Okamponun Bakıya qarşı cinayət şəbəkəsi: Süni intellektdən istifadə edirlər - VİDEO
Bizi izləyin

Nida Təhlil

Okamponun Bakıya qarşı cinayət şəbəkəsi: Süni intellektdən istifadə edirlər - VİDEO

Okamponun Bakıya qarşı cinayət şəbəkəsi: Süni intellektdən istifadə edirlər - VİDEO

Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun daha öncə yayılan videogörüntülərində Azərbaycana qarşı iddia və ittihamları erməni diasporu/lobbisinin sifarişi ilə həyata keçirdiyini etiraf edib. Bu fakt məlum idi, xüsusilə Okamponun İkinci Qarabağ müharibəsi və sonrasında erməni maraqları kontekstində həyata keçirdiyi kampaniya bunu aydın şəkildə göstərirdi. Görüntülər isə bu faktların Okamponun özü tərəfindən təsdiq edilməsidir.

Beləliklə, Azərbaycana qarşı hücumların pərdəarxası detallı şəkildə ortaya çıxır.

Birincisi, erməni diasporu/lobbisinin anti-Azərbaycan sifarişlərinin icraçıları arasında Avropa strukturlarındakı bürokratlar da daxil olmaqla geniş şəbəkə yer alır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə keçmiş ali komissarı Cozep Borrell bu prosesdə ən fəal şəxslərdən olub. Okampo etiraf edir ki, Borrel vasitəsilə Avropa Komisiyasının prezidenti Ursula von der Leyenə təzyiq etmək və Brüsselin siyasətini yönləndirmək iqtidarındadır. Yeni plan Avropa Komissiyasını Azərbaycanla müqaviləni ləğv etməyə məcbur etməkdir və bu prosesdə Okampo ABŞ-dakı erməni diasporu ilə işləyəcəyini bildirir.

Əslində bu etiraflar təəccüblü deyil, çünki Azərbaycana qarşı “demokratiya” və “insan haqları” kimi məsələlər üzərindən edilən hücumlarda hər zaman siyasi və lobbi maraqları əsas rol oynayıb. Avropa strukturları tərəfindən qəbul edilən qətnamələr və qərarlar da siyasi sifarişin yerinə yetirilməsi olub. Okamponun etirafları bütün bunları çılpaqlığı ilə ortaya çıxarır və Avropa İttifaqı üçün lobbi qruplarının rəsmi Brüsselin siyasətinə təsirlərini araşdırmaqla bağlı yeni çağırışlar yaradır.

İkincisi, anti-Azərbaycan fəaliyyətlərinin sponsorları arasındakı Rusiyadakı erməni biznesmenlər də yer alır. Okampo etiraf edir ki, Rusiyada olan varlı ermənilər Azərbaycanla bağlı hücumların davam etdirilməsi üçün fond yaradıb və maliyyə axını bu fond tərəfindən təmin ediləcək. O, may ayı üçün müəyyən öhdəliklərinin olduğunu və buna fokuslandıqlarını da deyir.

Bu detal Avropada həyata keçirilən anti-Azərbaycan kampaniyasında Rusiyanın da iştirak etdiyini deməyə əsas verir. Çünki bu ölkədəki varlı ermənilər (milyarderlər) rəsmi dairələrə bağlıdır və onların fəaliyyəti müəyyən qruplar tərəfindən kurasiya edilir. Bununla yanaşı, Okampo və dəstəsinin Ermənistanda keçiriləcək 7 iyun parlament seçkilərində baş nazir Nikol Paşinyanı devirmək planının Rusiyanın maraqları ilə üst-üstə düşməsi də Brüsselin siyasətinə təsir etmək imkanına sahib olan siyasətçilər və bürokratların Moskva ilə eyni oyunun tərkibində yer aldığını təsdiq edir.

Bu şəbəkə cari dövrdə bir-birinə bağlı olan üç istiqamətdə plan qurub.

1. Azərbaycana qarşı “feyk-nyus”lara və qondarma iddialara əsaslanan yeni hücum dalğasına başlamaq;
2. Ermənistandakı seçkilərdə Paşinyanın devrilməsinə və Rusiyanın dəstəklədiyi revanşistlərin hakimiyyətə gəlişinə nail olmaq;
3. Bakı-İrəvan xəttində inşa olunan sülh prosesini pozmaq və Cənubi Qafqazı qeyri-stabillik dövrünə qaytarmaq.

Məlumatlar göstərir ki, planın icrası ilə bağlı artıq fəaliyyətə başlayıblar.

Okampo yayılan yeni görüntülərdə Azərbaycana qarşı dezinformasiya kampaniyasının hansı üsullarla qurulduğunu etiraf edir.

Etirafları təqdim edirik:

Luis Moreno Okampo: “… mənim üçün növbəti addım bunu lazım olan qaydada həyata keçirmək məqsədilə süni intellektdən istifadə edəcək bir platformada necə təşkil edə biləcəyimi görməkdir. Beləliklə, mən San-Paulu Universiteti ilə, fizika fakültəsində süni intellektlə bağlı bir layihə üzərində işləyirəm. Və indi mən İspaniyada bu cür şirkətlərlə əlaqəsi olan bəzi dostlarımla vaxt keçirdim. Biz Ermənistan layihəsinin süni intellektdən istifadə edən bir şirkətin pilot layihəsini müzakirə edirdik”.

Luis Moreno Okampo: “Əgər biz bu barədə danışacağıqsa… bu, tamamilə başqa bir şeydir. Sizi qorxutmaq istəmirəm, amma mən çox işlə məşğul oluram. Mən həm də Braziliyada San-Paulu Universitetinin professoruyam. Bir fiziklə işləyirəm, […] fizika sahəsində. Biz qlobal nizamı və qlobal nizamsızlığı modelləşdirmək və təşkil etməyə çalışmaq üçün əsasən müasir fizikadan… və süni intellektdən istifadə edirik. Beləliklə, Braziliya bunu maliyyələşdirir. Bunun üzərində işləyən superkompüterlərimiz var. Əvvəlcə yaxşıca fokuslandıq, başlanğıcda dedik ki, “gəlin ümumilikdə qlobal nizam üzərində işləyək”. Sonra dedik, “xeyr, bu çox mürəkkəbdir, gəlin soyqırımı ilə məşğul olaq”. Və sonra dedik, “gəlin Dağlıq Qarabağla məşğul olaq”, çünki məndə çoxlu məlumat var. Biz Dağlıq Qarabağ üzərində işləyirik. İndi mən bunu akademik bir məhsul kimi görürəm, bu akademik bir layihədir və bundan maksimum yararlanmalıyam. Beləliklə, mən sərhədləri aşan, burada istehsal etdiyimiz məlumatı siyasətçilərə, qərar qəbul edənlərə çatan bir formaya çevirən şirkət qurmağa çalışıram. Daha çox üzdə olmaq üçün o, əsas mediaya, sosial mediaya çatmalıdır. O, həmçinin digər akademiklərə də çatmalıdır ki, möhkəm, əsaslı olsun”.



Həmsöhbət: “Amma siz süni intellektdən istifadə edən bir proqram hazırlayırsınız?”

Luis Moreno Okampo: “Bəli, bəli”.

Həmsöhbət: “Çünki qərar qəbul edənlərə məsləhət vermək üçün proqramlar, bir araya gələn beyin mərkəzləri var. Bunlar uzun müddətdir ki mövcuddur”.

Luis Moreno Okampo: “Bəli, bəli”.

(Görüntülər “Minval Politika”ya məxsusdur)

Burada aydın olur ki, Okampo və dəstəsi artıq fəaliyyətini süni intelekt və superkompüterlərdən istifadə mərhələsinə daşıyır. O, “qlobal nizam”ın, yaxud “qlobal nizamsızlığın” formalaşması hədəflərindən bəhs etsə də, əsas fəaliyyəti Qarabağ üzərində fokuslayıb. Səbəb aydındır: Okampo və dəstəsini maliyyəlşdirən həm Qərb ölkələri, həm Rusiyadakı ermənilərin sifarişi belədir. Okampo da sifarişə əsasən bu istiqaməti prioritet elan edib.

Okamponun məqsədi dezinformasiya hücumlarını təşkil etmək və maraqlı qrupların istəyinə əsasən qərar qəbul edən mərkəzlərə təsir etmək üçün transmilli şirkət qurmaqdır. Bəllidir ki, onun bu layihəsində avropalı siyasətçilər də daxil olmaqla anti-Azərbaycan şəbəkəsinin fəalları yer alacaq. Ermənilərin sifarişi ilə “Qarabağ” üzərində fokuslanması və Azərbaycanı “daimi hədəf” olaraq seçməsi də bunu deməyə əsas verir.

Əslində Okampo və dəstəsinin fəaliyyəti transmilli cinayətkarlıqdır, çünki məsələ təkcə hansısa qruplara lobbiçilik etmək deyil, hibrid müharibə üsulları ilə dövlətlərə təzyiq etmək, bu məqsədlə beynəlxalq şəbəkə formalaşdırmaqdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm