Naxçıvanla bağlı böyük plan AÇIQLANDI: Yeni dönəmin əsası qoyuldu
Bizi izləyin

Nida Təhlil

Naxçıvanla bağlı böyük plan AÇIQLANDI: Yeni dönəmin əsası qoyuldu

Naxçıvanla bağlı böyük plan AÇIQLANDI: Yeni dönəmin əsası qoyuldu

Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Azərbaycan Televiziyasına geniş müsahibə verib. Dövlət başçısı müsahibəsində Naxçıvanın inkişafı, sənaye və enerji məsələləri, təhlükəsizliyin təmin olunması, nəqliyyat imkanları və turizm potensialı ilə bağlı mühüm məsələlərə toxunub. Prezident Naxçıvanın gələcəkdə mühüm nəqliyyat qovşağına çevrilə biləcəyini, həmçinin İran istiqamətində dəmir yolu bağlantısının yaradılması və bu xəttin gələcəkdə Pakistana qədər uzadılması perspektivlərini qeyd edib. Dövlət başçısı, həmçinin Naxçıvanın enerji təhlükəsizliyi və turizm imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərə də diqqət çəkib.

Publika.az mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədovun fikirlərini öyrənib.

O bildirdi ki, Prezident İlham Əliyevin Naxçıvana budəfəki səfəri xüsusi önəm daşıyır. Ceyhun Məmmədovun sözlərinə görə, dövlət başçısının Naxçıvana 17-ci səfəri bölgənin inkişafında yeni mərhələnin başlanğıcını qoyub.

Millət vəkili qeyd etdi ki, Prezident Naxçıvanın inkişafı, sənayesi və enerji məsələləri ilə bağlı vacib məsələlərə toxunub: "Dövlət başçısı Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımların atıldığını və vacib tədbirlərin həyata keçirildiyini vurğulayıb".

Deputat bildirdi ki, təhlükəsizlik məsələləri arasında hərbi, milli və enerji təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Prezidentin rəhbərliyi ilə mühüm tədbirlər həyata keçirilib.

Ceyhun Məmmədov Naxçıvanın gələcək perspektivlərindən də danışdı. O qeyd etdi ki, bölgə gələcəkdə mühüm nəqliyyat qovşağına çevrilə bilər. Deputat hesab edir ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantısında Naxçıvanın mühüm rolu ola bilər.

Millət vəkili vurğuladı ki, Prezident İlham Əliyev müsahibəsində gələcəkdə Naxçıvandan İrana dəmir yolunun çəkilməsi, hətta bu xəttin Pakistana qədər uzadılması perspektivinə də toxunub. Onun sözlərinə görə, bu istiqamətdə artıq müvafiq tapşırıqlar verilib və addımlar atılır:

"Prezidentin siyasəti, atdığı addımlar və həyata keçirdiyi işlər Naxçıvanın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bölgənin inkişafı üçün mühüm layihələr həyata keçirilir və qarşıdakı dövrdə də bu istiqamətdə zəruri addımlar atılacaq".

Millət vəkili bildirdi ki, son günlərdə Prezident tərəfindən Naxçıvanla bağlı vəsait ayrılması ilə əlaqədar sərəncam da imzalanıb.

Ceyhun Məmmədov, həmçinin Naxçıvanın turizm potensialına diqqət çəkdi: "Prezident İlham Əliyev bölgənin böyük turizm imkanlarına malik olduğunu xüsusi vurğulayıb. Bu potensialdan düzgün istiqamətdə istifadə olunması üçün artıq müəyyən addımlar atılıb. Yeni otellərin tikilməsi, infrastrukturun yaradılması, yolların çəkilməsi, avtobusların alınması və yeni yolların salınması ilə bağlı işlər Naxçıvanın inkişafına xidmət edir".

Deputatın fikrincə, həyata keçirilən layihələr yaxın perspektivdə Naxçıvanın daha da inkişaf etməsinə və Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsinə ciddi töhfə verəcək: “Bütün bu layihələr tezliklə Naxçıvanın inkişafına, daha da irəli getməsinə, Azərbaycanın ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsinə mühüm töhfələr verəcək”.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm