunda qeyd edir ki, hakimiyyət dəyişikliyi uğurlu olarsa, keçid hökumətini qurmaq üçün 50 nəfərdən ibarət “Dövlət şurası” yaradılacaq. Həmin 50 nəfərflik siyahıda Əli Kərimlinin də, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin də adı yer alır.

Ramiz Mehdiyevin ifşasından sonra Əli Kərimli də ifşa olundu. Hazırda istintaq davam edir, prosesin yekununda Mehdiyevlə Kərimlinin gizli əlaqələri, eləcə də Azərbaycana qarşı qurulan xain planların hamısı məlum olacaq. Azərbaycan ictimaiyyətinin əsas gözləntisi budur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm