Naxçıvan blokadadan çıxır: Zəngəzur dəhlizi ilə bağlı böyük dəyişiklik
Bizi izləyin

Nida Təhlil

Naxçıvan blokadadan çıxır: Zəngəzur dəhlizi ilə bağlı böyük dəyişiklik

Naxçıvan blokadadan çıxır: Zəngəzur dəhlizi ilə bağlı böyük dəyişiklik

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvana səfər edib. Səfər çərçivəsində bir sıra mühüm dövlət və sosial obyektlərinin açılışı olub, yeni layihələrin təməli qoyulub. Prezident İlham Əliyev Naxçıvanda görülən işlərlə tanış olub, həyata keçirilən layihələrin gedişi ilə maraqlanıb. Dövlət başçısı səfər zamanı Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı mühüm mesajlar verib. İlham Əliyev həmçinin Azərbaycan Televiziyasına müsahibə verərək Naxçıvanın gələcək inkişaf perspektivləri, bölgədə həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə danışıb.

Səfər zamanı Naxçıvanın sosial-iqtisadi inkişafının dəstəklənməsi ilə bağlı yeni Sərəncamın imzalanması da diqqət çəkib. Naxçıvanda sahibkarlığın və istehsalın inkişafı üçün tətbiq olunan vergi güzəştləri, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi muxtar respublikanın iqtisadi potensialının artırılması baxımından mühüm addımlar hesab olunur. Zəngəzur dəhlizi və TRIP layihəsi ilə bağlı aparılan işlər isə Naxçıvanın gələcəkdə mühüm regional nəqliyyat və iqtisadi qovşaqlardan birinə çevrilməsi perspektivini gücləndirir.

Millət vəkili Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirdi ki, 2026-cı ilin əvvəlindən etibarən Naxçıvanda genişmiqyaslı vergi güzəştləri paketinin tətbiqini müşahidə edirik:

“Bu, istehsalla məşğul olan bütün sahibkarları əhatə edir. Yəni bir tərəfdən vergi güzəştləri tətbiq olunur. Növbəti on il müddətində bu davam etdiriləcək. Digər tərəfdən, həm kadr, həm də eyni zamanda islahatlar davam etdirilir. Bütün bunlar, təbii ki, Naxçıvanda sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradır”.

Deputat vurğuladı ki, Prezidentin son Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasına 258 milyon manat vəsait ayrılıb. Onun sözlərinə görə, bu, uzun müddət blokadada olan Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yaxından dəstəklənməsi ilə bağlı dövlət siyasətinin genişlənməsi deməkdir:

"Regionda baş verən proseslər və Zəngəzur dəhlizinin, eləcə də TRIP-in istifadəyə verilməsi ilə bağlı intensiv aparılan işlər Naxçıvanın gələcək perspektivlərini əhəmiyyətli dərəcədə dəyişəcək. Region blokadadan böyük iqtisadi qovşağa daxil olacaq”.

Deputatın fikrincə, bu proses Naxçıvanın yalnız Azərbaycanda deyil, bütün Cənubi Qafqazda mövqeyinin daha da güclənməsinə səbəb olacaq və sözsüz ki, bu da Naxçıvan üçün yeni imkanlar yaradır.

O bildirdi ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və muxtar respublikanın iqtisadiyyatının inkişafı bütün ölkə iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır:

“Naxçıvan iqtisadiyyatının inkişafı, nəqliyyat-logistika sahəsində görülən işlər, sənaye parkının yaradılması və sahibkarların dəstəklənməsi göstərir ki, qarşıdakı dövrdə Naxçıvan iqtisadiyyatının daha da inkişafı ölkə iqtisadiyyatına da birbaşa təsir göstərəcək. Bu proses Azərbaycanın qeyri-neft-qaz məhsullarının ixracının artmasına da töhfə verəcək”.

Deputat vurğuladı ki, Zəngəzur dəhlizinin, eləcə də TRIP-in istifadəyə verilməsi Naxçıvanın nəinki Azərbaycanda, bütün Cənubi Qafqazda mövqeyini daha da gücləndirəcək. O, Naxçıvanla İran arasında ikinci dəmir yolu xəttinin çəkilməsinin də mühüm əhəmiyyət daşıdığını bildirdi.

Onun sözlərinə görə, bu layihə nəqliyyat qovşaqlarının genişlənməsinə və bütövlükdə bu istiqamətdə beynəlxalq yükdaşımaların artmasına gətirib çıxaracaq. Deputat qeyd etdi ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru nəqliyyatının bərpası anlamına gəlmir, çünki bu, bütövlükdə daha geniş coğrafiyada, o cümlədən qonşu ölkələrin bu nəqliyyat qovşağının istifadəsi deməkdir.

Vüqar Bayramovun sözlərinə görə, ikinci dəmir yolu xəttinin çəkilməsi Naxçıvan üçün həm idxal, həm də ixrac baxımından yeni imkanlar yaradacaq. Bu layihə eyni zamanda Zəngəzur dəhlizi vasitəsilə daşınan yüklərin həcminə birbaşa təsir göstərəcək:

“Çünki ilkin qiymətləndirmələr göstərir ki, növbəti illərdə Asiya ilə Avropa arasında yükdaşımaların həcmi 200 milyard dollar artacaq və bu da məbləğ olaraq, dəyər olaraq, təbii ki, Şərq və Qərb arasında daha çox yüklərin daşınması anlamına gəlir. Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiyası, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əlaqələndirilməsi, eləcə də ikinci dəmir yolu xəttinin çəkilməsi region üzərindən daha çox yükün daşınmasına imkan verəcək. Və Zəngəzur dəhlizinin də Orta Dəhlizə inteqrasiyası, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əlaqələndirilməsi ikinci dəmir yolu xəttinin çəkilməsi fonunda region üzərindən daha çox yüklərin daşınmasına imkan verəcək”.

Deputat sonda qeyd etdi ki, bütün bunlar region üçün yeni imkanlarla yanaşı, həm də əməkdaşlıq platforması formalaşdıracaq: “Təbii ki, bu, region üçün həm də yeni imkan, həm də əməkdaşlıq platformasıdır”.

Müəllif: Adəm Abbalı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm