Tehranın təklifində Hörmüz planı: İran, yoxsa ABŞ geri çəkiləcək?
Bizi izləyin

Nida Təhlil

Tehranın təklifində Hörmüz planı: İran, yoxsa ABŞ geri çəkiləcək?

Tehranın təklifində Hörmüz planı: İran, yoxsa ABŞ geri çəkiləcək?

İranın ABŞ-a Pakistan vasitəsilə təkliflər təqdim etdiyi haqda “Axios”un yaydığı məlumat rəsmi şəkildə təsdiq olunmasa da, reallığa yaxındır. Abbas Arakçının İslamabada səfəri buna hesablanmışdı, Tramp da iki gün öncə “yeni təkliflər” aldıqlarını bildirmişdi.

Danışıqların qeyri-müəyyənliyi fonunda davam edən dəniz blokadası İran üçün perspektivləri çətinləşdirir. Mövcud vəziyyətdən çıxış yolu tapmaq və mümkün hərbi ssenarilərdən yayınmaq danışıqlarla bağlı müəyyənlik əldə etməkdən keçir.

Təklif üç konkret bənddən ibarətdir:

- ABŞ dəniz blokadasını aradan qaldırır;

- İran Hörmüz boğazını açır (söhbət keçidə problemlər yaratmaq taktikasından imtina etməkdən gedir);

- Yalnız bundan sonra İranın nüvə proqramı ilə bağlı müəyyən güzəştlərin müzakirəsi başlayır.

Danışıqların, elə müharibənin də əsas nüvəsini təşkil edən nüvə proqramı ilə bağlı bənd İran üçün iki taktiki gedişə hesablanıb:

1. ABŞ-ın mövqeyində loyallığa nail olmaq və danışıqlarda müəyyən inkişaf xətti yaratmaq;

2. Hörmüz boğazı ilə bağlı istəklərinin müəyyən hissəsini qəbul etdirmək.

Lakin buna qədər qət edilməli məsafə var: blokada və Hörmüz üzərində qarşılıqlı razılaşma əldə edilməlidir. Ki, bu, mümkün olacaqmı?

Dəniz blokadası ABŞ, "Hörmüz kartı" İran üçün əsas rıçaq olaraq qalır. Tərəflər çətin seçim qarşısındadırlar: ya qarşılıqlı güzəştə gedilməli, ya da “hansı tərəf sona qədər dözəcək” prinsipi ilə psixoloji və iqtisadi sınaqdan keçməlidir.

İkinci seçim hər iki tərəf üçün məqbul deyil, lakin birinci seçim – qarşılıqlı güzəştin mümkünlüyü sual altındadır. Çünki Hörmüzün açılması məqsədilə dəniz blokadasına başlayan ABŞ boğazın müharibədən öncəki rejimdə işləməsini istəyir. İran isə müharibəni Hörmüz üzərində nəzarət üçün fürsət olaraq gördü və müəyyən suverenlik hüququnun tanınmasına çalışır. Bu yanaşma İran elitasının diplomatik qanadı tərəfindən təhlükə kimi qəbul edilsə də, hazırda qərarları SEPAH verir. İki həftəlik atəşkəsin bitməsinə üç gün qalmış baş verənlər – Arakçının “Hörmüz açıldı” açıqlaması, Tranpın təşəkkürü və “minaları birlikdə təmizləyəcəyik” mesajı, ardınca SEPAH-a yaxın medianın danışıqlar heyətinə hücum etməsi, Qalibaf və digərlərinin oyundan kənarlaşdırılması və s. bunu təsdiq edir.

SEPAH Hörmüz üzərində suverenlik tələbində israrlıdır və əsas “srateji çəkindirmə” kimi gördükləri bu kartı itirmək istəmirlər. Boğazı əvvəlki rejimə qaytarmadan dəniz blokadasından imtina etmək isə ABŞ üçün “geriçəkilmə” deməkdir.

İran “nüvə güzəşti”ni məhz bu kontekstdə istifadə etmək niyyətindədir.

Vəziyyəti mürəkkəbliyi İranın təklifləri ilə başlana biləcək növbəti danışıqlarda “çıxış yolu”nun tapılması perspektivini qeyri-müəyyən edir, lakin masanın yenidən qurulacağı və tərəflərin ən azı “atəşkəsin və müzakirələrin davam etməsi” üzərində razılaşacağı ehtimalı böyükdür. Çünki heç bir tərəf yenidən “tətiyə basmaq” istəmir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm